BolgeXeber.Com » Bölgə » Quba hadisələrinin əsl təşkilatçıları niyə həbs olunmadı?

Quba hadisələrinin əsl təşkilatçıları niyə həbs olunmadı?

30-08-2012, 00:00
Oxunub: 4 387
"Quba üsyanı”na görə həbs olunanların məhkəmə prosesi ciddi açıqlamaların ola biləcəyindən xəbər verir. Qanun pozuntusu və ya cinayət tərkibinin həddi barədə qərarı məhkəmə verəcək. Biz sadəcə siyasi qiymət verməyə çalışacağıq. Lakin emosiyalardan uzaqlaşıb, baş verənləri soyuqqanlı təhlil etmək lazım gəlir. Öncə onu qeyd edək ki, Qubada baş verənlər istər idarəetmənin, istər siyasi müstəvinin, istərsə də siyasi təhlil mərkəzlərinin bütün qüsurlarını daha qabarıq şəkildə üzə çıxardı. Əgər iqtidar ideoloqları hadisələrin arxasınca sürünmək və gözlərini döymək, məmurlar jurnalistlərdən qaçmaqla başlarını dolandırdılarsa, bəzi müstəqil təhlilçilər, həmişə olduğu kimi, bu dəfə də eyforyiyaya düşərək, “Bu artıq iqtidarın sonudur. Proseslər digər rayonlara yayılacaq və idarə olunmaz həddə çatacaq”, - sevincini yaşadılar. Heç vaxt proqnozları doğrulmayan, lakin yenə də boş qalan “siyasi müstəvidə at oynadan” politoloqların (bu yerdə Miminonun - “mən təyyarəçiyəm, bəzən isə endokrinoloq oluram” deməsini xatırlamamaq olmur) öncəgörmələri məşhur lətifəni yada salırdı.

“Qubada baş verənlərin arxasında kim dururdu” sualına hələ birmənalı cavab vermək mümkün deyil. Bunu “təbii xalq etirazları” adlandıranlar siyasət barədə, yumşaq desək, səthi düşünənlərdi. Prosesi icra başçısının çıxışından alovlanan “qəzəb dalğası” kimi də xarakterizə etmək mümkün deyil. Azərbaycanda vətəndaşlar icra hakimiyyəti başçıları tərəfindən Rauf Həbibovdan daha artıq təhqir edildiklərindən, bu söyüşlərə vərdiş ediblər və birdən-birə kretinizmdən əziyyət çəkdiyi ilk baxışdan bəlli olan bir şəxsin təhqirlərinə görə inqilab fikrinə düşdükləri real görünmür. Daha maraqlı bir məqam ondan ibarətdir ki, sözügedən çıxış 2011-ci il noyabr ayının 22-də olub. Xeyli vaxt keçdikdən sonra 22 dəqiqəlik çıxışın cəmi 1 dəqiqə 18 saniyəsinin internetdə yerləşdirilməsi müəyyən məqamlardan xəbər verir. Bunu rayon səviyyəli intriqalar adlandırmaq, əsas təşkilatçıları sığortalamaq deməkdir. Baş verənləri müxalifətin adına yazmaq da mümkün deyil. Qubada müxalifət zəif durumdadır və odur ki, iqtidar opponentlərinin belə bir “əzələ nümayişi” gücündə olduqlarını iddia etmək yersiz görünür. Digər tərəfdən, aksiya iştirakçılarının əllərində dövlət başçısının portretlərini tutması proseslərə hakimiyyətdaxili intriqalar prizmasından yanaşmağı aktual edir. Qeyd edək ki, hakimiyyət özü də proseslərdə “müxalifət əli” axtarmaqda maraqlı olmadı. Ən azı ona görə ki, icra başçısının istefası ilə nəticələnən olaylarda müxalifətin əsas rol oynadığını iddia etmək, iqtidar opponentlərinin gücünün etirafı demək olardı. Hakimiyyət isə artıq uzun illərdir ki, müxalifəti sosial bazadan məhrum bir təbəqə kimi qələmə verir.

Başqa sual isə ondan ibarətdir ki, “ərəb baharın”da olduğu kimi, ABŞ hadisələrin mərkəzində dayana bilərdimi? Bu suala da cavab birmənalıdır - Qərb bölgədə yaranan vəziyyəti təhlil edərək, Azərbaycanda sabitliyin pozulmasında maraqlı görünmür, ən azı ona görə ki, Vaşinqton İrana hərbi müdaxilə edərsə, ona sabit Azərbaycan lazım olacaq.

Hakimiyyət dəhlizlərindən sızan məlumatlara görə, Quba hadisələri başlayarkən, iqtidarın bəzi mənsubları təşvişlə meydanda “Allahu əkbər” şüarlarının səslənəcəyini gözləyiblər. Bu yalnız “ərəb baharı“nın başlanmasına səbəb olacaq siqnal kimi deyil, eyni zamanda mühüm məsələlərdə rəyləri Bakı ilə toqquşan ölkələrin hərəkətə keçməsi demək ola bilərdi.

Daha bir məqam Rusiya izi idi. Sirr deyil ki, Dağıstan ərazisində olan sələfilərin əksəriyyəti Rusiyanın güc orqanlarının nəzarətindədir və onların Azərbaycan ərazisində olan “əxilərin” “yardımına” gələ biləcəyi ehtimal olunan məsələlərdən idi.

Qubada vəhhabi təsirlərinin artması barədə məlumatlar çoxdan səslənirdi. Onu da vurğulayaq ki, Quba əhalisi müxtəlif məzhəblərdən olsa da, İslam Partiyasının həbs olunan sədri Möhsüm Səmədovun ətrafında yaradılan ajiotaj şiələrin də nüfuzunun artmasına səbəb oldu. Bu gün Qubada şiələr əsas qüvvə kimi dəyərləndirilir.

Maraqlıdır ki, erməni saytları Qubada baş verənləri ləzgilərin öz hüquqları uğrunda mübarizəsi kimi qiymətləndirir. Qeyd edək ki, Quba ən müxtəlif etnik qrupların yaşadığı bölgədir. Quba rayonunun əhalisi 1 şəhər (Quba şəhəri) , 4 qəsəbə (Qonaqkənd, Qırmızı, Gənclər və Zərdabi qəsəbələri) və 152 kənddə məskunlaşmışdır. 1 yanvar 2007-ci ilə olan məlumata əsasən rayonda 148.489 nəfər əhali yaşayır .

1999 - cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıyaalmaya əsasən Quba rayonunda 136,845 nəfər (88,06%-i azərbaycanlılar, 6,8%-i ləzgilər , 2,06%-i yəhudilər (dağ yəhudiləri), 1,91%-i mesxeti türkləri, 0,8%-i tatlar, 0,23%-i ruslar, 0,14%-i digər millətlər olmaq üzrə) əhali yaşayır.

İndiyə qədər Qubada etnik müstəvidə ciddi şəkildə qarşıdurma olmayıb. Qubada baş verənlər aksiya zamanı səsləndirilən şüarların da etnik tələblərlə əlaqəsi olmadığını üzə çıxarır.

Quba əhalisinin əksəriyyəti Rusiya ilə ticarət sayəsində iqtisadi baxımdan inkişaf edib və son zamanlar rayon əhalisinin Rusiya bazarlarına alma və digər kənd təsərrüfatı məhsullarını aparması xeyli məhdudlaşdırılıb. Bu hal mərkəzi hakimiyyətdə ciddi narazılıqlar yaradıb. Onu da vurğulayaq ki, Quba sakinlərinin əhəmiyyətli hissəsi Rusiyaya axın edib. Ümumiyyətlə, bu rayonda qonşu Rusiyanın təsiri az deyil. Odur ki, Qubada, eyni zamanda digər oxşar bölgələrdə separatçı meyllərin alovlandırıla biləcəyi istisna deyil. Lakin Quba hadisələrində Rusiyapərəst çıxışlara da rast gəlinmədi.

Vaxtilə kifayət qədər varlı olan, oliqarxların istirahət məkanı sayılan bu rayonda baş verənlər daha çox “yağlı tikə” uğrunda mübarizəyə və bölgələrin “kuratorlarının” dəyişdirilməsi prosesinin tərkib hissəsinə, bunun heç də hamar getməməsinə bənzəyir.

Əhəmiyyətli bir məsələyə də diqqət çəkmək lazım gəlir.

“Yeni Musavat” qəzeti Qubada baş verən hadisələrlə bağlı keçirilən müşavirə zamanı xalqa atəş açmaq təşəbbüsü ilə çıxış edən məmurun olduğunu, lakin prezident Əliyevin bu fikirlə razılaşmadığını o zaman bildirmişdi. Əgər sakinlərə atəş açılsa idi, tamamilə fərqli situasiya yarana bilərdi. “Atəş əmri” ali siyasi hakimiyyət üçün bir tələ də ola bilərdi. Məsələ göründüyü qədər də sadə deyil. Quba etirazları nəticəsində icra başçısının devrilməsi digər rayonların sakinlərinə də ümid verir. Bu isə hakimiyyət üçün yolverilməzdir.

Bir sözlə, Quba hadisələri tam çaşqınlıq yaratdı. Hansısa həddən ziyadə “şişən” məmurun “vurulması” üçün belə aksiyaya əl atmaq da təhlükəli idi. Lakin ilk dəqiqələrdən bilinirdi ki, kimlərsə konkret hədəf seçiblər və odur ki, amansızlığı ilə seçilən hüquq-mühafizə orqanlarının “evlərin yandırılmasını” soyuqqanlılıqla müşahidə etməsi qaranlıq məqamlardan xəbər verir. Məhkəmə bütün bu suallara cavab tapa biləcəkmi? Deyəsən, ritorik sual oldu...