BolgeXeber.Com » Bölgə » Masallıda böyük müsiqi bayramı başladı

Masallıda böyük müsiqi bayramı başladı

7-09-2012, 11:35
Oxunub: 5 134
[justify]Bu gün dünyanın müxtəlif ölkələrindən yüzdən artıq folklor ustası Masallıda keçiriləcək Folklor Festivalında öz məharətini göstərəcək.

Bu il Masallı ölkənin “Folklor paytaxtı” elan edilib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu silsilədən ən möhtəşəm tədbir - Beynəlxalq Folklor Festivalı isə bu il sentyabrın 7-9-u arası Masallı rayonunda təşkil olunacaq. Hazırda tədbirlə bağlı geniş işlər aparılır. Nizami parkındakı səhnə genişləndirilib, rayona gələcək 100-dən artıq qonağın istirahət mərkəzlərində yerləşdirilməsi ilə bağlı və digər texniki-təşkilati tədbirlər görülür.

Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nəsir Muxtarlıdan tədbirin gedişi ilə bağlı əldə etdiyimiz ilkin proqramı kiçik ixtisarla sizə təqdim edirik.

Bizə kimlər qonaq gəlir?

Tədbirə Türkiyədən 19, İranın Təbriz şəhərindən 6, Qazaxıstandan 8, Latviyadan 8, Rusiyanın Dağistan və Kabardin-Balkar vilayətlərinin hər birindən 15 nəfər iştirakçı gəlib. Bundan əlavə Naxçıvan Muxtar Respublikasının 15 nəfərlik “Şərur” qrupu da tədbir iştirakçıları sırasında olacaq. Masallı bu festivalda 3 kollektivlə - “Halay” folklor ansamblı, “Halay” folklor veteranlar ansamblı, Masallı rəqs qrupu ilə təmsil olunacaq. 15 nəfərlik nağaraçılar qrupu da tədbir iştirakçıları sırasındadır. Dəvətlilər arasında çoxlu rəsmilər və KİV nümayəndələri də vardır.


Şərqdə möhtəşəm musiqi paradı olacaq

Tədbirə sentyabrın 7-si, səhər saat 10-da Qarabağ küçəsindən, “Xəyal” super-marketin qarşısından start veriləcək. Hər bir kollektiv öz ölkəsinin adını əks etdirən lövhə və bayraqla həmin istiqamətdən Heydər Əliyev parkına gələcək və burada mərhum prezidentin abidəsi önünə əklil qoyacaqlar. Daha sonra festivalın paradı başlanacaq. Kollektivlər, necə deyərlər, çalıb oynaya-oynaya Heydər Əliyev prospektindən Talışxanov küçəsinədək yürüş edəcək, burada, Nizami parkında təşkil edilən xalq yaradıcılığı sərgisi ilə tanış olacaqlar.
Həmin gün, nahardan sonra, saat 15-dən başlayaraq festivala gələn kollektivlər Nizami parkındakı səhnədə tamaşaçıların iştirakı ilə öz milli geyimlərində məşqlərə başlayacaqlar. Günün sonunda, 18.00-da festivalın açılış konserti olacaq. Axşam isə qonaqların şərəfinə böyük bayram ziyafəti təşkil olunacaq.

Tədbir iştirakçıları Gənclər Mərkəzində təşkil olunacaq diskotekada əylənəcək

Tədbirin 2-ci günü, sentyabrın 8-də qonaqlar səhər saat 10-dan gənclər meydanına toplaşacaqlar. Daha sonra, günün 1-ci yarısında Boradigah qəsəbəsində, 2-ci yarısında isə Şərəfə kəndində konsert verəcəklər. Həmin gün axşam 22-00-da Nizami parkındakı Gənclər Mərkəzində qonaqlar üçün diskoteka təşkil olunacaq.
Tədbirin sonuncu günü, sentyabrın 9-da kollektivlər yenə səhər saat 10-da Nizami parkına gələcək, daha sonra Masallı Diyarşünaslıq Muzeyinə səyahət edəcəklər.

Yekun konserti sentyabrın 9-u, saat 19-da olacaq

Günün 2-ci yarısında folklor kollektivləri saat 15-dən Nizami parkına toplaşacaq, milli geyimlərdə məşq edib, saat 19-da yekun konserti verəcəklər.
Tədbir həmin gün saat 22-də Gənclər Mərkəzində hədiyyələrin verilməsi və diskoteka ilə yekunlaşacaq. Elə həmin axşam Masallıda atəşfəşanlıq olacaq.

Qonaqlar sentyabrın 10-da səhər yeməyindən sonra Masallıdan doğma yurdlarına yollanacaqlar.

Onu da xatırladaq ki, Beynəlxalq Festival keçirilən günlərdə, xüsusən 7 sentyabrda, musiqiçilərin paradı zamanı Masallı şəhərində əsas küçələrdə maşınların hərəkəti məhdudlaşdırılacaq.
[/justify]