BolgeXeber.Com » Bölgə » Gürcüstanla sərhəddə növbəti biabırçılıq

Gürcüstanla sərhəddə növbəti biabırçılıq

26-09-2012, 12:55
Oxunub: 3 669
Balakəndə yüzlərlə piyada və yük maşını gömrükdə saxlanıldı; gürcü tərəfi problemlə bağlı Azərbaycanı günahlandırır

Azərbaycandan Gürcüstana gedənlərin sayı son bir ildə 2 milyondan çox olub. Onların istirahət, iş və digər məqsədlər üçün getdiyi də məlumatlar sırasında var. Sərhədi keçib gedənlər və gələnlər Gürcüstanla sərhəddə yerləşən Qırmızı körpü və Mazımçay gömrük-keçid məntəqəsindən adlamalıdır. Sentyabrın 24-də isə Mazımçay keçid məntəqəsinin fəaliyyətində fasilə yaranıb.

Sərhəddən keçməkdə çətinlik çəkən vətəndaşlardan bir neçəsinin “Yeni Müsavat” qəzetinə verdiyi məlumata görə, problemin Azərbaycan tərəfindən yaradıldığı vurğulanıb. Təxminən iki saatlıq fasilənin nəticəsi isə bir qədər ağır olub. Sərhəddə yük maşınlarından ibarət böyük bir tıxac meydana gəlib. Gürcüstanın Gömrük İdarəsi Azərbaycan tərəfinə problemlə bağlı müraciət etsə də bunun keçid məntəqəsinin fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə heç bir təsiri olmayıb.

Piyada keçidlərində saatlarla növbə gözləyən Azərbaycan vətəndaşları deyir ki, gömrük məntəqəsində piyadaları yoxlayan Dövlət Sərhəd Xidmətinin cəmi bir işçisi minlərlə şəxsə xidmət göstərir: “Halbuki sıxlıq olanda DSX-nin ən azı üç əməkdaşı sürətli şəkildə vətəndaşların pasportunu yoxlayıb buraxmalı idi. Gürcüstan tərəfində yoxlanış qaydaları olduqca sadədir. Uzun növbələr yoxdur. Piyadalar və yük maşınları üçün keçid məntəqəsində nə qədər işçi olmalıdırsa, hamısı iş başındadır. İnsanları incitmirlər. Bir sözlə, Gürcüstanın 5 dəqiqəyə gördüyü işi bizimkilər 1 saata başa gətirir”.

Qeyd edək ki, Balakəndəki Mazımçay keçid məntəqəsindəki yaranmış problemlə bağlı Azərbaycan tərəfi piyadaları və yük maşınları Qırmızı körpüyə yönləndirib. Bu zaman gömrük işçiləri ilə piyadalar arasında narazılıq yaranıb. Problem həll olunmadığından sərhəddə gözləyən yük maşınlarının sayı da artıb.
Azərbaycanda işləyən Gürcüstan vətəndaşlarından “Yeni Müsavat”a verilən məlumata görə, gömrükdə insanların bilə-bilə gecikdirilməsinin səbəbi qeydiyyat müddəti bitmiş vətəndaşların cərimələnməsi prosesidir: “Müddət azaldıldığından burada demək olar ki, hər gün izdiham olur. Üç aydan bir Gürcüstana keçmək məcburiyyətində qalırıq. Hər dəfə də bu cəhənnəm əzabını yaşayırıq”.

Problemlə üzləşən gürcüstanlıların sözlərinə görə, gürcü tərəfi vətəndaşların asanlıqla keçməsini təmin etmək üçün kiçik bir yerə 6 kompyuter qoyub. Azərbaycan tərəfindən isə bu kompyuterlərin ümumi sayı ikidir: “Elə sənədləri qəbul etmək üçün pəncərələrin də sayı ikidir. Halbuki Azərbaycan tərəfində gömrük məntəqəsinin binası Gürcüstandakından 5 dəfə böyükdür. Bura əlavə daha 4 kompyuter və pəncərə yerləşdirilərsə, insanların rahatlıqla keçməsi təmin olunar. Amma bu edilmir. Sanki insanlara əziyyət vermək üçün qəsdən bu addım atılmır”.
Problemlə bağlı Gömrük Komitəsinə ünvanladığımız suala isə cavab verən tapılmadı.