BolgeXeber.Com » Bölgə » Keçmiş başçının adamı torpaqları hərraca çıxarıb

Keçmiş başçının adamı torpaqları hərraca çıxarıb

28-09-2012, 07:45
Oxunub: 4 007 Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov Əbülfəz Ağayevin sürüsünü saxlayır

İmişli rayon Bəhrəmtəpə qəsəbəsinin sakinləri ilə yerli bələdiyyə arasında narazılıq yaranıb. Bu barədə Bolgexeber.com-a məlumat verən sakinlər bildiriblər ki, narazılığın yaranmasına səbəb bələdiyyə sədrinin torpaq sahələrini bildiyi şəkildə satmasıdır. Bu barədə danışan qəsəbəlilər deyirlər ki, hal hazırda bələdiyyə sədri İman İbrahimovdur. İmişlinin keçmiş icra başçısı Əbülfəz Ağayevin ən yaxın adamlarından biri sayılan İbrahimovun bu posta təyinat alması da elə onun sayəsində mümkün olub. Söhbətləşdiyimiz şəxslər bildirirlər ki, bələdiyyənin sədri heç kimə məhəl qoymadan torpaq sahələrini satışa çıxarıb. «Bu adam torpaq sahələrini istədiyi kimi satır. Bələdiyyəyə aid olan torpaqları yerli sakinlərə satsaydı, yenə də dərd yarı idi. Amma Bakıdan başlamış, Şəkiyə qədər hər kəs Bəhrəmtəpədən torpaq alıb. Amma bir məsələ var ki, bu torpaqlar ilk növbədə qəsəbə sakinlərinə aiddir».
Həmsöhbətlərimiz qeyd edirlər ki, Bəhrəmtəpədə mövcud olan torpaq sahələrinin bir qismi karyerlər üçün əlverişlidir. Daş, çınqıl istehsalı üçün yararlı olan torpaq sahələrini satışa çıxaran İman İbarahimovun burada səndləşdirməni başqa cür apardığı deyilir. Belə ki, həmin sahələrin ya otlaq, ya da ev tikilməsi üçün ayrıldığı kimi göstərir.
Amma Bəhrəmtəpə camaatı deyir ki, İ.İbrahimov təkcə torpaq satmır, həm də onun böyük bir qismini özünküləşdirməyə çalışır. Onlar bildirirlər ki, bələdiyyə sədrinin faktiki olaraq hektarlarla əkinə yararlı torpaq sahələri var. Keçmiş icra başçısı Əbülfəz Ağayevin vaxtında ələ keçirdiyi bu sahələrin həcmini isə imkan daxilində artırmaqdan da çəkinmir.
Bələdiyyə sədri İman İbrahimovun hərbi xidmətdə olmadığını da bildirən sakinlər deyirlər ki, onun bu posta gəlib çıxmasında Əbülfəz Ağayevin sürüsünü saxlamasının böyük rolu olub. Belə ki, onun hal hazırda da keçmiş icra başçısının sürüsünü saxladığı deyilir.