BolgeXeber.Com » Bölgə » Saatlıda kanaltəmizləmə adı altında ağac qətliamı

Saatlıda kanaltəmizləmə adı altında ağac qətliamı

6-10-2012, 07:20
Oxunub: 7 102 Tahir Rzayevin rəhbərlik etdiyi idarə rayonda adı «Qırmızı Kitab»da olan yulğun ağaclalarının kökünü kəsir

Saatlı rayonunda su kanallarının kənarlarındakı yaşıllıqlar sürətlə məhv edilir. Prosesə isə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Razayev başçılıq edir. Bu barədə Bolgexeber.com-a göndərilən fotoşəkillərdən də görünür ki, Rzayev və komandası kanalların kənarlarındakı illərdən bəri boy atmış ağacları kökündən çıxararaq, kənara atdırıb.

Belə ki, son dövrlər rayondakı su kanallarının təmizlənməsi prosesinə start verilib. Ardından Tahir Rzayevin rəhbəri olduğu idarə kanalların təmizlənməsi üçün fəaliyyətə başlayıb. Amma bu zaman kanalların kənarlarında bitmiş və əkilmiş, adı «Qırmızı kitaba» düşmüş yulğun ağaclarının kütləvi şəkildə məhv edilməsinə başlanılıb.

İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, təqribən 80-ə yaxın müxtəlif növdə, yaşı 10-15 il arasında olan ağaclar qısa müddətdə məhv edilib. Bununla əlaqədar Tahir Rzayevin özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin onun toyda olduğunu bildirdilər. Qısa müddətdən sonra idarənin baş mühəndisi Şükür adlı şəxslə danışaraq, məsələyə münasibət öyrənmək istədik. O da öz adından deyil, Tahir Rzayevin adından danışaraq bildirdi: «Tahir müəllim dedi ki, mən nə etmişəm ki, dünyanı dağıtmamışam ki, 3-5 ağac kanal içində olub və kanal təmizlənərkən kanalın içindən çıxıb”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat verərək, onlardan tədbir görülməsini istədik. Qısa müddətdən sonra nazirliyin əməkdaşları hadisə yerinə gələrək, orada baş verən mənzərəni görüblər. Ardından isə Saatlı Suvarma Sistemləri İdarəsini külli miqdarda cərimələyiblər.

Lakin bütün bunlara baxmayaraq, Tahir Rzayev yenə də Saatlıdakı kanalların kənarlarındakı yaşıllıqları məhv etməkdə davam edir. Yəqin ki, ETSN yenidən məsələyə qarışmalı olacaq. Amma bu dəfə baş verənlərlə bağlı daha ağır tədbir görüləcəyi güman ediləndir.