BolgeXeber.Com » Bölgə » İcra başçısının “sadiq adamı”

İcra başçısının “sadiq adamı”

22-10-2012, 13:30
Oxunub: 5 295 Yarıtmaz iş fəaliyyətinə görə RİH başçısının humanitar məsələlər üzrə müavini Şahnaz Babayevanın işdən azad edilməsi barədə ərizəsi alınsa da, indiyə qədər naməlum səbəblərdən işdən azad edilməsi təxirə salınıb

Dəfələrlə Bolgexeber.com saytında Azərbaycanda uşaq ölümünün ildən-ilə artması barədə ümumdünya Səhiyyə Təşkilatının məlumatlar dərc olunmuşdur. Həmin məlumatların nə dərəcədə doğru olub-olmadığı ölkə vətəndaşlarını çox maraqlandırır. Adı çəkilən təşkilatın məlumatına görə, guya Azərbaycanda hər iki saatdan bir 1 uşaq dünyasını dəyişir. Bolgexeber.com olaraq bir neç rayonlarda araşdırmalar aparmışıq. Ardıcıl olaraq apardığımız araşdırmaların nəticələri ilə sizləri tanış edəcəyik.

Sabirabadda xoşagəlməz vəziyyət

Sabirabad rayonunda uşaq əməyinin istismarı, ümumən uşaqların sağlamlığı və aidiyyəti qurumların bu sahəyə aid apardığı işlər barəsində apardığımız araşdırmalar bizi dəhşətə gətirdi. Belə ki, rayon mərkəzinin küçələrində addımbaşı dilənən məktəblilərə rast gəlmək adi hala çevrilib. Valideynlər tərəfindən müxtəlif zərərli işlərə məcburən cəlb edilən azyaşlı və yeniyetmələrin hüquqları nəinki qorunmur, heç bu haqda fikirləşən belə yoxdur. Sabirabad rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Şahnaz Babayevanın yarıtmaz iş fəaliyyətinə görə, icra başçısı Nazim İsmayılov tərəfindən işdən azad edilməsi barədə ərizəsi alınsa da, indiyə qədər naməlum səbəblərdən işdən azad edilməsi təxirə salınıb.

Əməyi istismar olunan yeniyetmələr tez-tez müxtəlif xəsarətlər alırlar. Bu uşaqlar "biznesmen"lərin mal-qarasını otararkən sahibsiz itlərin hücumlarına məruz qalırlar. Bunun nəticəsində, Sabirabadda 2011-ci ildə 21, 2012-ci ilin 1-ci rübündə 18 azyaşlı və yeniyetmə itdişləmə diaqnozu ilə RMX-na müraciət edib. Nədənsə, bu itdişləmələrin araşdırılması aidiyyəti qurumlar tərəfindən aparılmayıb.

Sabirabad rayonunda 44 minə qədər azyaşlı və yeniyetmə var. Əslində bu uşaqların sağlamlığı hər bir ölkə vətəndaşını maraqlandırmalıdır. Sabirabad rayonunda isə dediklərimizin əksinə olaraq, nə bu uşaqların sağlamlığı, nə də gələcəyi kimsəni maraqlandırmır. Odur ki, rayonda vərəm xəstəliyi ilbəil artmaqdadır. Bu xəstəliyə qarşı lazimi mübarizə aparılmadığından yoluxan insanların sayı aydan-aya artmaqda davam edir. 2010-cu ildə ilkin aşkar edilən vərəmə yoluxanların sayı 74 nəfər olduğu halda, 2011-ci ildə xəstələrin sayı 84 nəfər olub. 2012-ci ildə 22 yeni vərəm ocağı aşkar edilib. Azyaşlılar arasında da vərəmə yoluxanların sayı artmaqda davam edir. 2010-cu ildə bu xəstəliyə yoluxan uşaqların sayı 3 nəfər olubsa, 2011-ci ildə artıq 13 azyaşlı uşaq vərəmə yoluxub. ümumilikdə, Sabirabadda aşkar edilən və rəsmi qeydiyyatda olan köhnə və yeni vərəm ocaqlarının sayı olduqca çoxdur. Düşünəndə ki, bu xəstələrlə təmasda olan çoxlu sayda məktəbəqədər və məktəbli uşaqlar var, vəziyyətin nə qədər acınacaqlı olmasını şərh etməyə ehtiyac qalmır.
Rayon məktəblərində uşaqlar arasında vərəm xəstələrini aşkarlamaq üçün 2010-cu ildə aparılan "MANTU" sınaqlarının nəticəsində 168 vərəmə meylli uşaq aşkar edilib. Bunlardan 66 nəfəri yeniyetmə, 102 nəfəri isə uşaqdır. Nədənsə, 2010-cu ildən sonra bu sınaqlar aparılmayıb. Ancaq bizim diqqətimizi çəkən başqa faktır. Nədənsə, aşkar edilən 168 vərəmə meylli uşaq uzun müddət keçməsinə baxmayaraq, bu günə qədər nə təkrar müayinəyə, nə də müalicəyə cəlb edilməyib. Nədən ki, bu uşaqlar üçün vərəm dispanserində, yaxud ərazilərdə yerləşən ambulatoriyalarda xəstəlik anketi açılmayıb. Xəstəlik anketi açılmayıbsa, hansısa müalicədən söhbət belə gedə bilməz.

Sabirabad rayonunda həm də çoxlu sayda əqli və fiziki qüsurlu uşaqlar var. Fiziki qüsurlu uşaqların sayı 144 nəfərdir. Əqli qüsurlu uşaqların sayı isə bəlli deyil. çünki aidiyyəti təşkilatlar bu qeydiyyatı aparmayıb. Adı çəkilən hər iki kateqoriyaya daxil olan uşaqlar qayğı ilə əhatə olunmayıblar. Bu uşaqlara icra və bələdiyyə qurumları tərəfindən heç bir maddi yardım göstərilmir. Hansı ki, "Uşaq Hüquqları Haqqında" Qanunun 29-cu maddəsində göstərilir ki, "Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər..." Maddənin şərhində göstərilir ki, "Həmin qanunun 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş" müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Sabirabad rayonunda isə əqli və fiziki qüsurlu uşaqlara nə icra hakimiyyəti, nə də onun ərazi nümuayəndələri heç bir əlavə maddi yardım göstərmir. Səbəbini isə belə əsaslandırırlar ki, guya bu uşaqlar üçün dövlət tərəfindən heç bir maddi yardım ayrılmır.

Qeyd edək ki, məsələlərlə bağlı Şahnaz Babayeva ilə əlaqə saxlasaqda suallarımızı cavablandırmadı. Biz belə başa düşürük ki, Şahnaz Babayevanın belə arxayın olması icra başçısının “sadiq adamı” olmasından xəbər verir. /Tezadlar qəzeti/

Bundan əlavə olaraq bildirək ki, adıçəkilən rayona təzə baş həkimin gətirilməsi məhz Şahnaz xanımın əməyinin məhsuludur. Görünür Şahnaz xanım öz çirkin əməllərini həyata keçirmək ücün məhz təzə baş həkimdən istifadə etmək niyyətindədir.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.