BolgeXeber.Com » Bölgə » Eldar Əzizovun güzgü-daraq hədiyəsi

Eldar Əzizovun güzgü-daraq hədiyəsi

12-11-2012, 15:50
Oxunub: 4 353 Eldar Əzizov Sumqayıta təyinat alandan sonra şəhərdə bir çox “yenilik”lərə imza atmışdır.

Belə ki, sələfi Vaqif Əliyev dövründə başçının zövqünə uyğun tikilən nə varsa, ağına-bozuna baxmadan hamısını sökdürməyə başladı. E. Əzizov Gəncə şəhərində işlədiyi dövrdə bir çox obyektlərə sahib çıxmışdır. Həmin obyektlərdə inşaat materialları istehsal olunurdu.

Məsələn, E. Əzizovun Gəncədəki “dəmir-beton” zavodunda səki daşları, bardyurlar, monolit plitə və s. istehsal edilirdi. İstehsal olunan həmin materiallar çox ağır satılırdı. Sumqayıta başçı təyin olunan kimi həmin materialların satışına münbit şərait yarandı. O həmin materialları Sumqayıtda sahibkarlara obyektlərin ətrafını abadlaşdırmaq üçün məcburən sata bildi. Ölkə prezidenti tərəfindən Sumqayıtın abadlığı üçün böyük məbləğdə vəsait ayrıldı. E. Əzizov bir güllə ilə “iki dovşan” vurmağa başladı. Həm ayrılan vəsaiti “aidiyəti” üzrə xərcləyir, həm də əlində qalmış materialları xırıd edirdi. Aldığımız məlumata görə E. Əzizov iaşə obyektləri üçün “stol-stul bazarı” yaratmışdır. Belə ki, Sumqayıt şəhərində çoxsaylı restoran-kafe, barlar, çayxanalar mövcuddur. Başçının təbirincə bütün obyektlərdə stol və stullar eyni quruluşda olmalıdır.

Bizimlə söhbətləşən restoran sahibinin sözlərinə görə bir dəst stol-stul 300 manata obyektlərə məcburən satılır. Göründüyü kimi adam daşdan savayı plastikdən də pul çıxarmağı bacarır. Digər kafe sahibinin dediyinə görə tezliklə şəhərdə çox yerlərdə “güzgü”lərin qoyulması nəzərdə tutulur. Bir çox mətbuatın yazdığına görə E. Əzizovun guya ki, güzgüdən zəndeyi-zəhləsi gedir. Bu heç də belə deyilmiş. Başçı bir çox mətbuatın acığına Sumqayıt şəhərində gözə gəlimli yerlərdə güzgülər qoymağı planlaşdırır. Artıq şəhərdə güzgü-daraq sexlərinin tikintisinə başlanıb.

Həqiqətən də Abşeron bölgəsi küləkli olduğundan bu güzgü-daraq dəstlərinə böyük ehtiyac vardır. Deyilənə görə hər sakinə pulsuz olaraq cibdə gəzdirmək üçün bir dəst güzgü-daraq hədiyyə ediləcək. Buna nəzarət mexanizmi olacaq. Kimin saçlarında, “priçoska”sında pintilik, xoşagəlməzlik nəzərə çarparsa, yerindəcə cərimə ödəməli olacaq. Yaxın gələcəkdə “şallaq” cəzasının tətbiq ediləcəyi də nəzərdə tutulur.

Doğrudan da kişinin insan gözəlliyinə xüsusi yanaşması var. O da təqdirə layiqdir ki, insanlar bir-birinin üzünə baxanda zövq alacaq. Bunun harası pisdir can qardaş?!

Sübhan TURAN/Bolgexeber.com/