BolgeXeber.Com » Bölgə » Biləsuvar sakini prezidentə müraciət etdi

Biləsuvar sakini prezidentə müraciət etdi

22-11-2012, 12:15
Oxunub: 11 336 Biləsuvar rayon Ovçubərə kənd sakini , Yeni Azərbaycan partiyasının üzvi Əmirov Rasim Əmirxan oğlu prezidentə ərizə ilə müraciət etmişdir.

Bu gün saytımızın elektron poçtuna Biləsuvar sakini tərəfindən məktub daxil olmuşdur. Məktubda deyilir:

Cənab prezident, dövlətimizin səlahiyyət sahibi olan hörmətli nümayəndələri öncədən sizə bildirim ki, bu məktubu yazarkən çox düşünüb-daşındım ,yerli məmurların haqsızlıqlarına dözə və tab gətirə bilməyib canı boğazına yığılan , “ kəfənimi boynuma dolayıb” hər nə olursa olsun deyib, bu məktubu yazmağa məcbur oldum. Bir olan allahın və sizlərin ədalətinə sığınıb , qəlbən inanıb bu məktubu yazmağa başladım. Yadıma görkəmli yazıçımız Əlibala Hacızadənin “Dünyanı tanı” ( Bakı , Gənclik , 1990 ) romanının proloqu düşdü...
- Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur , bəndənin qorxusundan doğru,- söylədi qoca.
Nəzər müəllimin ağ , pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb saçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
-Yox , qoca , dedi. – Sözünün yarısı ilə razıyam, yarısı ilə yox.
- Niyə ki?
- Deyirsən, tanrının qorxusundan yalan danışmaq olmur.
Bax , bununla razı deyiləm. Bilirsən niyə? Ona görə ki, indi adamların ürəyində tanrı qorxusu qalmayıb, bir zərrə də qalmayıb, kişi ... Onun üçün də adamlar tanrıdan əsla qorxmadan , çəkinmədən hər cür yalan danışırlar. Təkcə yalan danışmaqla kifayətlənmirlər, qoca, hətta utanmadan , qızarmadan , vicdan əzabı çəkmədən yalan da yazırlar qoca! Amma bəndənin qorxusu! Bax, bunu düz deyirsən. Həqiqətən , bəndənin qorxusundan doğru danışmaq olmur. Əgər kişisənsə , hünərin varsa , bir vicdansızın , bir bürokratın , bir oğrunun -əyrinin gözünün içinə de : “ Sən vicdansızsan, bürokratsan, oğrusan, əyrisən” – onda gör iki barmağıyla bax belə - o , sağ əlinin qoşa barmağını açıb irəli uzatdı. – sənin gözlərini necə deşərlər . Mənim gözlərimi deşən kimi...
Qoca , Nəzər müəllimin gözlərinə altdan-yuxarı diqqətlə baxdı : yox, gözləri yerindəydi. Ancaq bir az da fəhmlə nəzər yetirəndə gördü ki , o qonur , nurlu gözlərin dərinliyində qəribə , dərin bir kədər yatır.

Cənab prezident, hörmətli səlahiyyətli nümayəndələr, çox təəssüflər olsun ki, bu gündə ali qanunlarımız , möhkəm dövlətçiliyimiz olduğu bir vaxta yerli məmurlar sadə camaata zülüm edir, harayımız heç kimə çatmır. Mən sizlərə əvvəlcə hal-hazırda acınacaqlı vəziyyətim haqqında danışacağam.
Sizə yazıb bildirirəmki mən və həyat yoldaşım Ovçubərə kənd tam orta məktəbində ixtisasımız üzrə müəllim işləyirik. 2004-cü ildən özüm və 2008-ci ildən həyat yoldaşım və qardaşlarım YAP –ın üzviyik. İki az yaşlı övladımız var. Atamın evində darısqal otaqlarda üç böyük ailə birlikdə yaşayırdıq. Vəziyyətimiz çox çətin idi. Atam xəstə olduğu üçün dünyasını dəyişdi. Ailə vəziyyətimiz daha da ağırlaşdı. Mən məcburiyyət qarşısında qalıb əvvəlcə kirəsinə evdə yaşamalı oldum. Ev kirəsini vaxtı-vaxtında ödəyə bilmədiyim üçün yenidən evimizə qayıdıb qapımızdakı bir daxmada yaşamalı olduq. Hal-hazırda həmin daxmada yaşayırıq. Həyat şəraiti çətin olan daxmada vəziyyətimiz acınacaqlı olaraq qalır.
Gənc ailələrə verilən İpoteka kreditindən yararlanmaq istədim. Cənab prezident sizə və Milli Məclisimizə bu səbəbdən müraciət etdim. Cavab olaraq mənə müvəkkil banklara müraciət etməyi məsləhət gördülər . Bir neçə banka müraciət edib İpoteka kreditinin şərtləri haqqında məlumat aldım. Bizim aldığımız məvacibin İpoteka kreditinin götürülməsi üçün yetərli olmadığını öyrəndim. Beləcə İpoteka krediti götürmək istəyimiz də mümkünsüz oldu.
Həyətyanı sahə üçün Ovçubərə kənd bələdiyyəsinə müraciət etdim. Ovçubərə kənd bələdiyyəsinin rəhbərliyi həyətyanı sahə üçün mənə pulunu nəğd ödəmək şərtilə torpaq veriləcəyini bildirdi. Mən yerli , məhdud kredit verən banklardan müəyyən kiçik məbləğ götürərək 0,08 həyətyanı sahə üçün Ovçubərə kənd bələdiyyəsinə 560 manat pul köçürdüm. Sonra bələdiyyənin mənə verdiyi sənədlərə əsasən torpaq sahəsi verildi. Orada heç olmasa evin özülü üçün iş aparmaq istədim. Kənd İcra nümayəndəsi mənə xəbərdarlıq etdiki orada tikinti işi apara bilməzsən. Torpağın sənədlərini qaydaya salmalısan. Mən onun bu fikrini tam səmimi qəbul etdim və tutulmuş betonu belə yarımçıq qoyub torpağın digər vacib sənədlərini qaydaya salmaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsinə müraciət etdim. Yenidən həyətyanı torpaq sahəsi olan yerə aidiyyatı təşkilatın nümayəndəsi tərəfindən baxış keçirildi. Həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi verilməsi məqsədə uyğun hesab edilib mənə verilməsi haqqında Biləsuvar RİH –nin memarlıq və tikinti şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən rəy verildi. Mənim vəziyyətimi nəzərə alıb yarımçıq qalmış beton –özül işlərini aparmağa icazə verdilər. Sənədlərimin tam hazır olduqdan sonra tikinti işi aparmağı məsləhət bildilər. Mən də həmin yarımçıq qalmış beton –özül işlərini başa çatdırmaq istəyirdim. Kənd icra nümayəndəsi yenidən üzərimə gəlib hay-həşir salaraq bu torpaq üçün mənə verilmiş sənədlərin tamamilə saxta , Ovçubərə kənd bələdiyyəsinin , Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsinin , Biləsuvar RİH –nin memarlıq və tikinti şöbəsinin rəhbərliyinin saxtakar , qanunsuz işlər görməsinə “göz yuma” bilməməsini , onlara “öz hədlərini” bildirəcəyini dedi. Hətta İcra aparat işçilərinə qarşı təhqiramiz ifadələr də işlətdi . Sonradan məlum olduki bu insanın Ovçubərə kənd bələdiyyəsinin rəhbərliyi ilə “alıb –verə bilməyəcəyi qaranlıq məqamlar” var. Mənim kimi kasıb , ehtiyac içində olan bir gənc ailə başçısını öz çikin və iyrənc əməllərinə alət edib.
Mən Biləsuvar rayon İcra aparatının 12 noyabr 2012-ci il rayon sakinlərinin problemləri ilə əlaqədar keçirdiyi iclasda iştirak etdim və İcra başçısının müavini Akif Kazımov cənabları məni dinlədikdən sonra bu işlə məşğul olan aidiyyatı məsul şəxslərdən də məsələ haqqında məlumat aldı. Onlarda mənim sənədlərimin qaydaya və qanuna uyğun olduğunu dedilər. Akif müəllim bir daha beton –özül işinin aparmağa icazə verdi. Həmin günün günortası Ağadin Mikayılov yenidən məni hədələyib orada heç bir iş apara bilməyəcəyimi ,əks təqdirdə məni hüquq –mühafizə orqanlarına verəcəyini, mənim başima oyun açacağını dedi. Ovçubərə kənd bələdiyyəsinin onun tikinti materialı dükanına olan borcunu ödəməyincə kənddə heç kimə ev tikintisinə imkan verməyəcəyinə , kənd sakinlərinə əsaslı-əsassız mane olacağına söz verdi. Halbuki kənddə 20-dən artıq tikinti işi gedir. Kənddə tikilən əksər evlərin hüquqi sənədi yoxdur. Əgər mənim sənədləri alıb qanun çərçivəsində görmək istədiyim iş qanunsuzdursa bəs Ağadin Mikayılov neçə vaxt hara baxırdı? Bu insan özü saxtakar , rüşvətxor , dövlət əmlakını vəzifə səlahiyyətlərindən istifadə edib mənimsəyən şəxsdir. Bunları deməyə və sizlərə çatdırmaq üçün mənim əlimdə hüquqi sənədlər var.
Bu səbəbdən də hörmətli prezident , səlahiyyətli nümayəndələr sizlərə “Nəzər müəllim kimi yox” Rasim müəllim kimi müraciət etmək qərarına gəldim. Öncə bu insanın, Ovçubərə kənd İcra nümayəndəsi Ağadin Mikayılovun kənddə etdikləri çirkin əməlləri və onun saxtakarlıqları haqqında məlumat verəcəm.
1. Ağadin Mikayılov cənab prezidentin, qanunverici orqanların verdiyi fərmanlara qarşı çıxır , əhaliyə kömək məqsədilə ayrılan yardımları saxta yollarla mənimsəyir. “Hüququnu bilməyən” sadə kənd sakinlərini yersiz əsasarla hədələyir, onları hüquq mühafizə orqanları ilə qorxudaraq məqsədlərinə çatmaq üçün hər cür yola əl atır. Vətəndaşlara verilən sənədlərə, arayışlara ,nigah vəsiqəsinə , təsərrüfatdan ayrılma, doğum haqqında şəhadətnamələrə , bir sözlə təyinatından asılı olmayaraq hər cür sənədə rüşvət alır. Pul verməyən şəxsləri get-gələ salır, heç kimə , heç nəyə məhəl qoymur.
2. Ağadin Mikayılov 2008-ci ildə əkinçilərə dövlət tərəfindən verilən yardımla əmisi oğlu Mikayılov Nazimin adına bələdiyyənin 21 ha torpağına saxta müqavilə yazaraq torpaq üçün verilmiş 840 manat maddi vəsaiti alıb özü mənimsəmişdi. O vaxtı bu haqda dövlət inistansiyalarına məlumat verildi. Uzun müddətdən sonra 21 ha torpaq üçün verilmiş 840 azn pulun 810 manatını dövlət büdcəsinə əmisi oğlunun adına qaytardı, lakin barəsində heç bir tədbir görülmədi. Həmin sənədləridə sizə yollayıram.
3. Yenə də bəzi kənd sakinləri ilə əlbir olub ümumilikdə 16 ha əkilməmiş əkin sahəsi üçün 640 manat pul mənimsəmək istəmiş , ancaq vaxtında Azərbaycan Respublikası Maliyyə Nazirliyinə edilən müraciətə görə həmin pul plastik kartlara köçürülməmişdir. Öz çirkin məqsədlərinə çata bilməmişdir. Lakin barəsində heç bir ciddi tədbir görülməmişdir.

4. Ağadin Mikayılov hal – hazırda bələdiyyənin 2 ha torpağını 6 – 7 ildir əkir-biçir , heç bir ödəniş ödəmir. Deyirki mən İcra nümayəndəsiyəm. Ağadin Mikayılov pay torpağının vergisini də verməkdən imtina edir. Bundan başqa qohum əqrəbasını da vergi ödəməkdən yayındırır.

5. Kəndimizdə dövlət tərəfindən su təmizləmə qurğusu inşa edilmişdir, və təmiz su kranlar vasitəsi ilə kənddəki evlərə verilir. Ağadin Mikayılov bu işi yerinə yetirənlərində “saqqızını oğurlayıb” öz evinə şəxsi su kranı çəkdirmişdi. Evinin ətrafında olan kranlara su getmir, su onun “xidmətində” dururdu. Camaatın şikayətindən sonra oraya aidiyyatı orqanlar tərəfindən baxış keçirilmiş , həmin krana suyun verilməsi dayandırılmış, bu cinayətdə ört –basdır edilmişdir.

6. Ağadin Mikayılovun qardaşları Mikayılov Əlifağa və Əyyub hər biri bələdiyyənin 0,5 ha torpağını qanunsuz zəbt etmişlər. Orada heç bir sənədləri olmadan tikinti işləri aparmışlar. Kəndimizdə həyətyanı torpağın gənc ailələrə verilməsi problem olduğu bir vaxtda 1 ha yaxın bələdiyyənin prespektivdə olan həyətyanı torpağını mənimsəyiblər. Onlar qardaşları Ağadin Mikayılova arxalanıb həmin torpağı rahatlıqla əkib -becərirlər. Əgər mənim aldığım həyətyanı torpaq sahəsi qanunsuzdursa onda buna nə ad vermək olar? Əgər qanuni verilən torpaqdırsa elə mənə də buradan ev tikmək üçün torpaq verilsin. Kəndimizdə 20 -ə yaxın evdə qanunsuz tikinti işi gedir. Bəs Ağadin Mikayılov bu tikinti işlərinin niyə dayandırmır?

7. Mən vətənə olan əsgəri borcumu döyüş bölgəsində yerinə yetirmişəm. Ora da xidmət edərkən səhətimdə problemlər yaranıb, bir balaca soyuq olan kimi ayaqlarım baldırdan aşağı keyir, böyrəklərim kəskin ağrı verir. İmkansızlıqdan mən özümü müalicə etdirə bilmirəm. Buna baxmayaraq hər zaman vətənimizin , xalqımızın , dövlətimizin , rəhbərimizin keşiyində durmağa həmişə hazıram. Bu yolda canımı belə əsirgəmərəm. Amma çox təəssüf ki, Ağadin Mikayılov kimi insanlar hansı əsasla öz övladına saxta xəstəlik sənədi düzəltdirib hərbi xidmətdən yayındırır, möhlət hüququ alır? Məmur balasının sadə vətəndaşlardan axı nəyi artıqdır? Vətənin dar günündə məmur balası evində kef eləməli, kasıb –sadə insanlar canla başla vətənə xidmət etməlidirlər.... Bu insan özüdə hərbi xidmətdə olmayıb, özü kimi oğlunu da yetişdirir. Vətənə qarşı olan xidməti borcu elə birinci özü pozur. Vətənpərvərlik və fədakarlıq hissini cəmiyyət arasında gözdən salır, milli ruhu qəlbimizdə öldürür. Mənə və kənd camaatına zülüm edərək kənddə öz bildiyini edir. İcra nümayəndəsi olanda elə salahiyyətləri aşıb nə bilirsə etməlidi ?

Sabah vətən uğrunda müharibə başlasa , biz vətənin keşiyini , xalqın qeyrətini çəkmək üçün hərbə getsək , Ağadin Mikayılov özü və övladları hərbi xidmətdən yayınsa, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində yerli kolxoz sədrləri kimi qız-gəlinlərə təcavüz etməkdən belə çəkinməz, yeni yararsız nəsil əmələ gətirər. İkinci dəfə “Tütək səsi” filmini çəkməyə ehtiyac yaranar. Çünki belə ruhsuz insandan nə desən gözləmək olar. Onun əgər işini tam və əsaslı şəkildə yoxlasanız bu gündə öz çirkin əməllərlə məşğul olmasını görərsiniz. Başa düşə bilmirəm belə saxtarkarlıq edən şəxs dövlət qulluğunda necə işləyir. 1700-dən artıq əhalisi olan bir kəndin talehi belə bir insana tapşırılıb ancaq onun bizə zülüm etməkdən başqa heç bir funksiyası yoxdur.

8. Bələdiyyənin maddi vəsaiti ilə kəndimizdə Heydər Əliyev adına istirahət məqsədilə park salınması nəzərdə tutulmuşdu. Bu işə kənd icra nümayəndəsi Ağadin Mikayılov başçılıq edirdi. O, isə həmin parkın kənarları üçün çəkiləcək turba və setkasını özbaşına əmisi oğluna sataraq pulunu mənimsəmişdir. Şikayət olunduqdan sonra yerinə bərpa etmişdir. Bu gün də həmin parkda kənd sakinlərindən pul alaraq mal-qara otartdırır. Parkın görüntüsü yiyəsiz xarabalığı xatırladır.
Əbədi və əzəli rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti qarşısında biz ziyalılar, sadə insanlar baş əyir , mübarək adını eşidəndə belə ehtiramla yad edirik. Bu məsələ bəlkəm də kimlərəsə adi gələ bilər. Düzdür , bu məsələ haqqında bir neçə dəfə şikayətlər , müraciətlər edilməsinə baxmayaraq “Ağadinpərəstlər” tərəfindən “qəribçiliyə” salınmış , heç bir əməli tədbir görülməmişdir. Ancaq bu məsələ məni, 2004-cü ildən bəri ailəlikcə YAP –ın üzvü olan , HEYDƏR ƏLİYEV şəxsiyyəti qarşısında baş əyən bir gənc müəllimi çox narahat edir , hiddətləndirir. Canı , qanı, büsbütün varlığı ilə öz xalqına bağlı olan , ömrünü xalqına həsr edən, sadə vətəndaşların ürək dostu , arxası, dayağı, güvənc yeri, analoqu olmayan dahi bir şəxsiyyətin adından istifadə edərək belə bir cinayəti törədən insan başa düşə bilmirəm necə sərbəst gəzir, ona qarşı heç bir inzibati tədbir görülmür?

9. Ağadin Mikayılov bir vaxtlar özü iş axtaranda dövlət orqanlarına müraciət edərək demişdir; “ Mənə ya vəzifə verin , ya da İrandan , Ermənistandan siyasi sığınacaq istəyəcəm”... Bu adamın siyasi baxışlarını yoxlamadan onu Yeni Azərbaycan Partiyasının sıralarına qəbul etmiş , onu Ovçubərə kənd icra nümayəndəsi vəzifəsinə sədr seçmişlər. Ağadin Mikayılov Yeni Azərbaycan Partiyasına üzv olmamışdan qabaq bir neçə müxalifət partiyasının üzvi olmuşdur. Sovetlər birliyi zamanı onu kommunist partiyasının üzvliyinə yaxın buraxmamışlar. Çünki hamı onu qarayaxa, siyasi savadı olmayan, hamını şərləyən , söyüşcül, əqidəsiz, satqın adam kimi tanıyırdılar. Hamı belə bir adamın prezidentin nümayəndəsi olmasına təəcüb edir. Öz qohum- əqrabası belə onun əlindən cana-boğaza yığılıb. Ağadin Mikayılov seçildiyi vəzifəyə qədər müxalifətçi olub , heç bir seçkidə iştirak etməyib.
Bu gün Ağadin Mikayılov partiya və vəzifə vəhdətindən istifadə edərək öz bildiyini edir, ondan edilən şikayətlərə və müraciətlərə baxılmır. Belə bir insan İqtidar partiyası olan YAP-na və dövlətin nüfuzuna xələl gətirmirmi? Belə bir adam cəzasız və partiya sıralarında qalanda mən umudsuz olur və xəcalət çəkirəm.... .
10. Ağadin Mikayılov 1999-cü ildə Ovçubərə kənd bələdiyyəsinin üzvü seçilmişdir. O bələdiyyə üzvüləri ilə yanaşı kənd caamatı ilə düzgün rəftar etmədiyi üçün dəfələrlə bələdiyyənin iclaslarında şiddətli töhmət almış və 2011-ci ildə kənd sakinlərini narazı saldığı və qanunsuz işlər gördüyü üçün Biləsuvar rayonu İcra hakimiyyəti tərəfindən şiddətli töhmət almışdır. İşlərində və öz davranışında dönüş yaratmaq üçün ona 3 ay müddətə vaxt verilmişdir. Buna baxmayaraq o yenədə , bu gündə öz çirkin əməllərini davam etdirir. Fəxrlə deyirki mənim prezident aparatında , Milli Məclisdə “adamım” var. Mənə heç kim heçnə edə bilməz. Hara yazsanız onsuzda inzibati orqanların zibil yeşiyinə düşəcək. Belə səviyyəsiz söhbətlərə inanmıram. Ancaq tədbir görülməyəndə qınamayın məni şübhə qalmır...
Hörmətli dövlət rəsmiləri bu şəxsin qanunsuz işlərini saymaqla qurtarmaq olmaz. Başa düşə bilmirəm belə saxtarkarlıq edən şəxs dövlət qulluğunda necə işləyir....

Bu qədər çirkin əməllər içində olmağına baxmayaraq mənim kimi benava –fağırı incitməkdən çəkinmir, kənd bələdiyyəsinin rəhbərliyi ilə olan “haqq-hesaba” görə bizlərə zülüm edir. Kredit pulla aldığım tikinti materialını – sement qarışdırılmış tutulmamış betonu gur payız yağışı altda qoyaraq maddi ziyan vurur. Bu əməlləri ilə fəxr edib ləzzət alır. Mən isə iki körpəmlə , ailəmlə belə getsə hələ bir neçə ildə yerindən su çıxan bir daxmada can çəkişməli , ziyan olmuş kredit pulu ödəməli olacam. Bu əhval-ruhiyyə ilə canımı dişimə tutub , o gözəl , qəlbi saf olan , vətənə layiqli , savad ,elm qazanmağa can atan şagirdlərimə əsl reallıqları deyə bilməyib idealogiya təbliğ edəcəyəm.... çox heyf, çox heyf. Azərbaycan müəllimi atəşkəs dövründə , əmin –amanlıq dövründə yerli məmurun yersiz “qanunbazlığına” tuş gəlib öz vətənində , öz yerində didərginə çevrilir.
Son ümüd yerim sizlərsiniz. Bu məktubu oxuduqdan sonra bu insan haqqında ölçü götürməyinizi xahiş edirəm. Onun partiyada və vəzifədə qalması qəbuledilməzdir.
Mənim kimi gənc ziyalı bir insanın isə problemləri sizi maraqlandırmaya bilməz. Sizlərə öz doğma valideynim kimi müraciət etmək istəyirəm. Mənim və ailəmin sizin kimi xeyirxah insanların köməyinə , mənəvi dəstəyinə çox böyük ehtiyacımız var. Bu illər ərzində maddi və mənəvi çətinliklərə baxmayaraq həmişə ümüdliyəm ki, dövlətimiz və xeyirxah insanlarımız imkansız gənc ailələrə öz köməkliyini edəcəkdir. Mən də sizdən bir övlad kimi köməkəlik istəyirəm. Ümüdvaram ki, ailəmə öz köməkliyinizi əsirgəməyəcəksiniz. Öncədən sizə öz dərin təşəkkürümü bildirirəm.
İmza : Rasim Əmirov