BolgeXeber.Com » Bölgə » Naxçıvan-Qars dəmir yolu reallaşır...

Naxçıvan-Qars dəmir yolu reallaşır...

7-12-2012, 12:00
Oxunub: 4 016 Azərbaycan Qars-Naxçıvan dəmir yolunun inşası üçün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayıra bilər.
Yük daşıma xidmətləri bu il dəmir yollarında çox müvəffəqiyyətlə aparılıb. Keçən ilə nisbətdə yük daşıma planımız 104 % yerinə yetirilib. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, bu ilin 11 ayı arzində 21.2 milyon ton yük daşınıb. "Hesablamalara görə, gələn il veriləcək sifarişlərə əsasən yük daşımalarının 30 % artması gözlənilir. Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışı 2014-cü ildə olacaq. Amma Azərbaycan Dəmir Yolları əsasən Gürcüstan vasitəsilə Avropa və Asiya ölkələrinə yük daşınmasını nəzərdə tutur. Qazaxıstan və digər dövlətlərin bu layihəyə qoşulması tariflərin müəyyənləşdirilməsində kömək edəcək".

Digər dövlətlərin Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə qoşulmasının maliyyələşməyə təsiri olmayacağını deyən sədr müavini bildirib ki, Bakı-Tbilisi- Qars dəmiryol layihəsi tamamilə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir: "Həmin dövlətlərin yük daşınmasına görə, ödədikləri tranzit haqqı bizə maliyyə baxımından kömək olacaq".

Türkiyənin Qars şəhərindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi təqribən 1 mlrd. ABŞ dollarına başa gələcəyini deyən sədr müavini bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC bununla bağlı layihənin hazırlanması üçün hökumətdən müvafiq tapşırıq alıb: "Bununla əlaqədar olaraq dəmir yolunda Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Bu yaxınlarda Naxçıvanda olmuşuq və İran sərhədindən həmin ərazilərə texniki baxış keçirmişik. Bu baxışın nəticəsi olaraq dəmiryolu tərəfindən texniki tapşırıq hazırlanaraq Nəqliyyat Nazirliyinə təqdim edilib. Hazırda bu texniki tapşırıq öyrənilir. Azərbaycan bu məsələdə Türkiyə dəmiryolları ilə də əlaqə saxlayır, çünki Naxçıvan-Qars dəmir yolunun layihələndirilməsi Türkiyə tərəfindən aparılacaq. Buna görə də həmin texniki tapşırığı Türkiyə tərəfinə də təqdim etmişik. Qars şəhərindən Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 km ərazidə yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulur. "Bu təqribən 1 mlrd. dollara başa gələcək. Dəmir yolunun Türkiyə ərazisində olmasına baxmayaraq, bu yolun Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan yolun tikintisi üçün Türkiyəyə layihənin bütün dəyəri məbləğində - 1 mlrd. dollar həcmində güzəştli kredit ayıra bilər".

Açıqlamsının sonunda dəmiryol işçilərinin maaşlarının artırılması məsələsinə də toxunan Q.Nəzirov bildirib ki, maaşların artırılması daşınan yüklərin və əldə olunan tranzit gəlirlərindən asılıdır.