BolgeXeber.Com » Bölgə » Gədəbəydə rüşvət qiymətləri qalxıb...

Gədəbəydə rüşvət qiymətləri qalxıb...

12-12-2012, 11:45
Oxunub: 3 502 Gədəbəyin yeni başçisi sələfinə rəhmət oxutdurur. Ramiz Yediyarovun kadr islahatları rayonda rüşvətin məzənnəsini qaldırıb

Ölkədə yeni təyinatlar vəziyyətin düzələcəyinə, rüşvət və korrupsiyanın azalacağına ümid yaratsa da, az keçmir ki, əhali bunun əksini görür. Gədəbəydə də belədir. Rayondan aldığımız məktubda deyilir ki, Ramiz Yediyarov rayona başçı təyin ediləndən sonra bir sıra işlər görməyə başlayıb. Bir neçə küçə genişləndirilib, abadlaşdırılıb, ictimai binalara üzlük çəkilib. Məktubda yazılır:

“Kənardan baxan insanlar rayonda doğrudan da inkişaf getdiyini deyə bilər. Amma rayon əhalisi rayonda əslində hansı biabırçılıq baş verdiyini, görülən işlər üçün vəsaitin hansı yollarla əldə olunduğunu və bu işlərin sadə gədəbəylinin güzəranını neçə bərbad etdiyini yaxşı bilir. Yedigarov içra başçısı təyin edilməmişdən əvvəl büdcədən ayrılan pullara rayon Maliyyə İdarəsinin rəisi tərəfindən 20 faiz ”şapka" qoyulurdusa, artıq bu rəqəm 35-50 faizə çatdırılıb. 2012-ci ilin noyabr-dekabr aylarında hər kənd icra nümayəndəsindən 2 min, hər kənd bələdiyyə sədrindən 1 min manat olmaqla məcburi haqq alınaraq abadlığa xərclənəcəyi bildirilib. 4-5 ay əvvəl rayon sakini Əli Abdullayevin obyektini qeyri-qanuni sökdürdükdən sonra onun ayrı-ayrı təşkilatlara şikayət etməsindən ehtiyatlanan Yediyarov əhalinin etirazına baxmayaraq rayonun Qumlu kənd sakinlərinin şəxsi su xətlərinin üzərində sahibkara yeni obyekt tikdirdi. Həmin obyektin tikilməsi üçün də rayonun idarə və təşkilatlarından 10-15 min manat məbləğində haqq alındı".

Məktubda qeyd olunur ki, rayonda tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlara da ağır zərbə vurulub: “Məcburi tikintilərin aparılması sahibkarları müflis olmaq həddinə çatdırıb. Ucqar dağ rayonunda heç bir iqtisadi əhəmiyyəti olmayan, yalnız zahiri görünüş üçün tikdirilən binalar icra başçısının əlbir olduğu firmaların satdığı üzlüklərlə üzlənir”.

Məktubda vurğulanır ki, R.Yediyarovun “abadlıq” siyasətindən ən böyük zərəri sıravi vətəndaşlar və aztəminatlı ailələr görüb: “Yediyarov başçı təyin ediləndən bir neçə gün sonra Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərlərini işdən azad etdi və bu sahədəki nöqsanların və rüşvətxorluğun aradan qaldırılacağını bildirdi. Daha onlara təyin olunan ünvanlı yardımın 2-3 ayının alınmayacağını, meşədən satılan odunun qiymətinin endiriləcəyini eşidən camaatın sevinci çox çəkmədi. Hər iki təşkilatda rüşvətxor kadrı daha rüşvətxor kadrla əvəz edən Yediyarov əvvəlki başçıdan daha ağır vəziyyət yaratdı; indi vətəndaşdan yardımın 4-5 ayı nağd şəkildə tələb olunur. Əgər vətəndaş bu pulu Sosial Müdafiə Mərkəzinin direktoru Məsud Məmmədova ödəyərsə, onda Məmmədov vətəndaşın yaşadığı kəndin icra nümayəndəsinə həmin vətəndaşa arayış vermək üçün razılıq verir. Aydındır ki, 4-5 aylıq yardım məbləğində nağd pulu olan şəxs o qədər də kasıb deyil və bu şəxslər əsasən kənd icra nümayəndələrinin kənd bələdiyyələrinin qohum-əqrəbası olur. Beləliklə də yardıma ehtiyacı olan əsl aztəminatlı əhali bu cüzi təminatdan kənarda qalır”.

Məktubda əhalinin odun yanacağı ilə təminat məsələsində də vəziyyətin ağır olduğu qeyd edilir: “Yediyarovun təkcə bu sahə üzrə rayon əhalisinə əlavə olaraq ən azı 1 milyon 500 min manat ziyan vurub. Bu kimi yüzlərlə misal çəkmək olar. Yediyarov yaxın ətrafına bu vəsaitin abadlıq işlərinə xərcləndiyini və bu işlərin ölkə başçısının rayona gözlənilən səfərinə qədər başa çatmalı olduğunu deyir. Hazırda rayon əhalisini bir sual düşündürür. Görəsən prezident bilirmi onun Gədəbəyə səfərini bəhanə edən yerli məmurlar əhaliyə necə zülm edirlər?”

Məktubda R.Yediyarovun əmək fəaliyyəti haqda yazılır, onun əvvəlki vəzifəsinin töycü yığmaqdan ibarət olduğu, hələ də həmin təfəkkürdə qaldığı bildirilir.

P.S Yazıda adı hallanan hər kəsi, o cümlədən Ramiz Yediyarovu dinləməyə hazırıq.

/Pia.az/