BolgeXeber.Com » Bölgə » Şamaxıda torpaqlar necə mənimsənilir?

Şamaxıda torpaqlar necə mənimsənilir?

13-12-2012, 10:10
Oxunub: 4 122 Redaksiyamıza Şamaxı ilə bağlı maraqlı bir məlumat daxil olub. Rayondakı qaynaqların bildirdiyinə görə, özündə 37 bələdiyyə quruluşunu birləşdirən Şamaxı rayonunun ayrı-ayrı bələdiyyələri ilə bağlı yuxarı instansiyalara davamlı olaraq ünvanlanan şikayət məktubları nəhayətdə müvafiq dövlət qurumlarının diqqətini cəlb edib.

Mötəbər mənbənin DİA.AZ-a söylədiyinə görə, Şamaxı rayon mərkəzində və eləcə də bir neçə iri bələdiyyədə sakinlərə məxsus torpaq sahələrinin qanunsuz şəkildə bələdiyyələr tərəfindən saxta sənədlər əsasında satışı prosesi həyata keçirilib.

Məlumatda deyilir ki, əsas qanunsuzluqlar Mədrəsə və Çuxuryurd kənd ərazi nümayəndəliklərində baş verib ki, bu prosesdə də əsas qazanc götürən şəxs bir kimsə yox, Şamaxının icra başçısı Asif Məmmədov olub. Mənbəmizin söylədikləri: «Məlum olur ki, Şamaxıda kəndlilərə məxsus pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. Və ən dəhşətlisi orasıdır ki, bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Ortada konkret olaraq 34 şikayətçi vətəndaş var ki, bu gün onların torpaqlarında ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, otel-koteclər tikdiriblər».

Mənbəmiz bildirir ki, artıq bütün bu faktların «yuxarılar» tərəfindən araşdırılması qərarı verilib: «Əgər baş verən eybəcərliklər sübuta yetirilərsə, hətta icra başçısının özünün belə cəzalandırılması gözlənilir».

Onu da bildirək ki, Şamaxıdakı torpaqların mənimsənilməsində Bakıdakı məmurların da adları çəkilir və bildirilir ki, konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamları Şamaxının ayrı-ayrı yerlərində kəndlilərə məxsus torpaqları zorla ələ keçirərək, həmin ərazilərdə üzüm plantasiyaları salıblar. Bununla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub ki, həmin faktlarla sizləri yaxın günlərdə tanış edəcəyik. Bizi izləməkdə davam edin…