BolgeXeber.Com » Bölgə » Biləsuvar Mərkəzi Xəstəxanasında xəstəni əlil ediblər

Biləsuvar Mərkəzi Xəstəxanasında xəstəni əlil ediblər

7-01-2013, 13:50
Oxunub: 4 341 Cəlilabad rayon sakini Mehdiyev Ayazdan şikayət məktubu daxil olub

Şikayətçi məktubunda bildirir ki, 2009-cu il dekabrın 25-də həyat yoldaşı Mehdiyeva Dəyməgülün cərrahiyyə əməliyyatı üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxananın cərrahı Ziyafət Bayramov onlardan 400 manat alaraq bu əməliyyatı həyata keçirib. Şikayətçi deyir ki, həkimin həmin pulun xəstəxananın hesabına köçürdüyünü və ona çek verəcəyini düşünüb, lakin nə xəstəxanadan çıxana kimi, nə də sarğıya gəldiyikləri günlərdə Z.Bayramov onlara çek verməyib.

Məktubun ən dəhşətli məqamı isə bundan ibarətdir ki, sonradan Ziyafət Bayramovun D.Mehdiyevanı səhv əməliyyat etdiyi məlum olub və o, hazırda əlil vəziyyətinə düşüb: “Əməliyyatdan sonra o, bizə nə cərrahiyyə kağızı, nə snimka, nə də ultrasəs müayinəsi vermədi. Xəstəni əməliyyat edərkən, cərrah Ziyafət Bayramov onun digər orqanlarını zədələmiş, bərpa edə bilmədiyinə görə, törətdiyi qüsuru gizlətməyə çalışmış, yuxarıdan böyrəyə gələn kanalların hamısını tikib bağlamışdır. Nəticədə böyrək qidalanmamış, bu uzun illər ərzində çürümə getmişdir. Ziyafət Bayramov törətdiyi qüsur barədə bizə heç nə demədi, yalnız bu yaxınlarda əlac olmadığına görə biz yenidən Biləsuvar xəstəxanasına gələndə dedi ki, böyrək hökmən kəsilib götürülməlidir. Özü gözəl bilirdi ki, bədənin digər orqanlarını zədələdiyinə görə, onun səriştəsizliyi ucbatından böyrək çürümüşdür”.

A.Mehdiyev yazır ki, bu uzun illər ərzində həyat yoldaşınn vəziyyəti dəfələrlə ağırlaşıb. Dəqiq qüsuru Ziyafət Bayramov qorxusundan onlara demədiyinə görə, yoldaşı müxtəlif başqa xəstəliklərdən uzun zaman müalicə olunub. Bakıdan, İrandan üzübelə onu müalicəyə aparıblar: “Xəstəxanalara, dava-dərmanlara, yollara 10 min manatdan çox pulum çıxıb. Avtoritetli həkimlərin rəyi belə olub ki, 3 il qabaq əməliyyat zamanı daxili orqanları cərrah zədələyib, nəticədə məcbur qalıb cinayəti gizlətmək üçün xəstədə ağrı-acı üzə çıxmasın deyə, böyrəyin üstündəki bütün kanalları tikib bağlayıb. Bu, çəkdirdiyimiz aparat şəkillərində da açıq-aşkar görsənir”.

A.Babayev deyir ki, işlə bağlı cinayət işi açılması üçün dövlət orqanlarına müraciət edib və Ziyafət Bayramovun məsuliyyətə cəlb olunmasını tələb edib.

Şikayətçi deyir ki, iradlarını Ziyafət Bayramova bildiriblər, lakin o deyir, iki uşaq oxuduram, sənə nə kömək edə bilmərəm?! “Deyir, mən əməliyyatda tək olmamışam, məndən başqa 2 nəfər olub, bəlkə onlar edib? Maraqlıdır, məgər əməliyyatda aparıcı cərrah məsuldur, ya köməkçi assistentlər? Həyat yoldaşımın böyrəyi içəridə çürümüş, bu yaxınlarda əməliyyat olunaraq götürülmüş, həyat yoldaşım əlil olmuş və indi yerdə yatır”.

A.Babayev yazır ki, Ziyafət Bayramov kimi qəssablar “dəlləkliyi bizim başımızda öyrənir”, insanların həyatını məhv etmələri belələrinin vecinə deyil, təki pul gəlsin: “Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimindən də xahiş edirəm ki, Ziyafət kimi səriştəsiz, naşı həkimlərlə xəstəxananın adını batırmasın, daha layiqli kadrları işə götürsün”.
Qeyd edək ki, Biləsuvar Mərkəzi Xəstəxanasının rəhbərliyinin və yazıda çəkilən Ziyafət Bayramovun da mövqeyini yayımlamağa hazırıq.