BolgeXeber.Com » Bölgə » Biləsuvarlılar üsyana qalxır

Biləsuvarlılar üsyana qalxır

11-01-2013, 03:45
Oxunub: 3 917 İcra başçısının «qaz çəkmə» əməliyyatı rayonu iflic edib, rayonun mərkəzində 6 aydın işləri başa çatdıra bilmirlər

Biləsuvar rayonunda əhali üsyana hazırlaşır. Bolgexeber.com-a verilən məlumata görə, buna səbəb icra başçısının yarıtmaz fəaliyyəti və onun rayonun mərkəzində həyata keçirmək istədiyi «layihə»nin bütün məntəqəni iflic etməsidir.
Məlumatda deyilir ki, yay aylarından başlayaraq Biləsuvarın mərkəzində qaz borularının çəkilməsi üçün bütün yolları qazıblar. Rayonun mərkəzində olanlar deyirlər ki, mənzərə o qədər qəribədir ki, sanki hər yer səngərdir və Biləsuvar döyüşə hazırlaşır. Belə ki, bütün yollar qazılıb, amma üç aya yaxındır ki, heç bir iş görülmür.
Camaatı ayağa qaldıran səbəb də odur ki, 6 aydır davam edən qaz çəkmə prosesi heç cür yekunlaşmır. Üstəlik, insanların gediş-gəlişinə də ciddi maneələr yaranıb. Xüsusən də qış aylarında vəziyyət daha acınacaqlıdır. Çünki yağış yağdıqdan sonra hər yer palçığa bürünüb və yollar keçilməz hala düşüb. İşə gedənlər isə nə edəcəklərini belə bilmir.
Məsələ ilə bağlı dəfələrlə Biləsuvar İcra Hakimiyyətində olan rayon sakinlərinə isə hər dəfə vədlər verilib və yaxın günlərdə prosesin yekunlaşacağını deyiblər. Amma gedişat bu işlərin hələ uzun müddət davam edəcəyindən xəbər verir. İnsanlar isə bundan beziblər və belə davam edərsə, icra başçısının istefası tələbi ilə küçələrə axışacaqlar.