BolgeXeber.Com » Bölgə » Zaqatalada nə baş verir?

Zaqatalada nə baş verir?

31-01-2013, 11:20
Oxunub: 4 843 Başçının I müavini və deputat izahat verdi

Zaqatalanın bir neçə kəndində zəlzələdən zərərçəkənlər onlara verilən kompensasiyadan narazıdırlar. Yanvarın 30-da narazı sakinlərin yürüşə çıxdıqları barədə məlumatlat yayılıb. Qeyd olunur ki, zərərçəkənlər zəlzələdən sonra hökumətin vəd etdiyi məbləğdə kompensasiya ödənilməsini tələb edirlər. Hətta bu məqsədlə 150-yə yaxın insanın Zaqatala rayon İcra Hakimiyyəti binasının önünə gələrək tələblərini səsləndirdikiləri iddia olunur.
Məsələyə aydınlıq gətirmək üçün Modern.az rayondakı vəziyyəti müxtəlif mənbələrdən öyrənib.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov rayonda sakinlərin müəyyən narazılıqlarının olduğunu təsdiqləqdi. Onun sözlərinə görə, həmin şəxslər evlərinin təmir və ya bərpasını yox, yenidən tikilməsini istəyirlər:
“İsmayıllı hadisələrindən sonra bəzi müxalifət qəzetləri Zaqatalada da şou axtarırlar. Ancaq burada belə bir şey yoxdur. Bu gün fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev rayonun 5 kəndində sakinlərlə açıq görüş keçirdi”.
Əhalinin kompensasiya aldığını deyən komissiya sədri onu da bildirdi ki, kompensasiyanı almaq istəməyən müəyyən insanlar da var ki, onlar da evlərinin yenidən tikilməsini istəyirlər. Elman Ramazanovun sözlərinə görə, həmin sakinlərin evləri ciddi şəkildə qəzalı deyil, bərpaya ehtiyacı var: “Sakinlərə verilən kompensasiyaların məbləği onların evlərinin sahəsinə görə müəyyənləşib. Dövlət tərəfindən müəyyən edilmiş norma var. Belə ki, sahəsi 100 kv/m-ə qədər olan mənzillərə 4000 manat, 150 kv/m-ə qədər 5000 manat, 200 kv/m-ə qədər 6000 manat, 200 kv/m-dən yuxarı olan mənzillərə isə 7000 manat vəsait verilir. Ən aşağı 4000, ən yuxarı rəqəm isə 7000 manatdır. Bəzi insanlar var ki, kompensasiyanın az olduğunu və evlərini həmin pulla təmir etdirə bilmədiklərini deyirlər. Artıq komissiyalar yaradılıb ki, həmin evlərə yenidən baxış keçirilsin. Nazirliyin komissiyaları tərəfindən bərpa rəyi verilmiş 2900-ə yaxın ailəyə kompensasiyaların verilməsinə başlanıb. Rayonda zəlzələdən zərər çəkən sakinlərə evlərinin təmiri məqsədilə kompensasiyaların verilməsi prosesi davam etdirilir. Bu günə kimi 1058 ailəyə 5 milyon 386 min manat vəsait verilib və bu proses davam edir. Əlavə olaraq 833 evin tikintisi üçün də vəsait təqdim olunacaq. Hazırda 3003 evdə təmir gedir. 2923 ev tikilib təhvil verilib”.
Zaqatalalı deputat Hikmət Atayev də bildirdi ki, zəlzələdən zərər çəkənlərin müəyyən narazılıqları olsa da, aksiya-filan keçirməyə cəhd edən yoxdur. Millət vəkilinin sözlərinə görə, rayonda belə cəhdlər heç olmayıb: “Belə cəhdlərdən məlumatım yoxdur. O ki qaldı problemlərə təbii ki, problemlər var. Hazırda zərərçəkən insanlara çox gözəl evlər tikilir. Bəzi insanların evlərində dağıntılar çox deyil, xırda çatlar var. Həmin evlərin təmirə ehtiyacı var. Lakin həmin insanlar da istəyir ki, onlara da yeni evlər tikilsin. Əvvəl istəmirdilər. Amma tikilən evləri görəndən sonra onlar da yeni evlərin inşasını tələb edirlər. Yalnız belə narazılıqlar var. Onlar tələb edirlər ki, həmin evlərə təkrar baxış keçirilsin. Deyirlər ki, “bizim evimizdə qəzalı kimi qiymətləndirilsin və bu evlər də sökülərək yeni evlə əvəzlənsin”. Qalan kimin ki, evləri tikilir onlarda problem yoxdur”.
Zəlzələdən sonra tikilib qurtaran evlərlə yanaşı, tikilməyənlər evlərin də olduğunu deyən deputatın sözlərinə görə, kimin ki, evləri tikilməyib onlar müvəqqəti sığınacaqlarda qalırlar. Millət vəkili onu da bildirdi ki, soyuq havalarda onlara çətin olsa da, narazılıq yoxdur. Çünki onlar görürlər ki, evlərini tikirlər.
”Ona görə, özləri də canla-başla evlərin tikilməsinə kömək edirlər, ustalara da qulluq edirlər”.
Zaqatalada rayonun icra başçısının köməkçisi Xaqani Məmmədov da rayonda hər hansı aksiyaya cəhdin olmadığını söylədi.