BolgeXeber.Com » Bölgə » İcra başçısının 80 minlik oyunu

İcra başçısının 80 minlik oyunu

1-02-2013, 12:00
Oxunub: 4 373 Alı Alıyev gəncləri mühafizə xidməti adı ilə aldadıb

Redaksiyamıza Füzuli rayonunun icra başçısı Alı Alıyevin bəzi əməlləri ilə bağlı ilginc məlumatlar daxil olub. Rayondakı qaynağın Bolgexeber.com-a bildirdiklərindən belə məlum olur ki, bir müddət əvvəl icra başçısı özünə yeni biznes qurmaq fikrinə düşüb və hətta hələ fəaliyyətə başlamayan biznesindən külli miqdarda gəlir əldə etməyə də müvəffəq olub.
Mənbənin söylədikləri: «Alı Alıyev rayondakı özəl obyektlərin mühafizəsini təşkil edəcək bir özəl mühafizə xidmətinin yaradılması üçün yaxınlarına tapşırıq verir. Və «SOS» adlı bir mühafizə xidməti də yaradılır. Rayonda belə bir söhbətlər dolaşır ki, bütün obyektləri məhz həmin özəl xidmət mühafizə edəcək».
Lakin Alı Alıyev işin ortasında fərqinə varır ki, onun mühafizə polisi ilə baş etməsi imkansızdır: «Amma buna rəğmən təxminən 40-a yaxın gəncdən 2000 manatdan yeni özəl mühafizə xidmətində çalışacaqları bəhanəsi ilə pul alınmışdı. Onlardan pul alınarkən bildirilmişdi ki, həmin məbləğ geyimlərin, vəsiqənin və digər lazımi vasitələrin hazırlanmasına xərclənəcək».
Gənclərin sevinc içində Alı Alıyevin adamlarından təklif gözlədiyini bildirən mənbəmiz vurğulayır ki, amma onların sevincləri uzun çəkməyib: «Sonradan hər şey aydın oldu. Və məlum oldu ki, artıq «SOS» adlı mühafizə xidməti fəaliyyətini dayandırıb. İndi gənclər pullarını geri tələb etsələr də, onlara həmin pulu qaytaran yoxdur. Məhz Alı Alıyevin adı altında bütün proseslər həyata keçirildiyindən bu məsələ ilə əlaqədar gərəkən dövlət qurumları da heç bir araşdırmanı aparmaq istəmir».
Mənbəmiz konkret olaraq 18 gəncin bu məqsədlə şikayətçi düşdüyünü və hətta icra başçısı ilə görüş tələb etdiyini də vurğuladı.