BolgeXeber.Com » Bölgə » Astarada vəziyyət pisləşdi

Astarada vəziyyət pisləşdi

4-02-2013, 10:30
Oxunub: 4 527 Qəzənfər Ağayevin pul qazanmaq sevdası rayonu bir-birinə vurub, əhali öz arasında şərt qoyub

Astarada vəziyyət xeyli gərginləşib. Qəzənfər Ağayevin icra başçısı təyin olunmasından sonra durumun qismən düzələcəyinə ümid bəsləyən rayon sakinləri Mahir Quliyevin atasına rəhbət oxumağa başlayıblar.
Bolgexeber.com bildirir ki, tia.az saytına verilən məlumatda deyilir ki, artıq Astarada yerli sakinlər Qəzənfər Ağayevə ayama da qoşublar. Onu icra başçısından daha çox, «alverçi» adlandıran rayon camaatı bu adı səbəbsiz yerə qoymadıqlarını vurğulayırlar.

Bildirilir ki, Ağayev icra başçısı təyin olunandan sonra rayondakı bütün gəlirli sahələri gözaltı etməyə başlayıb. İlk olaraq Astara bazarına mehr salan icra başçısı oranı ələ keçirmək üçün addımlar atıb. Lakin bazarda alver edən şəxslər tərəfindən az qala döyülmək həddinə qədər gələn Qəzənfər Ağayev yaxasını onların əlindən güclə qurtara bilib.

Məlumata görə, icra başçısının növbəti hədəfi Astarada fəaliyyət göstərən turistik məkanlar və restoranlardır. Hal hazırda onun rayonda bir-neçə restoran və şadlıq evlərini ələ keçirmək üçün hərəkətə keçdiyi deyilir. Bu məqsədlə onun öz yaxın adamlarından birini prosesə cəlb etdiyi də vurğulanır.
Bu əsnada Qəzənfər Ağayevin pul qazanmaq üçün yeni bir metod tapdığı da məlum olub. Tia.az-a verilən məlumata görə, icra başçısı Astarada yerləşən Gömrük Keçid Məntəqəsinin imkanlarından yararlanmaq fikrinə düşüb. Belə ki, o, hər gün gömrükdən keçən Azərbaycan və İran vətəndaşlarından 2 manat «torpaqpulu» almaq təklifini irəli sürüb. Və bu məsələni də belə əsaslandırıb ki, həmin pullar Astaranın abadlaşdırılmasına sərf olunacaq.

Nəzərinizə çatdıraq ki, gün ərzində Astara Gömrük Keçid Məntəqəsindən keçənlərin sayı təqribən 6-8 min nəfər arasında dəyişir. Bu rəqəmi də 2 manata vurarsaq, gündəlik 12-16 min manat pul deməkdir. Aylıq gəlir isə bu zaman 360-480 min manat civarında olacaq. Bu qədər pulu əldə etmək üçün Qəzənfər Ağayevin hətta yuxarılara rüşvət təklif etdiyi də iddia olunur.

Qeyd edək ki, bu xəbər Astarada yayılandan sonra əhali arasında çalxalanma başlayıb. Çünki dolanışığını gömrük vasitəsi ilə quran bu insanlar hər keçidlərinə görə, 4 manat ödəmələri onlar üçün ciddi itki hesab olunur. Rayon camaatı öz aralarında söz verib ki, əgər belə bir addım atılarsa, Astaranı İsmayıllıdan betər bir günə salacaqlar.