BolgeXeber.Com » Bölgə » Ağcəbədinin baş həkimi bərk getməkdə kimə güvənir?

Ağcəbədinin baş həkimi bərk getməkdə kimə güvənir?

9-02-2013, 01:40
Oxunub: 5 930 Baş həkim verdiyi pulu çıxartmaqdan ötrü yeni üsullara əl atır

Ağcəbədi rayonu Mərkəzi Xəstəxanasına Novruz həkim təyin edildikdən sonra bu sahənin daha da bərbad vəziyyətə düşdüyü ortadadır. Dəhşətli budur ki, rayondakı səhiyyə müəssisələrində həkimlər xəstələrin "dərisini soyurlar". Bunun qarşılığında səlahiyyət sahibləri baş verənlərə münasibət bildirmək istəmirlər. Çünki səhiyyə müəssisələri baş həkimlərlə səhiyyə naziri Oqtay Şirəliyev arasında necə gəldi bölünüb. Xüsusilə də xəstəxanalardan və xəstələrdən əldə edilən gəlirlər hesabına "işbaz həkimlər" nazirliyin aylıq "taksasın" ödəməklə istədikləri özbaşınalıqları məharətlə həyata keçirə bilirlər. Buna birbaşa məsul olan baş həkim isə baş verənlərə aydınlıq gətirmək əvəzinə deyilənlərin "şayiə" olduğunu zənn edir.

Ağcəbədi rayon xəstəxanasında analizlərin və əməliyyatların tariflərini kimlər necə müəyyənləşdirir?

Ağcəbədinin səhiyyə sistemində ciddi problemlərin olduğu sirr deyil. Xəstəxanada rüşvətin geniş yayılması, istər dövlət, istərsə də özəl tibb mərkəzlərində adi xəstəliklərin müalicəsi üçün belə yüksək məbləğdə vəsaitin tələb olunması, paralel olaraq tibbi xidmətin keyfiyyətinə diqqətin azalması, diaqnozların düzgün qoyulmaması (bəzən qəsdən-müəl.), müalicə zamanı keyfiyyətsiz dərmanlardan istifadə edilməsi rayonda vətəndaşların sağlamlığını təhlükədə qoyan faktorlara çevrilib. Əslində bu gün xəstəxanada köklü islahatların aparıldığı görüntüsü yaradılsa, kəndlərdə yeni tibb ocaqları istifadəyə verilsə də, mövcud problemlər nəinki azalıb, hətta baş həkimin səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb.
Adi müayinə üçün xəstəyə ən azı 40-50 manat vəsait lazım olur. Əgər müalicəyə və ya əməliyyata ehtiyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxır. Məsələn, adi onurğa yırtığının əməliyyat olunması üçün ən yaxşı halda 400-500 manat arası vəsait tələb olunur. Daha ciddi əməliyyatlarda bu xərclər dəfələrlə artır. Elə buna görə də Azərbaycanda xəstəxana çarpayılarının sayı və onların istifadəsinin beynəlxalq təcrübə ilə müqayisəsi göstərir ki, tibbi xidmətin baha olması ilə əlaqədar əhalinin əksəriyyəti evdə müalicə alır.

Təbii ki, bütün bunlardan Səhiyyə Nazirliyinin xəbəri olmadığını iddia etmək mümkün deyil. Aparılan araşdırmalar göstərir ki, pulsuz xidmət göstərən xəstəxanalarda analizlərin qiymətini Səhiyyə Nazirliyinin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir. Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyardlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin həkimlərdə qaldığı, nə qədərinin «yuxarı» ötürüldüyü məlum olmasa da, bəzi qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlardan müəyyən nəticələr çıxarmaq olar.

Ağcəbədi rayonuna yeni təyin olunmuş baş həkim bir çox üsullara əl atıb. Belə ki, ixtisası olmayan şəxsləri aidiyyatı olmayan sahələrə yönləndirir. Əlbətki bu elə-belə başa gəlmir. Baş həkim “yuxarı”ya verdiyi pulları çıxarmaqdan ötrü qanunsuzluqlara yol verir. Aldığımız məlumata görə, bir neçə kəndlərdə məsələn Salmanbəyli kəndində baytar həkimini tibbi məntəqənin baş həkimi təyin edib. Xəstəxananın girişi pullu fəaliyyət göstərir. Xəstəxananın həyətinə daxil olmaqdan ötrü maşın sahibi mütləq şəkildə pul ödəməlidir. Sakinlər hətta bu işə yeni bir ad qoyublar “Novruzun qıl körpüsü”. Xəstəxanadakı qanunsuzluqlar barədə araşdırmalarımız davam edir. Yaxın saatlarda geniş reportajı oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...