BolgeXeber.Com » Bölgə » Astara gömrüyündə çaxnaşma: üsyan!

Astara gömrüyündə çaxnaşma: üsyan!

18-02-2013, 16:55
Oxunub: 5 789 Gömrük strukturlarındakı özbaşınalıq əhalini təngə gətirib. Elə bunun nəticəsidir ki, portalımızda davamlı olaraq bu qəbildən olan şikayət məktublarına yer verməkdəyik. Bu dəfə isə Dia.az-a bir qrup sahibkar Astara gömrükxanasının işi ilə bağlı şikayət ünvanlayıb.

Şikayətçilər bildirir ki, onlar prezidentin 12 fevral tarixində keçirilən müşavirədə sahibkarlara qahmar çıxmasından məmnun qalıblar: «Amma təkcə icra strukturlarına xəbərdarlıq edildi. Lakin gömrük və digər qurumlar yaddan çıxmamalıdır. Cənab prezidentdən xahişimiz odur ki, bu gün ərəbzəngi kimi gömrük qapılarında bizi talayanların da cəzasını versin».

Şikayətçilərin sözlərinə görə, ən bərbad durum Astara gömrük idarəsindədir: «İdarənin rəhbəri Hikmət Məmmədov özündən gündə bir tarif çıxarır, hər bir bəhanə ilə bizdən pul alır. Dəfələrlə şikayət etsək də, bizi eşidən yoxdur. İran sərhədini asanlıqla keçsək də, Astara gömrüyündə ilişib-qalırıq. Biz mal gətirənlər bir yana. İrana müalicə üçün gedənlər də gömrük məntəqəsində qanunsuz olaraq yubadılır.

İrana keçənlərdən adambaşına 10 manatdan pul gedəndə, 10 manatdan da gələndə alınır. Həmin pullar isə birbaşa olaraq Hikmət Məmmədova çatır. Yəni alınan pulun müqabilində kimsəyə ödənişlə bağlı sənəd verilmir».

Sahibkarlar bildirir ki, irana bu gün hətta öz təminatı üçün vətəndaşlar alış-veriş məqsədilə də gedirlər: «Onlar da incidilir. Hətta bir kisə kartofu belə keçirmək müşkülə çevrilib. Səbəbsə Hikmət Məmmədovun tamahıdır. Əgər belə davam edərsə, biz Astara gömrük idarəsinin qarşısında aksiya keçirmək zorunda qalacağıq».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…