BolgeXeber.Com » Bölgə » Xaçmazın baş həkimi baş verənlərə münasibət bildirdi

Xaçmazın baş həkimi baş verənlərə münasibət bildirdi

14-03-2011, 07:25
Oxunub: 6 256
Bəhram Şahverdiyev bunu polisə xəbər vermədikləri üçün xəstənin onlara minnətdarlıq etməsi əvəzinə müxtəlif qurumlara şikayət etməsini başa düşə bilmədiyini vurğuladı.

Dünən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında yaşanan ilginc nöqsanlar barədə məlumat verərək qeyd etmişdik ki, mart ayının 3-dən Xaçmaz şəhər sakini 1982-ci il təvəllüdlü Əhmədova Məhbubə Səməd qızı doğum şöbəsinə qəbul olunsa da, baxımsızlıq və ögey münasibət ucbatından vəziyyəti ağırdır. Həmçinin artıq həkimlərin ona müalicəsinin Bakıda olduğunu söyləmələrini də vurğulamışdıq. Xəstəxana rəhbərliyi ilə əlaqə saxlaya bilmədiyimiz üçün onların münasibətini öyrənə bilməmişdik. Bu gün isə xəstəxananın baş həkimi Bəhram Şahverdiyevlə əlaqə qura bildik.

Baş həkim bizə açıqlamasında isə çox qəribə açıqlamalar verərək bildirdi ki, adıçəkilən xəstə guya 5 aylıq uşağını öz təşəbbüsü ilə daxilə dərmanlarla kimyəvi təsir göstərmək üsulu ilə pozmağa çalışmış bunun da nəticəsində vəziyyəti pisləşdiyi üçün xəstəxanaya müraciət etmişdir. Bəhram Şahverdiyev bunu polisə xəbər vermədikləri üçün xəstənin onlara minnətdarlıq etməsi əvəzinə müxtəlif qurumlara şikayət etməsini başa düşə bilmədiyini vurğuladı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, Qanunsuz abort etmə hamilə qadının sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə təhlükə yaratdığı üçün cinayət məsuliyyəti nəzərdə tutur ki, bu da əsasən abort edən həkimə aiddir. Məlumat üçün deyək ki, bu cinayətin subyekti tibb bacısı, mamaça və orta tibbi təhsilli digər şəxslər, habelə heç bir tibbi hazırlığı olmayan şəxslər və ixtisası müvafiq olmayan ali tibbi təhsilli şəxslər sayılır. Maraqlıdır ki, baş həkim bütün bu baş verənləri bizə izah edərkən ya bilərəkdən, ya da qərəzli olaraq yanlış istiqamətdə şərh etmiş ya da ümumiyyətlə cinayət hüququ deyilən bir şeydən xəbəri olmadığı üçün məsələni bu cür izahatlarla yola verməyə çalışmışdır.

KİV-si olaraq, baş həkim də daxil olmaqla cəmiyyəti maarifləndirməkdə məsuliyyətli olduğumuzu nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən “qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma- şərti maliyyə vahidi məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Məlumat üçün deyək ki, xəstənin qeyri-iş vaxtı müraciət etməsi, yaxud da tibb işçisinin bu zaman məzuniyyətdə olması üzrlü səbəb hesab olunmur. Tibb işçisi həkim, tibb bacısı, feldşer və tibb heyətinin yardım göstərməli olan digər üzvləri ola bilər. Qanunvericiliyə əsasən tibb işçiləri evdə, küçədə, yolda və ya digər ictimai yerlərdə yardıma ehtiyacı olan hər bir şəxsə kömək etməlidirlər o ki, qaldı xəstəxana palatalarında canı ilə əlləşən xəstələrə..

Bəhram Şahverdiyevin polisə müraciət məsələsinə gəlincə isə, xəstəxanaya müraciətlərdən bir necə hallar var ki, xəstəxana dərhal bu barədə polisə xəbərdarlıq verməlidir. Əgər Əhmədova Məhbubənin müraciəti təyinatı üzrə bu cür hallardan sayılırsa, hansı ki, xəstənin doğum şöbəsinə müraciəti əksər hallarda polisə çatdırılmalıdır, onda xəstəxana rəhbərliyi məlumatın niyə mart ayının 11-də üzə çıxmasının səbəblərini də izah etməlidir.

Xəstəxana yetkilisinin bizim bu araşdırmamızın qarasınca söylədiklərinə isə cavab olaraq bildirmək istəyirik ki, KİV-lər cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndinə əsasən, KİV-lərin məlumatları cinayət işinin başlanması üçün səbəb ola bilər.

Qeyd edək ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı rayon icra aparatının məsul şəxslərinin də məlumatı var.Rayon icra hakimiyyəti başçısının müavini Yetkin Mehmanov faktı araşdıracaqlarını və lazımi tədbirlərin görüləcəyini bildirmişdir. Mövzunu diqqətdə saxlayacayıq.