BolgeXeber.Com » Bölgə » “Bu məmur qoymur ki, camaat özünə bir yer açıb çörək pulunu qazansın…”

“Bu məmur qoymur ki, camaat özünə bir yer açıb çörək pulunu qazansın…”

22-02-2013, 18:25
Oxunub: 5 150 Bakının qədim tarixə malik olan rayonlarından biri də Suraxanıdır. 1934-cü ildə salınan rayon Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsindən ibarətdir. Zəngin tarixi ilə seçilən Suraxanı 1990-cı ilin aprel ayına qədər Orconikidze rayonu adlandırılıb. Rayonun ən gənc qəsəbələrindən olan Yeni Suraxanı isə 1930-1936-cı illərdə salınıb. 1936-cı ildə Kirov qəsəbəsi adı ilə qəsəbə statusu alıb və Bakı şəhərinin inzibati ərazisinə daxil edilib. 1992-ci ildən Yeni Suraxanı qəsəbəsi adlandırılıb.
Rəsmi məlumata əsasən, qəsəbə ərazisində 15300 nəfər, qeyri rəsmi məlumata görə, 16500 nəfər əhali yaşayır. Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbəsi, eləcə də Xəzər rayonunun Binə qəsəbəsi ilə həmsərhəddir. Gənc qəsəbə olmasına baxmayaraq, Yeni Suraxanı məmur özbaşınalığı üzündən vaxtından əvvəl qocalıb. Daha dəqiq desək, rayonun icra başçısı İlqar Abbasovun qəsəbədəki səlahiyyətli nümayəndəsi Vahid Danıyevin əməlləri sakinləri əməlli-başlı boğaza yığıb. İcra nümayəndəsinin qanundan kənar işləri və vətəndaşlara göstərdiyi saymazyana münasibət haqqındaəvvəlki saylarımızda məlumat vermişik. Xatırladaq ki, Yeni Suraxanıda uzun müddətdən bəri vəzifə tutan icra nümayəndəsi əlindəki səlahiyyətlərdən sui-istifadə edərək qəsəbədə özü üçün lüks şərait yaradıb. Məlumatlara görə, qəsəbə ərazisində bir neçə ərzaq dükanı və ticarət obyekti olan icra nümayəndəsi Yeni Suraxanının abadlaşdırılması üçün ayrılan tikinti materialları hesabına özünə ikimərtəbəli imarət tikib. Qəsəbədə yaşayan sakinlərdən redaksiyamıza ünvanlanan şikayətlərdə bildirilir ki, icra nümayəndəsinin yeni evi məscidə bitişikdir. Sakinlərin sözlərinə görə, məmur imarəti tikdirərkən məscidin ərazisindən də istifadə edib: “Qəsəbədə 1990-cı ildə salınan Heydər məscidi namaz əhlinin yeganə ibadət yerlərindəndir. İcra nümayəndəsi məscidin ərazisini zəbt edib. Vəzifəsi var deyə hər nə gəldi edir. Yollarımız bərbad vəziyyətdədir. İşıqlandırma sistemləri olmadığı üçün gecələr rahat hərəkət etmək olmur. Şikayət edən kimi də icra nümayəndəsi bizə deyir ki, dərdinizi bələdiyyəyə söyləyin. Bələdiyyə sədri Asəf Rəhimov da ondan geri qalmır. Bələdiyyə büdcəsində vəsait ola-ola küçələri düzəltmirlər. Hər tərəf zibillik içindədir”. Küçələrdə zibil əlindən tərpənməyin mümkünsüz olduğunu deyən şikayətçilər qeyd edirlər ki, icra nümayəndəsi qəsəbənin inkişafına eqoist yanaşır: “Onun işi-gücü ancaq hardasa obyekt tikmək, ya da kiminsə çörəyinə bais olmaqdır.
Məmur qoymur ki, camaat özünə bir yer açıb çörək pulunu qazansın. İstəyir ki, hər şeyi öz əlinə keçirsin. Pulu, dayağı olmayan adamları incidir. Hacı Xanların obyektlərinə isə girişə bilmir. Qəsəbədə böyük nüfuza malik olan Hacının Yeni Suraxanıda çoxlu obyektləri var. Suraxanı bazarı da onundur. Vahid müəllim bu obyektləri bağlatdırmağa ehtiyat edir. İcra başçısına şikayət etmək istəmişik. Amma hər dəfə Suraxanı rayon İcra Hakimiyyətinə gedəndə bizi əliboş yola salıblar.

qazeta.com