BolgeXeber.Com » Bölgə » Astarada təhsil diktaturası?

Astarada təhsil diktaturası?

31-07-2010, 10:40
Oxunub: 4 253
Rayon təhsil şöbəsinin müdiri jurnalistləri saymır

Təhsil ilinin başlamasına cəmi 1-2 ay qalmış və hələ tətil ayları olmasına baxmayaraq, bəzi rayonlarda rüşvətlə işə qəbul etmə halları ilə bağlı bəzi müraciətlər almış oluruq. Ümumiyyətlə, bölgələrə ezam etdiyimiz əməkdaşlarımızın yerli sakinlərdən eşitdiyi ən çox şikayətlər təhsillə bağlı olur. Bölgə əhalisi məktəblərdə saysız-hesabsız pultoplama halları, attestatların satışı, şəgirdlərin, xüsusən də məzunların imtahanlarda sıxışdırılaraq, rüşvətə vadar edilməsi və digər ürəkağrıdan məqamlarla bağlı çox narazı fikirlər bildirirlər.

Belə giley dolu müraciətləri daha çox eşitdiyimiz bölgələrdən biri də Astara rayonu oldu. Bu rayona ezam edilən əməkdaşımız yerli əhalinin problemləri ilə maraqlanarkən, onları ən çox narahat edən məsələnin təhsil durumu və rayon təhsil şöbəsi rəhbərliyinin laqeyd fəaliyyəti oldu. Vətəndaşların dediklərinə görə, rayonda təhsil səviyyəsi o dərcədədir ki, artıq şagirdlərdə nəinki 11 illik, hətta 9 illik belə təhsil almaq həvəsi qalmayıb. Buna səbəb isə, Astara məktəblərində olan özbaşınalıq və korrupsiyya halları olaraq göstərilir.

Belə ki, Astaranın adı ən az abituriyentlərin qeydə alındığı rayonlar arasında gedir və buradan çıxan ali təhsilli gənclərin də sayında sevindirici bir artım müşahidə olunmur. Valideynlərin sözlərinə görə, rayonda elə bir təhsil şəraiti yaradılıb ki, onlar öz övladlarının baxımsız və qayğısız şəkildə idarə edilən məktəblərdə təhsil almasındansa, ya evdə oturmalarını, ya da başqa bir işlə məşğul olmalarını daha məqsədəuyğun sayırlar. Məhz, buna görədir ki, məktəblərdə 8-ci və daha yuxarı siniflərdə çox cüzi miqdarda şagird təhsil alır. Belə olan halda isə, təbii ki, qızlar yarımçıq orta təhsillə evdə oturub elçi gözləyəcək, kəmsavad oğlan uşaqları isə qara fəhləliklə gün-güzəran qurmağa çalışacaqlar.

Rayonda attestat almağın da çox çətin və baha başa gələn olduğu bildirilir. Ümumiyyətlə, indiyədək bir çox mətbuat nümayəndəsi bu hallar barədə yazmaq və araşdırma aparmaq istəsə də, onlara əngəllərin törədildiyini də eşitdik. Bu və digər faktlarla bağlı olaraq, əməkdaşımız Astara təhsil şöbəsinin müdiri Qızbəst Məmmədovanın qəbuluna əlaqə saxlamaq və ondan münasibət öyrənməyə çalışdı. Lakin, rayon təhsil rəhbərliyi heç bir vəchlə danışmaq istəmədi. Əməkdaşımızın dəfələrlə etdiyi müraciətlər, hətta, müavin səviyyəsində belə cavablandırılmadı.

Məsələ ilə bağlı olaraq, əməkdaşımız Astara rayon icra hakimiyyətinə üz tutdu. Rayon icra başçısının təhsil məsələləri üzrə müavini Natiq İbadov isə, acizanə şəkildə bildirdi ki, onlar Qızbəst xanımın işlərinə müdaxilə edə bilmirlər və ümumiyyətlə, bu qadın rayonda heç kimi vecinə almır. Xüsusən də, mətbuat nümayəndələrinin o xanım üçün arzuolunmaz olduğunu da öyrəndik. Və hətta, öyrəndiyimizə görə, bu ədavətə səbəb, qəzetlərdən birində Qızbəst Məmmədovanın işə içkili vəziyyətdə gəlməsi ilə bağlı, ötən il gedən yazı olub. Mövzu ilə bağlı əməkdaşımızın araşdırmaları davam edir.