BolgeXeber.Com » Bölgə » Ağsu Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?

Ağsu Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?

15-03-2013, 14:35
Oxunub: 23 861 Ağsu Rayon Mərkəzi Xəstəxanası və adıçəkilən tibb ocağının baş həkim müavini Əli Hüseynovdan redaksiyaya şikayət məktubu daxil olmuşdur . Rayonun Çaparlı kənd sakinlərinin sözlərinə görə, baş həkim xəstəxananı özünün şəxsi mülki kimi idarə edir. İş o yerə çatıb ki, o xəstəxananın bütün işlərini müavini Əli Hüseynova həvalə edib. O da rayonda səhiyyəni məhv etməklə məşğuldur: "Əli həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən 15-20 manat alsınlar. Onun xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur". Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür və tibb müəssisəsinin dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə pulla həyata keçirilir: "Burada çalışan bəzi həkimlər xəstələrə mənbə kimi baxırlar. Tibb bacısından, həkimlərdən tutmuş qapıda dayananlara kimi, hamı, içəri girər-girməz xəstədən çox, ilk əvvəl adamın geyiminə, bura hansı maşınla gəldiyinə, cibinin dolu olub-olmamasına baxırlar. Onlar üçün xəstənin nə vəziyyətdə olması ikinci plandadır. Həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxması artıq xəstəxanada dəb halını alıb. Demək olar, burada nadir hallarda xəstəni təmənnasız müayinə etsinlər. Müayinələrin pulsuz olması yalnız qanunda, yəni kağızda öz əksini tapıb. Burada olan xidmətlər heç də özəl klinikalardan fərqlənmir. Adi rentgen müayinəsinin belə heç olmasa, 10-15 manat xərci var. Bundan əlavə, USM müayinəsi üçün 15-25 manat, bir iynənin vurulması üçün 3-5 manat arasında, reseptin yazılması üçün də 5 manat pul tələb olunur. Hələ digər xidmətləri demirik. Bir sözlə, Ağsu Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq əməlli-başlı ayaq açıb yeriyir".
Şikayətçilər bildirir ki, Ağsuda imtiyazlı xəstələrə qayğıdan söhbet belə gedə bilməz. Qarabağ müharibəsi əlilinə, Böyük Vətən müharibəsi veteranına, Çernobıl əlilinə, şəkərli diabet, vərəmli, hemofiliyalı, talassemiyalı xəstələrə pulsuz tibbi xidmət göstərmək adı ilə respublika Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən ayrılmış külli miqdarda vəsaitin də mənimsənildiyi iddia olunur. Qeyd olunur ki, xəstəxanada müayinə və müalicə zamanı bu növ vətəndaşlardan da açıq-aşkar rüşvət tələb olunur. Rüşvət verməyən xəstələr isə baxımsız qalır.

Mənbənin sözlərinə görə, rayon mərkəzi xəstəxanasının baş həkimi rayon İH başçısı Ə.Seyidəliyevə arxalanaraq bütün bu cinayət tərkibli əməlləri heç kəsdən çəkinmədən həyata keçirir.
Faktların nə dərəcədə həqiqətə uyğun olub-olmaması barədə məlumat əldə etmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əli Hüseynovla telefon əlaqəsi saxladıq. Əli həkim şikayət məktubunda göstərilmiş bütün faktları təksib edərək bunun şər və böhtan olduğunu bildirdi. O qeyd etdi ki, məktubda göstərilmiş faktların biri belə sübuta yetirilsə, o cinayətkar kimi məhkəmə qarşısında oturmağa hazırdır.