BolgeXeber.Com » Bölgə » Bərdə şəhər 8 saylı məktəbdə “yenilik"

Bərdə şəhər 8 saylı məktəbdə “yenilik"

28-03-2013, 15:50
Oxunub: 6 837 Bir sinifdə eyni vaxtda iki müxtəlif fənn müəllimi dərs keçir
Məlum olduğu kimi, 2006-cı ildən ölkəmizdə yeni bir sənəd - “Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)” qəbul olunub. Milli Kurikulum, əslində, demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir.
Əlbəttə, məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir. Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bu gün təlim-tərbiyə prosesində şagirdlərə daha çox müstəqillik verilməli, öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə şərait yaradılmalıdır. Amma...
Məsələ ondadır ki, sözügedən sənədi dəfələrlə gözdən keçirdik, bu sahə ilə bağlı mətbuatda dərc olunan məqalələrə nəzər saldıq, ancaq Bərdə şəhər 8 saylı tam orta məktəbdə tətbiq edilən yeniliyə rast gəlmədik. O üzdən də bu yeniliyin Bərdənin, yaxud bölgələrimizin digər təhsil müəssisələrində tətbiq edilib-edilməməsini bilmirik. Yeniliyə gəlincə, redaksiyamıza müraciət edən valideynlərin sözlərinə görə, Bərdə şəhər 8 saylı tam orta məktəbi çox qəribə bir “təhsil yeniliyinə” imza atıb. Belə ki, bir sinifdə eyni vaxtda iki müxtəlif fənn müəllimi dərs keçir. Özü də yuxarı siniflərdə. Misal üçün, 8-ci sinif şagirdinin valideyni deyir ki, övladının oxuduğu sinifdə 30 şagird var və əksər vaxtlarda bir dərs saatında sinifdə iki müəllim dərs keçir: “Belə də təhsil sistemi olar? Bu harada görünüb ki, bir sinifdə eyni vaxtda iki müəllim dərs keçsin?! Eyni fənn müəllimləri olsaydı, dərd yarı idi. Məsələ burasındadır, sinifdəki şagirdlərin yarısına riyaziyyat, o birilərinə isə ədəbiyyat fənni keçilir. Əgər məktəbdə sinif otaqları çatışmazlığı olsaydı, bir bəhanə gətirilərdi. Halbuki həmin saatlarda məktəbdə boş qalan sinif otaqları olur. Niyə belə olduğunu soruşduqda isə, təəssüf ki, səbəbini məktəb rəhbərliyi izah edə bilmir. Görəsən, bu biabırçılıqdan Bərdə rayon Təhsil İdarəsinin, yaxud Təhsil Nazirliyinin xəbəri yoxdur?”
Doğrusu, biz də bu barədə bir söz deyə bilmərik. Ancaq bildiyimiz budur ki, sözügedən “təhsil yeniliyinə” imza atan 8 saylı tam orta məktəb 2012-ci tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibləri sırasında olub. Belə ki, məktəbin direktoru Qənbər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məsələ ilə bağlı məktəbin direktoru Qənbər Ağayevin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, sözügedən “təhsil yeniliyinin” əhəmiyyəti barədə məktəb direktorunun fikrini öyrənməyə çalışacağıq. Əminik ki, məktəb rəhbərliyi məsələyə bir açıqlama gətirəcək.
Mövzuya qayıdacağıq.
təzadlar