BolgeXeber.Com » Bölgə » Cəlilabaddakı dəhşətli qətlin səbəbkarına cəza verilməyəcək? –VİDEO
Cəlilabaddakı dəhşətli qətlin səbəbkarına cəza verilməyəcək? –VİDEO
30-03-2013, 21:20
Oxunub: 5 157Musa Quliyevdə baş beyin üzvlərinin xəstəliyi nəticəsində ağıl və davranış zəifliyinin əmələ gəldiyi təsdiqlənib
Ana və iki azyaşlı qızını qətlə yetirən Musa Quliyevlə bağlı yeni bir fakt ortaya çıxıb. Onun əqli problemləri olduğu məlum oldub. Həmin gecə əlini üç günahsızın qanına bulaşdıran Musa Quliyev Allahdan günahlarını bağışlamaq üçün məscidə də gedə bilərdi. Amma o, məscidə yox, Cəlilabadın Məscid küçəsində yaşayan bacısıgilə gedib. Əlbəttə ki, əvvəlcə, öz evinə baş çəkib, sonra qonşusu Vidadinin həyətinə gedərək ondan onu gizlətməsini istəyib, qonşusu bu məsuliyyətin altına girmədikdə isə bacısıgilə yollanıb.
Bacısıgildə çox qərar tuta bilməyib. Görünür, onu burda axtaracaqlarından narahat olublar. Musa Quliyevin bacısı evi buradır. Çəkiliş qrupumuzu kürəkəni Zaur qarşılayır. Eləcə eyvandan bildirir ki, həyat yoldaşı burada yoxdur. Hadisədən sonra vəziyyəti ağırlaşıb və kəndə qohumlarıgilə aparıblar. Əslində, Musa Quliyevin qohumları bunu onun təhlükəsizliyinə görə ediblər.
Hər halda, öldürülənlərin yas mərasimində mərhum Nahidə Quliyevanln qohumlarından eşitdim ki, Musanın qohumları işlərini ehtiyatlı tutub şəhərdən qaçıb. Onlar qarşı tərəfin qana qanla cavab verəcəyindən qorxublar. Əslində, belə bir təhlükə həqiqətən də yaşanıb. Nahidənin qardaşı deyirdi ki, üç qardaşın bir bacısını iki körpəsi ilə məhv etməklə Musa onun nəslini kəsdi və əlbəttə ki, bu qan yerdə qalmayacaqdı. Sadəcə, qurban olsunlar əmisi Cabirə...
Qeyd edək ki, Cabir Quliyev öldürülən Nahidənin əmisidir və Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisidir. Musa Quliyevin qohumlarının qanının arasına girən də məhz o olub. Buna rəğmən, Musanın qohumları hələ də əndişəlidir. Bacısı da, digər qohumları da, o cümlədən, əmisi də. Baxmayarq ki, Musanı polisə elə əmisi Hüseyn təslim edib.
Bu Musa Quliyevin istintaqa ifadəsindən də anlaşılır: “Dedim, 3 gün qalım sizdə. Bu gün yatım. Dedilər, sənin işin yoxdu. Biz danışacağıq, gəlib rahat şəkildə aparacaqlar. Bunlar boyevoy formada girdilər, əllərində dubinka. Dedim nə olub, özüm demişəm də, birdən vurub eləyərlər, qoluma, yarama...”
Bəli, dilsiz-ağızsız körpənin başını toyuq başı kimi üzən, arvad-uşağın canını uf demədən alan Musa Quliyev öz canının qayğısına belə qalıb. İstintaqa ifadəsində dəfələrlə bu fikirləri səsləndirib ki, polisə könüllü təslim olmamasının əsas səbəbi qolundakı yara olub. Qorxub ki, polis əməkdaşları onu döyərlər və yarası onu incidər: “Polislər gördüm məni axtarır. İstədim, ürəklə gedim. Gördüm, qolum incidir. Dedim, lap öldürəcəklər məni. Arada dəbərdən kimi görürsən qanayır, sümüyə kimi keçib”.
Hadisə ilə bağlı Cəlilabad rayon Prokurorluğuna ezam olunan müstəntiq Ənvər Nəbiyev isə deyir ki, Musa Quliyevə qolundan xəsarəti özünü müdafiə edən Nahidə Quliyeva yetirib.
Müstəntiq Ənvər Nəbiyev bildirib ki, hadisə ilə bağlı 23.58-də xəbər verilib. Saat 23 radələrində Quliyeva Nahidə əlinə aldığı mətbəx bıçağı və qəfədan dolu qaynar suyu əlində saxlayaraq ondan evdən çıxmasını tələb edib. Lakin sonuncu bundan imtina edən zaman aralarında baş verən mübahisə zamanı Nahidəni boğazını kəsərək və bədəninə müxtəlif bıçaq zərbələri endirərək sonuncunu qəsdən həyatdan məhrum etmişdir”.
Sonrası hamıya məlumdur. Musa Qulieyev əvvəlcə səsküyə oyanan və ağlamağa başlayan 2009-cu il təvəllüdlü Mədinənin boğazını kəsib, hər iki meyidin olduğu otağı yandırıb və daha sonra girişi çöldən olan digər otağa daxil olaraq 2011-ci il təvəllüdlü Nurayı yatan vəziyyətdə başını kəsib. Sual olunur: ağlı başında olan bir adam necə belə qəddarlığı törədə bilər? Bəli, məsələ də elə bundadır. Sən demə, Musa Quliyevin məhz elə başıyla bağlı problemləri olub.
1998-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyasının 10 nömrəli qərarıyla Musa Quliyevdə baş beyin üzvlərinin xəstəliyi nəticəsində ağıl və davranış zəifliyinin əmələ gəldiyi aşkarlanmaqla 3-cü qrup əlillik təsdiqlənib. Bu səbəbdən, o, əsgəri xidmətə də getməyib və o vaxtdan etibarən pensiya almağa başlayıb.
2006-cı ildə isə 2-cü qrup əlil kimi ömürlük pensiya alması təsdiqlənib. Sənədlərdə onun əmək qabiliyyətinin olmaması göstərilir. Törətdiyi hadisəyə görə isə ona Cinayət Məcəlləsinin 120.2.7 - yəni, iki və daha artıq şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Belə vəziyyətdə ona hansı cəza veriləcək və ümumiyyətlə, veriləcəkmi, bunu deyə bilməyəcəyik.
Amma Musanın ən böyük cəzası başını soyuqqanlılıqla üzdüyü günahsız körpələrin çabalamaları, imdad diləyən qadının yalvarışları olacaq. O, bu mənzərəni unuda biləcəkmi? İnanmıram. Doğmaca xalası qızı və həm də həyat yoldaşı olan Nahidəni iki körpəsi ilə birlikdə qəbrə qoyan Məzahirin bu faciəni adlada biləcəyinə inanmadığım kimi…(anspress)