BolgeXeber.Com » Bölgə » Gədəbəydə oğruluq edənə vəzifə veriblər

Gədəbəydə oğruluq edənə vəzifə veriblər

4-04-2013, 15:45
Oxunub: 5 570 Gədəbəydə analoqu olmayan, biabırcı kadr dəyişiklikləri davam edir. "AzeriNews.org"a daxil olan məlumatlardan belə nəticə çıxarmaq olar ki, rayonun icra başçısı Ramiz Yediyarov tənqidlərdən nəticə çıxarmır, əksinə daha ciddi nöqsanlara yol verir. Bu barədə Gədəbəy sakini Ramazan Muradovun redaksiyamıza yazdığı məktubda bildirilir:
“Prezidentin məlum 12 fevral çıxışından sonra Ramiz Yediyarov apardığı kadr dəyişikliyi rayon əhalisini sözün həqiqi mənasında dəhşətə gətirib. 2010-cu ilin sonunda Gədəbəyin Arıqıran kəndində çox qəribə və biabırçı bir hadisə baş verdi. Məlum oldu ki, kənd icra nümayəndəsi Hüseyn Əliyev kənd icra nümayəndəliyinin binasından xəlvəti yolla öz evinə qeyri qanuni elektrik xətti cəkib və gecələr elektrik qızdırıcılarını bu xəttə qoşaraq öz şəxsi evinin elektrik enerjisi xərcini dövlətin nümayəndəliyə ayırdığı vəsait hesabına ödəyir. Aşkar olunan halın çox utancverici olduğuna və həddən artıq ictimailəşdiyinə görə əvvəlki icra başçısı Kamran Rzazadə nümayəndəni tutduğu vəzifədən azad etdi. Bundan sonra sabiq namyəndə 2-ci qrup əlillik alaraq pensiyaya çıxdı. Təsəvvür edin ki, Ramiz Yediyarov işdən oğurluğa görə qovulan Hüseyn Əliyevi 2013-cü ilin martın sonunda rayonun daha böyük kəndinə, digər millətlərin də yaşadığı Novo-Saratovkaya icra nümayəndəsi təyin etdi”- bu sözləri redaksiyamıza yazdığı məktubda Ramazan Muradov yazır.
Qeyd edir ki, R.Yediyarovun bundan əvvəlki təyinatları da yarıtmazdır: “Belə ki, DSMF Gədəbəy şöbəsinə iki il əvvəl ciddi maliyyə pozuntularına yol verdiyinə görə DSMF Şəmkir rayon şöbəsinin müdiri vəzifəsindən azad edilərək Göygöl rayonuna göndərilmiş Adil Cəfərovu müdir, eyni səbəblə DSMF Tovuz rayon şöbəsinin müdirliyindən azad edilmiş Söhrab Əhmədovu sektor müdiri, yenə ciddi maliyyə pozuntularına yol verdiyinə görə Su və kanalizasiya idarəsinin rəisi vəzifəsindən azad edilmiş Şahbaz Bayramovu Şəhər İcra nümayəndəsi, rüşvətlə bağlı Qaz İstismar İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Cahangir Qasımovu rayonun Qaradağ kəndinə icra nümayəndəsi təyin etdi. Bu şəxslər yeni iş yerlərində əvvəlki qaydada işləyirlər. Amma bu təyinatlar Hüseyn Əliyevin icra nümayəndəsi təyin edilməsi qədər əndazəni aşmayıb və hakimiyyətin rayondakı nüfuzuna zərbə endirməyib. Yediyarov Hüseyn Əliyevi icra nümayəndəsi təyin etməklə özünün bu vəzifəyə yaraşmadığını və bu vəzifədə təsadüfi adam olduğunu sübut etdi. Hazırda rayonda olub qalan nüfuzunu son təyinatları ilə bağlı tamamilə itirmiş R.Yediyarovun vəzifədən alınacağı günü səbrsizliklə gözləyən rayon əhalisini bir necə sual düşündürür: – şəxsiyyətindən və maddi vəziyyətindən asılı olmayaraq istənilən şəxsin qaz, su , işıq istifadəsinə görə borcu olduqda və ya şəbəkəyə qanunsuz müdaxilə etdikdə həmin şəxsə qarşı ən kəskin tədbirlər görülürsə, necə olur açıq-aşkar oğurluğa yol vermiş bir şəxs vəzifəyə təyin edilir?”
Rayonda kifayət qədər ali təhsilli şəxslər işsiz qaldığı halda işdən qovulmuş (hətta başqa rayonlarda işdən qovulmuş ) adamların rayonda vəzifələrə təyin ediməsi hansı məqsədi daşıyır?
Bu şəxslərin vəzifəyə təyin edilməsi Prezident Admistrasiyasının müvafiq strukturlarının rəhbərlərinin razılığı əsasında baş tutur. Bəs həmin şəxslər bu biabırçılığa niyə göz yumur?
Ramazan Muradov yazır ki, prezidentin məlum çıxışından 2 ay keçməyib: “Görəsən çıxışda söylənilənlərin Ramiz Yediyarova aidiyyəti yoxdur?”