BolgeXeber.Com » Bölgə » Ağsu icra başçısının büdcəni talamaq mexanizmi

Ağsu icra başçısının büdcəni talamaq mexanizmi

11-04-2013, 14:50
Oxunub: 5 721 Ənvər Seyidəliyev Heydər Əliyevin abidəsi adı ilə 3 milyon manat mənimsəyib; fond sədrinin dayısı ağsuluları üsyan həddinə gətirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev barədə,onun idarəçilik prinsipinə, hansı maxinasiyaları həyata keçirdiyinə dair yeni maraqlı məlumatlar daxil olub. Məlumatlarda icra başçısının Ağsuda büdcəsinin 3 milyonunu cibinə necə qoyması mexanizminin detallarından qeyd edilir.
Bu barədə mənbə qeyd edir: “Büdcə vəsaitlərini büdcə təşkilatlarının əli ilə talamaqdan başqa Ənvər Seyidəliyevin digər pul ”qazanmaq" yolu rayonda həyata keçirilən tikinti, abadlıq işləri adı ilə müxtəlif qurumlardan və sahibkarlardan pul toplamasıdır. Təsəvvür edin, səmimi YAP-çılar üçün müqəddəs hesab olunan mərhum Heydər Əliyevin abidəsinin və abidənin yerləşdiyi parkın tikintisi zamanı icra başçısı milyonlarla manat oğurluq edib. 3 milyon manata inşa edildiyi bildirilən və istifadəyə verilən Heydər Əliyevin abidəsi adı ilə başçı büdcə təşkilatlarında çalışanların 4 aylıq əmək haqqını saxlatdırmışdı. Bundan başqa, o, parkın adından istifadə edərək rayonda fəaliyyət göstərən və rayondan kənarda yaşayıb işləyən ağsulu sahibkarlardan təxminən 5 milyon manat vəsait toplayıb. Bu əməliyyatda onun özünə qalan xalis məbləğ 3 milyon manatdan çox olub. Ə.Seyidəliyev Ağsuya başçı təyin olunarkən bu cür işlərə nəzarət üçün Varis adlı şəxs olub. Varis Nəzərov isə rayon bazarının sahibidir və icra başçısının yaxın qohumudur. Rayonda həyata keçirilən bütün çirkin işlərdən əldə olunan pullar bu adam vasitəsi ilə başçıya verilirdi. Heydər Əliyev parkının tikilməsində yığılan pulun miqdarı o qədər çox olub ki, həmin bu əməliyyatda başçının inanıb etibar etdiyi Varis də ona 300 min manat pul “atmışdı”. Varis bu məbləğlə Bakı şəhərində ev alıb. Sonradan bu işdən xəbər tutan başçı Varisin Bakı şəhərindəki evini əlindən aldı, özünü isə rayonda pul yığıma proyektindən kənarlaşdırdı. İndi hal hazırda icra başçısı pulları özü şəxsən yığır".
Mənbə hazırda Ağsuda abadlıq, quruculuq işlərinin həyata keçirildiyini və başçının yeni “yığım” kampaniyasına başladığını qeyd edir: “Başçı bu işlərin görülməsi adı altında büdcə təşkilatlarından, sahibkarlardan yenidən 500 min manata yaxın pul toplayıb. Lakin rayonun abadlıq işləri yarımçıq qalıb. Başçının digər bir qazanc yolu da müxtəlif tədbirlər, bayramlar adı ilə pul toplamaqdır. Qurban, Ramazan, Novruz bayramlarında, digər əlamətdar günlərdə, xüsusilə də Gül bayramında əlinə keçən adamlardan pul alır. Qazla təmin edilməyən ərazilərdə büdcə təşkilatlarının binalarının - məktəblərin, xəstəxanaların, bağçaların, iaşə obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaq (odun) pulları isə başçının yaxın əlaltısı Ağsu rayonunun "meri" Nadir tərəfindən mənimsənilir. Bu pullar başçı tərəfindən mənimsənildikdən sonra kəndlərdə yerləşən büdcə təşkilatlarına qaimələr göndərilir və həmin təşkilatların rəhbərləri məcbur edilir ki, əmtəəsiz qaimələrə imza atsınlar. Onlar da məcbur qalıb, guya odun aldıqları haqda sənədə imza atırlar. Məktəblərin qızdırılması üçün lazım olan odunu isə məktəbə şagirdlər çantalarında, evlərindən gətirirlər. Yaxud da icra başçısı kəndlərdəki nisbətən imkanlı adamları məktəbə odun almağa məcbur edir”.
Mənbə daha sonra "AzeriNews.org"a Ənvər Seyidəliyevin özbaşınalıqları barədə bildirir: “Başçının pul qazandığı əsas sahələrdən biri də torpaq satışıdır. Azərbaycanda 2007-ci ilin sonundan etibarən torpaqların satışı yalnız hərrac yolu ilə həyata keçirildiyi halda, Ənvər Seyidəliyevin göstərişinə əsasən, Ağsu rayon torpaq şöbəsinin müdiri tərəfindən satılacaq torpaqların alqı-satqı sənədlərini 2007-ci ildən əvvəlki tarixə sənədləşdirir. Bələdiyyələrə edilən təzyiqlər nəticəsində onlar torpaq alqı-satqısına dair protokolları və qərarları əvvəlki tarixə sənədləşdirirlər. Ancaq bu işdə saxtakarlığı aşkar etmək çox asandır. Belə ki, bələdiyyələr tərəfindən satılan torpaqların dəyəri qanunla onların bankda olan hesablarına ödənilməlidir. Bu ödənişləri isə əvvəlki tarixə bank vasitəsilə etmək mümkün deyil. Başçı bu saxtakarlığı da ört-basdır etməyin yolunu müəyyən edib. Belə ki, Ənvər Seyidəliyevin göstərişi ilə Ağsuda torpağın dəyəri əvvəlki tarixə saxta qəbzlə bələdiyyənin daxili kassasına ödənilir. Hansı ki, bu da qanunla qəti qadağandır. Bu cür ödəmələrə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli qeydiyyat şöbələri torpaq alqı-satqı sənədlərini qeydiyyata almamaqla, onlara reyster çıxarış sənədləri verməməlidirlər. Ancaq burada da rüşvət öz sözünü deyir. Bu cür qanunsuz əməliyyatlar nəticəsində rayonda son illərdə 100 hektarlarla torpaq sahəsi satılmışdır ki, bundan başçının gəliri bir neçə milyon manatdır. Bundan başqa, başçının göstərişi ilə bələdiyyələrin kəndlərdə mal-qara üçün ayırdığı örüş yerləri - yüzlərlə hektar torpaq sahələri rayondan kənar şəxslərə satılıb. Kəndlilər buna ciddi etiraz edir və günlərin birində onlar dədə-baba torpaqlarının Ənvər Seyidəliyev tərəfindən mənimsənilməsinə dözməyib üsyana qalxsalar təəccüblənməyin.
Başçı dövlət tərəfindən kəndlilərə ayrılan subsidiyaları da mənimsəyir. Ənvər Seyidəliyev rayondakı əkin sahələrinin miqyasını sənəd üzərində həddindən artıq şişirdir. Məqsəd isə odur ki, dövlət əkin sahələrinin şumlanması üçün hər hektara 40 manat, buğda əkini üçün 80 manat vəsait ödəyir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə Ağsu rayon üzrə taxıl əkininin hesabatı şişirdilib. Bu cinayət əməlindən əldə olunan qazanc isə 300 min manat təşkil edir. Başçının göstərişinə əsasən bu məbləğ rayonda torpaq sahəsi olan, lakin taxıl əkməyən vətəndaşların adına sənədləşdirilir və mənimsənilir.
Məlumdur ki, bələdiyyələrin maddi texniki vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən onlara hər il dotasiyalar verilir. Lakin sənəd üzərində Ağsu rayonu üzrə mövcud olan bələdiyyələrə cüzi miqdarda dotasiya ödənilib. Bütün bu məbləğlər Ənvər Seyidəliyev tərəfindən mənimsənilib, heç bir bələdiyyə bu pulu almayıb. Başçının tapşırığına əsasən həmin vəsaitlər bələdiyyələrin cari hesablarından çıxarılaraq ona verilib".
Mənbə qeyd edir ki, Ə.Seyidəliyevin Ağsu rayonunda heyvandarlıq kompleksi var: “Həmin kompleksi o ilk gündən icra başçısı təyin olanda saldırıb. Başçı Ağsuda mövcud olan bütün bələdiyyələrin və kənd icra nümayəndəliklərinin hər birindən 400-500 ədəd yonca bağı tələb edir və onları özünün heyvandarlıq kompleksinə göndərir. İcra nümayəndələri, bələdiyyələr isə ot bağlarını zor-xoş kəndlilərdən alır”.
Mənbənin sözlərinə görə, son 2-3 ildə Ağsunun səfalı yerlərində imkanlı məmurlar özləri üçün malikanələr salıblar: “Ətraf rayonların icra başçıları, hətta Səlim Müslümovun özü burada villa tikdirib. Ənvər Seyidəliyev rayonda özünə və digər yüksək vəzifəli qohumlarına məxsus bağ sahələri üçün lazım olan gülləri, ağacları da bələdiyyələrdən tələb edir. Hər bələdiyyə və icra nümayəndəliyi hər il bu işlər üçün 5 ”KamAZ" peyin, yüzlərlə gül kolu və ağaclar verməlidir. Bundan başqa, başçının qonaqları, pay-püşləri üçün lazım olan qoyun-quzu, hind toyuqlarını da bələdiyyələr təşkil etməlidir".
Mənbə həmçinin icra başçısının iş adamlarına necə qan uddurması, rayona gələn yoxlamaların hansı meyarlarla razı salınması, təhsil şöbəsinin vasitəsilə həyata keçirilən digər korrupsiya əməliyyatları, kənd təsərrüfatı sahələrinin məhv edilməsi və digər məsələlər barədə redaksiyamıza bilgilər verib. Onları da yaxın saylarımızda dərc edəcəyik. Lakin bu başdan deyək ki, bütün bu faktlar “Quba və İsmayıllı üsyanını nədən törədi” sualına ən yaxşı cavabdır. Ölkədə, aşağı-yuxarı, bütün icra başçıları bu cür işləyirlər və onların əsas fəaliyyət sahəsi xalqı istismar etməkdir. Ə.Seyidəliyevin əməllərini oxuyun və deyin, Ağsu camaatı belə bir məmura qarşı üsyan etsə, haqsızmı olar?