BolgeXeber.Com » Bölgə » Bərdədə vəziyyət gərginlləşir

Bərdədə vəziyyət gərginlləşir

15-04-2013, 09:25
Oxunub: 6 896 İcra başçısı yerli sahibkarlarla dil tapmaq istəyir, amma pul yığılır

Məlum olduğu kimi, keçən günlərdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev iş adamı tərəfindən döyüldü. Xatırladaq ki, kərpiclə başı yarılan icra başçısına hətta xəstəxana şəraitində yardımın göstərildməsi xəbəri də yayılmışdı. Doğrudur, sonradan Beyləqan rəhbərliyi bu barədə yayılan informasiyaları təkzib etdi. Lakin fakt faktlığında qalır.

Qeyd edək ki, yaranmış problemin səbəbi isə icra başçısının yerli iş adamlarından biri olan Tərlan Kamaloğlundan pul istəməsi və onu ağır formada bu məsələyə görə təhqir etməsi olub. Amma bu proses deyəsən başqa rayonlara da sirayət etməkdədir. Çünki Bərdədə də vəziyyətin yaxşı olmadığı deyilir. Rayon sakinlərinin Dia.az-a verdiyi məlumata görə, icra başçısı Vidadi İsayevlə yerli sahibkarlar arasında narazılıq yaranıb. Hətta iş o həddə çatıb ki, tərəflər arasında söz mübahisəsi da yaranıb. Çünki onlardan tələb olunan haqqın miqdarı həddindən artıq çoxdur. Bu da əsaslı narazılığa və qarşudurmaya qədər gətirib çıxarmaqdadır.

Mənbənin söylədikləri: “Hələlik Vidadi İsayev sahibkarları yola verməyə çalışır. Amma onun adamları icra başçısının adından sahibkarlardan yenə də pul yığmaqla yanaşı, hətta son günlərdə tələb olunan məbləği daha da artırıblar ki, bunu da qarşıdan gələn Gül Bayramına tədarüklə əlaqələndirirlər”.

Mənbə bildirir ki, Beyləqanda baş verən olaylardan sonra Bərdənin icra başçısı Vidadi İsayev bir qədər geri addım atıb. Belə ki, o, sahibkarlarla görüşərək, onların könlünü almaq fikrinə düşüb. Amma tələb olunan pulla bağlı vəziyyətin necə olacağına dair məlumat yoxdur. Sahibkarların bəziuləri icra başçısı adından başlanan yeni pultoplama kampaniyasında iştirak etsə də, əksəriyyət hələ ki intina qərarı verib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Onu da bildirək ki, dünən bu məsələ ilə əlaqədar Bərdə rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb.