BolgeXeber.Com » Bölgə » Beyləqanın döyülən icra başçısı Bakıya çağrılıb

Beyləqanın döyülən icra başçısı Bakıya çağrılıb

18-04-2013, 13:50
Oxunub: 6 053 Mil düzü rayonları qrupuna daxil olan Beyləqan 1939-cu ilin 24 noyabr tarixində yaradılıb. İlk adı Jdanov rayonu olsa da, Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan adlandırılmağa başlayıb. Rayonun ərazisi Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir.
90 min nəfərə yaxın əhalisi olan rayona ölkə rəhbərliyi səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərilib. "Regionların sosial-iqtisadi inkişafı proqramı" çərçivəsində rayonun inkişafı məqsədilə dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan müəyyən miqdarda vəsaitlər ayrılıb. Uzun sözün qısası, dövlət başçısı rayonda müsbət işlərin görülməsi naminə öz üzərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirir. Bircə qalır Rayon İcra Hakimiyyəti başçısının bu etimaddan düzgün şəkildə istifadə etməsi. Son zamanlar Beyləqandan eşidilən etiraz səsləri belə deməyə əsas verir ki, rayonda məmur özbaşınalığı ən son həddə çatıb. Və sosial-iqtisadi inkişafdan söhbət belə gedə bilməz. Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir.
O, 1956-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində doğulub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə namizədlik, 2004-cü ildə isə elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1992-1994-cü illərdə Prezidentinİcra Aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə prezidentin işlər idarəsində məsləhətçi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayona rəhbərlik etməsinin 1 ili aprelin 10-da tamam olan icra başçısı haqqında şikayətlər səngimək bilmir. Xatırladaq ki, ötən saylarımızdan birində Vaqif Abdullayevlə iş adamı Tərlan Kamaloğlu arasında baş verən münaqişə haqda xəbər vermişdik. Münaqişəyə səbəb icra başçısının sahibkardan parkın abadlaşdırılması üçün bəzi tələblər etməsi olub. Ancaq iş adamı deyilən tələbləri ödəməkdən imtina edib. Bundan qəzəblənən icra başçısı camaatın gözü qarşısında nalayiq ifadələr işlədib. Ailə üzvlərinə ünvanlanan sözləri həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpici icra başçısının üzünə vurub. Bunun ardınca iş adamı zərbənin təsirindən yerə yıxılan başçını təpikləməyə başlayıb. Bu xəbər ölkənin müxtəlif Kütləvi İnformasiya Vasitələrində (KİV) yayıldı və böyük səs-küyə səbəb oldu. Rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, icra başçısının döyülmə faktı hakimiyyətin əsas nüfuz sahibləri tərəfindən araşdırılıb: "Onlar icra başçısının nəyə görə döyülməsi ilə maraqlanıblar. Məlum olub ki, rayonun birinci şəxsi sahibkara qarşı təzyiq vasitələrindən istifadə edərək ona məcburi şəkildə işlər gördürmək istəyib. Sahibkarın icra hakimi tərəfindən incidildiyini anlayan yuxarılar Beyləqanda söhbətin daha da böyüməməsi üçün Vaqif Abdullayevi Bakıya çağırıblar. Başçı burada müxtəlif şəxslərin qəbulunda olub və səbəb olduğu hadisə ilə bağlı ona ciddi iradlar tutulub. Tapşırılıb ki, rayonda fəaliyyət göstərən sahibkarlara və vətəndaşlara qarşı artıq hərəkətlər etməsin. Belə işlərə bir də yol verərsə, vəzifədən çıxarılacağı ilə hədələnib. Bu xəbərdarlıqdan sonra rayona qayıdan başçı əhaliyə qarşı bir az da aqressivləşib. Əgər məmur bu tərzdə işləməyə davam etsə, yaradılan sonuncu şansı da boşa vermiş olacaq və vəzifədən çıxarılacaq".gundelik-baku
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.