BolgeXeber.Com » Bölgə » Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb

6-12-2019, 13:32
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşübPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Aşağı Yağlıvənd kəndində keçirilib. Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib. Alı Alıyev, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb. Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.

Aşağı Yağlıvənd kəndinin ümumi əhalisi 1703 nəfərdi, hal-hazırda 1517 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1580 nəfərə hər ay 88200 manat vahid aylıq müavinət ödənilir, 9 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Aşağı Yağlıvənd kəndində 14 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 251 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 318 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb