Suraxanının da icra başçısı vəzifəsi ilə vidalaşa bilər
4-05-2013, 13:50
Oxunub: 5 187
2005-ci ildən bu yana heç nə ilə yadda qalmayan başçının aqibəti necə olacaq?
Azərbaycan dövləti öz müstəqilliyini təmin edəndən sonra bir çox sahələrdə inkişaf müşahidə olunmağa başladı. Xarici neft şirkətləri ilə bağlanan "Əsrin müqaviləsi" sayəsində iqtisadiyyatımızda canlanma yarandı. Və bunun da nəticəsində neft sektorundan əldə olunan gəlirlər hesabına qeyri-neft sektoru dirçəldi. Qısa müddət ərzində görülən müsbət işlər nəticəsində Azərbaycan adını dünyaya tanıtdı, beləcə super dövlətlər inkişaf yoluna qədəm qoyan bu gənc dövlətlə hesablaşmağa başladılar.
Neftdən əldə olunan gəlirlərlə kənd və paytaxt rayonlarının abadlaşdırılması üçün də istifadə edildi. Son illər ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində Bakı və bölgələr öz xarici görkəmini hiss olunacaq dərəcədə dəyişib. "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının qəbul edilməsi ilə ölkənin bütün ərazilərində quruculuq-abadlıq işlərinə start verilib. Bu cür işlər paytaxtın Suraxanı rayonu ərazisində də görülməkdədir. Rayonda hökm sürən məmur özbaşınalığı isə imkan vermir ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin hamısı nəzərdə tutulan işlərə sərf olunsun. Konkret olaraq rayonun bəzi qəsəbələrinin sakinləri icra başçısı İlqar Abbasovun fəaliyyətindən şikayətçi olduqlarını bildirirlər. Onların sözlərinə görə, Natiq Mehdiyevin yerinə Suraxanıya başçı təyin edilən məmur vəzifəsinin ilk illərində bəzi uğurlu işlərə imza atıb. Amma bundan sonra isə o, rayonun inkişafına elə də diqqət ayırmayıb: "Bakının ən qədim tarixə malik rayonlarından olan Suraxanı hazırda çox baxımsız vəziyyətdədir. Rayonun mərkəzi ərazilərində gözə görünmək üçün yarımçıq abadlıq işləri aparılıb. Ətraf qəsəbələrdə isə hər şey əksinədir. İnsanların rahatlığını təmin edə biləcək istirahət mərkəzlərinin sayı azdır. Kommunal xidmət sahələri ilə bağlı da müxtəlif problemlər mövcuddur. 21-ci əsrdə yaşasaq da, Zığ kəndinin sakinləri hələ də su üzünə həsrətdirlər. Onlar suyu bidonla daşıyırlar. Zığın mərkəzi və məhəllədaxili yolları uçub-dağılır. İcra başçısı sonuncu dəfə bura nə vaxt gəlib yadıma düşmür". Adıçəkilən məmurun işindən narazı qalan Yeni Günəşli sakini Qasım Məmmədov isə bildirdi ki, icra başçısı rayonda boş yer qoymayıb: "Mənim yaşadığım qəsəbədə son vaxtlar tikinti işləri geniş vüsət alıb. Hara baxırsan, obyekt tikirlər. İcradan nəyinsə əvəzində rəsmi icazə alan iş adamları qanunla tikintinin aparılmasını yasaq edən yerlərdə öz məqsədlərini gerçəkləşdirirlər. Buna adicə bir misal gətirmək istəyirəm. "Ballı market"in yaxınlığında insanların gediş-gəlişi üçün nəzərdə tutulan balaca bir yer var idi. Həmin yeri bir ay bundan qabaq hansısa imkanlı şəxs aldı və burda ikimərtəbəli obyekt tikdi. Obyektin inşa olunduğu yerdə yaşı 100 ildən çox olan ağaclar var idi. Bir gecənin içində həmin ağacları məhv etdilər. Bundan başqa, 282 saylı orta məktəbin yanında kafe fəaliyyət göstərir. Kafenin sahibi qaz xəttinin keçdiyi və ağaclarla dolu olan yeri icra ilə danışıq apararaq aldı və burda kabinetlər tikdirdi. Axı, bu bizim nəyimizə lazımdır? Ağacları qırmaqla insanlara zərbə vururlar. Qəsəbədə istirahət etməyə yer yoxdur. "Ana-bala" parkı neçə vaxtdır ki, təmirə dayanıb. Düz-əməlli iş də getmir ki, parkın təmirini başa çatdırıb əhalinin istifadəsinə versinlər". Qəsəbə sakini bildirir ki, problemlər təkcə Yeni Günəşlidə mövcud deyil: "Suraxanının bütün qəsəbələrində vəziyyət eynidir. Əmircanda Bülbülədə, Hövsanda və Qaraçuxurda da vətəndaşları narazı salan şeylər çoxdur. Bunların hamısını yaradan icra başçısıdır. İlqar müəllim 8 ildir bu rayona rəhbərlik edir. Ancaq 2005-ci ildən heç nə ilə yadda qalmayıb. Ölkə başçısından xahiş edirik ki, onu bizim rayonun icra başçısı vəzifəsindən kənarlaşdırsın. Suraxanıya özünə var-dövlət yığmaq istəyən deyil, sırf vətəndaşlar üçün işləyən biri təyin edilməlidir".
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
P.S. Deyilənə görə, icra başçısının fəaliyyəti rəsmi dairələri də qane etmir. Belə məlumatlar dolaşır ki, onu tezliklə tutduğu postdan azad edəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər