BolgeXeber.Com » Bölgə » Göygöl təhsilində biabırçılıq

Göygöl təhsilində biabırçılıq

6-05-2013, 15:20
Oxunub: 6 836 Xatırlayırsınızsa qəzetimizin ötən saylarında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev barəsində də araşdırma başlandığına dair material dərc olunmuşdu. Hətta təhsil şöbəsi rəhbərinin yaxın günlərdə həbs ediləcəyi də bildirilirdi. Araşdırmalara səbəb isə təhsil şöbəsi rəhbərindən dövlət orqanlarına külli miqdarda şikayət ərizələrinin göndərilməsi olub. Baş Prokuror Zakir Qaralova göndərilən həmin şikayətlərin birində isə qeyd olunmuşdu ki, Göygöl rayonu Texniki-Təbiət fənnləri təmayüllü liseyin direktoru Fəxri İsmayılov əslində uzun illər Rusiya bazarlarında ticarətlə məşğul olub. Təhsil şöbəsinin müdiri Elbrus Atayev isə Fəxri İsmayılova bu vəzifəyə təyin oluna bilməsi üçün, onun guya 1 saylı orta məktəbdə vaxtilə müəllim işləməsinə dair saxta sənəd verib. Qeyd edək ki, E.Atayev əvvələr məhz həmin məktəbdə direktor vəzifəsində işləyib və elə həmin vaxtlarda artıq onun çeşidli korrupsiya əməllərinə yol verməsi pedaqoji heyətin diqqətindən yayınmayıb. Əməkdar müəllim Sabir Məmmədov Baş prokurora ünvanlanan şikayət ərizəsində yazıb ki, Elbrus Atayev 1 saylı orta məktəbə 35 nəfərdən çox müəllimi rüşvət alaraq işə götürüb. Həmin müəlllimlərə isə 6-8 saat dərs verilib.

Bir qədər sonra isə Sabir müəllim bilavasitə ərizə ilə redaksiyamıza müraciət edərək Göygöl RTŞ-nin müdiri Elbrus Atayevin qanunsuz əməllərini ifşa edən bir sıra əlavə faktlar da təqdim etmişdi. Həmin məlumatda bildirilirdi ki, Elbrus Atayev 2012-2013-cü tədris ilinin başlanğıcında Gəncə şəhəri 16 saylı orta məktəbdə işləyən Gülər adlı müəlliməni Göygöl rayon Quşqara kənd orta məktəbinə direktor təyin etmişdir. Çox təəccüblüdür ki, Gəncə şəhərində 4 mindən, Göygöl rayonunda 2 mindən çox müəllim işlədiyi halda niyə məhz Gülər xanım Elbrus Atayevin diqqətini cəlb etmişdir..? Qeyd edək ki, Sabir müəllimin təqdim etdiyi məlumatlarda E.Atayevin törətdiyi çeşidli saxtakarlıqların həyata keçirilməsində ona yaxından yardım edən şəxslərdən biri kimi də Göygöl şəhəri 4 saylı tam orta məktəbin direktoru Ayişə İsgəndərovanın adı çəkilirdi. Bu günlərdə isə redaksiyamıza S.Məmmədovun prokurorluq və hüquq mühafizə orqanları rəhbərlərinə ünvanladığı daha bir ərizənin surəti təqdim olunmuşdur. Ərizənin mətnini olduğu kimi dərc edirik : “Göygöl rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayevin qatı rüşvətxor olması və saxtakarlıqları haqqında respublikamızın ən yüksək şəxslərinə dəfələrlə ərizə ilə müraciət etmişəm. Elbrus Atayev, texniki təbiət fənləri təmayüllü liseyn müəllimlərindən 20 nəfərinə UNİBANK-dan kredit götürmələri üçün saxta, yəni guya ki, onların əmək haqqı 380 manat olmasına dair arayiş vermişdir. Belə ki, UNİBANK o adamlara kredit verir ki, onların əmək haqqı 300 manatdan yuxarı olmuş olsun. Həmin müəllimlərin əmək haqqı 150 manatdan yuxarı deyildir. Elbrus Atayev rüşvət alaraq texniki təbiət fənləri təmayüllü liseyin aşağıda adları qeyd olunan müəllimlərinə saxta yolla guya ki, onların əmək haqları 380 manat olmalarına dair UNİBANK-a arayış vermişdir. Həmin müəllimlərin adları aşağıdakılardır:

1. İsmayılova Pərvanə Rüstəm qızı (liseydə işləyər);

2. İsmayılova Xəyalə Çapay qızı (liseydə işləyir);

3. İsmayılova Göyərçin (Göygöl şəhər 1 saylı tam orta məktəbində müəllimə işləyir).

20 nəfərdən kredit götürmüş müəllimlərin yerdə qalanlarının adlarını bilmirəm. Araşdırma aparılsa sözsüz ki, hamısı tam aydın olar.

Elbrus Atayev İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xanlar qızı İbrahimova ilə əlbir olaraq, texniki təbiət fənləri təmayüllü liseyə rüşvət alaraq qeyri qanuni yolla çoxlu sayda müəllimlər işə götürmüşdür. Hal-hazırda texniki təbiət fənləri təmayüllü liseydə yoxlama aparılır. Yoxlama komissiyası liseyə qeyri qanuni yolla işə götürülmüş müəllimlərdən 44 (qirx dörd) nəfərin işdən azad olması haqqında göstəriş vermişdir. Ona görə də, Göygöl rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayev, ona himayədarlıq etməklə bərabər onunla birlikdə rüşvət almaqda əlbir olan Göygöl rayon İcra başçısının müavini, ctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova haqqında lazımı tədbir görməyinizi artıq dərəcədə sizlərdən xahiş edirəm.”

Rayondakı çoxsaylı mənbələrə istinad edərək bir daha xüsusi olaraq vurğulayırıq ki, bu gün Göygöl rayonunda təhsil, mədəniyyət və digər bu kimi sahələrdə həyata keçirilən bütün korrupsiya və mənimsəmə hallarının başında məhz Kəmalə İbrahimova durur. Elə Sabir Məmmədovun təqdim etdiyi ərizədə də bu fakt bir daha öz təsdiqini tapmışdır. bizimdovr