BolgeXeber.Com » Bölgə » Üç uşaq atası Sosial Müdafiə Mərkəzinin qarşısında özünü yandırdı

Üç uşaq atası Sosial Müdafiə Mərkəzinin qarşısında özünü yandırdı

27-04-2011, 18:10
Oxunub: 5 306
Bərdə rayonunda dəhşətli intihar hadisəsi baş verdi

Aprelin 19-da Bərdə rayonunun Qasımbəyli kəndində intihar hadisəsi baş verib. Maddi imkanı aşağı olan 3 uşaq atası 24 yaşlı Cəmaləddin Yusif oğlu sosial yardım ala bilmədiyinə görə intihar edib. Bu barədə Bolgexeber .com-a mərhumun yaxınları məlumat verib. Onların sözlərinə görə, maddi imkanı aşağı olan Cəmaləddin bir müddət əvvəl sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinə müraciət edib. Onun mənzilinə baxış keçirən mərkəzin əməkdaşları Cəmaləddinin həyətində istifadəyə yararsız köhnə bir avtomobil görürlər. Elə bu səbəbdən də ona yardım ayırmaqdan imtina edilir.

Dəfələrlə yardım almaq üçün mərkəzə müraciət edən 24 yaşlı 3 uşaq atası çıxış yolunu intihar etməkdə görür. O, aprelin 19-da uşaqları ilə birlikdə Sosial Müdafiə Mərkəzinin qarşısına gəlib və üstünə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə Bakıya yanıq mərkəzinə gətirilən Cəmaləddinin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada keçinib.

ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə isə Cəmaləddinin intihar etdiyi məkanla bağlı ziddiyyətli məlumatlar var. Belə ki, polis Cəmaləddinin mərkəzin qarşısında intihar etməsinə imkan verməyib. O, polislər tərəfindən zərərsizləşdirilərək öz evinə gətirilib. Polislər getdikdən sonra isə Cəmaləddin özünü yandırıb.