BolgeXeber.Com » Bölgə » Tərtərdə keçirilən humanitar aksiyada 225 nəfər könüllü olaraq qan verib

Tərtərdə keçirilən humanitar aksiyada 225 nəfər könüllü olaraq qan verib

17-07-2020, 10:42
Oxunub: 3 816 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tərtər rayonu sakinləri də qoşulub.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyulun 16-da Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi əlilləri, habelə sıravi vətəndaşlar, xüsusilə gənc könüllülər fəal iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının vətənpərvərliklə bağlı nitqindən ruhlanan tərtərlilər könüllü olaraq kampaniyaya qoşulublar. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 225 nəfər qan verib. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.