BolgeXeber.Com » Bölgə » Ən böyük qəsəbənin ən bərbad məktəbləri – MASALLI

Ən böyük qəsəbənin ən bərbad məktəbləri – MASALLI

15-09-2020, 15:38
Oxunub: 1 424 Bu gün yeni tədris ilinin ilk günüdür. Bütün sahələrə mənfi təsirini göstərən karonavirus epidemiyası təhsildən də yan keçmədi. Təhsil Nazirliyi təhsil ocaqlarında ənənəvi təhsildən fərqli təhsil sisteminə keçmək məcburiyyətində qaldı.

2020-2021-ci təhsil ilinin 1-ciləri sırasında qızım Zeynəb də var.
O təhsilini doğma məktəbim olan Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində alacaq.
Zeynəbin sevincinə şərik olaraq tədris ilinin ilk günü adı çəkilən məktəbə yollandıq.
C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində şagirdlərin qarşılanmasını karantin qaydalarına uyğun aparılırdı. Valideynlər məktəbə buraxılmır, tibbi maska taxmış müəllimlər şagirdləri təhsil alacaqları sinif otaqlarına ötürürdü.

Amma...

İllərdir adı Təhsil Nazirliyinin təmir ediləcək məktəblər sırasında olsa da bu məktəbə bir ögəylik var sanki.
Keçən il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilində onun adını daşıyan məktəbin təmir ediləcəyi gözlənilsə də bu sevindirici hadisə baş vermədi.

1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılıb. İstifadəyə verildiyi vaxtdan 39 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur.

Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq məktəbin sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Daha doğrusu məktəb divarlarının suvağının tökülməsi, çatlaması, pəncərə şüşələrinin qırıq olmaması, döşəmənin dağılmasına səbəbindən qış aylarında sinif otaqları qızmır.
Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

Xatırladım ki, qəsəbə sakinləri, valideynlər məktəbin təmiri ilə əlaqədar dəfələrlə imza toplayaraq Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə müraciət ediblər.
Həmin müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər.

Qeyd edim ki, Ərkivan ölkəmizin ən böyük qəsəbələrindən biridir. Qəsəbədə 4 tam orta məktəb, 1 ümumi orta məktəb var. Bu məktəblərdən təkcə qəsəbə 2 saylı tam orta məktəbin təmiri qənaətbəxşdir. Digər məktəblər isə yuxarıda qeyd etdiyim məktəbdən də pis vəziyyətdədirlər.

Qəsəbəmizdə olan 5 saylı orta məktəb də mənə doğmadır. El arasında “Ağ məktəb” kimi tanınan bu təhsil ocağında 6 il təhsil almışam. Ölkəmizə 10-larla ziyalı, alim bəxş edən 90 yaşlı “Ağ məktəb”-in durumu isə lap utancvericidir.
Bildiyimiz kimi, karonavirusdan və digər natəmizliklərdən qorunmağın əsasını su təşkil edir. Məktəbin darvazasının yanından su xətti keçməsinə baxmayaraq onun həyətində bir dənə də olsun su krantı yoxdur.
Valideynlər bildirir ki, şagirdlər məktəb həyətində olan sınıq-salxaq tualetdə təbii ehtiyaclarını edərkən belə su əvəzinə kağız parçalarından istifadə edirlər.
Bu üsulnan edilən “təmizlik”lə nəinki karonavirusla mübarizə aparmaq, elimə məlum olmayan yeni xəstəliklər də tapmaq olar.

C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin və 5 saylı qəsəbə orta məktəbinin təmiri ilə əlaqədar mən özüm şəxsən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərova müraciət edib, qəbulunda olmuşam.

Tariyel müəllim əsaslı təmir ediləcək məktəblər sırasında sözü gedən məktəblərdən savayı Ərkivan qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb və 4 saylı tam orta məktəbin də adının olduğunu bildirmişdi və bu məktəblərin tez bir zamanda təmir ediləcəyinə söz vermişdi.

Tariyel müəllimin sözü isə elə “Söz” olaraq qalır.
Görünən kəndə nə bələdçi..








Cəfər Cəfərov, Asiya.az