Ağcabədidə rüşvət tüğyan edir-Foto
13-06-2013, 09:40
Oxunub: 6 168
Ağcabədi rayonu, Təzəkənd kəndinin sakini Kərim Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə kənd bələdiyyə sədrindən və icra nümayəndəsindən şikayət edib. Onun təqdim etdiyi bir qrup kənd sakini adından imzalanmış məktubda da bələdiyyə sədrindən və icra nümayəndəsindən giley-güzar var. Məktuba imza atanlar yazırlar ki, yığılan vergilərin hansı istiqamətə xərcləndiyini bilmək istəyirlər. Kərim Cəfərovun sözlərinə görə, kənd bələdiyyəsindən və icra nümayəndəsindən prezidentə və rayon prokurorluğuna dəfələrlə məktub yollayıblar. Ancaq hər dəfə də eyni məzmunda olan, iki cümlədən ibarət cavab alıblar: «Şikayətiniz araşdırıldı, göstərdiyiniz faktlar təsdiqini tapmadı».
TƏZƏKƏNDDƏ KİMLƏRİN SÖZÜ KEÇİR?
Kərim Cəfərov:
«Bizim kənddə rüşvət verənin-alanın, qanunları pozanın, yalan danışanın, işini bacarmayanın sözü keçir. Bunun nəticəsidir ki, kəndimiz yaşamaq mümkün olmayan acınacaqlı vəziyyətə düşüb. 2010-cu ildə kənd icra nümayəndəsi Əbülfət Əsgərov, kənd bələdiyyə sədri Kamilə Qasımova, mühasib Namət Qasımov əllərində 500 nəfər kənd sakininin siyahısı qapı-qapı düşərək, kəndimizə qaz çəkilməsini layihəyə saldırmaq adı altında hər ailədən 10, 20, 50 manat pul yığdılar. Şəxsən məndən də 10 manat aldılar. Sonradan bizə məlum oldu ki, bələdiyyə sədri və icra nümayəndəsi bizi aldadıbmış. Kəndimizdə iki gözündən kor, 1-ci qrup əlil olan iki ailə var. Çox acınacaqlı vəziyyətdə yaşayırlar. Görün nə vəziyyətdir ki, hətta o korlardan da pul aldılar».
Kərim Cəfərov deyir, kəndlilərin şikayətlərini və durumunu əks etdirən videogörüntüləri də prezidentə və istintaq orqanlarına göndəriblər. Ancaq yenə tədbir görülmür:
«Düzdür, bizim şikayətlərimizdən sonra kənddə məktəb tikilib, bir-iki iş görülüb. Ancaq biz əsasən məmurların özbaşınalıqlarına son qoyulmasını tələb etmişik. Şikayətlərimizin bu tərəfinə çatanda deyirlər, fakt təsdiqini tapmadı. O disklərdə ölüm, oğurluq faktlarından, xarabalığa çevrilmiş kəndimizdən, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin özbaşınalığından, kənddəki işləri öz vəsaitimiz hesabına görməyimizdən danışmışıq. Ancaq nə xeyri? Ayda 3-4 belə disk göndəririk, cavab yoxdur».
«SƏSİNİ ÇIXARANA «TƏXRİBATÇI» DAMĞASI VURULUR»
Kərim Cəfərovun sözlərinə görə, kənd qəbiristanlığı və pay torpaqlarına gedən yollar baxımsız vəziyyətdədir:
«Kəndin mərkəzindəki qəbiristanlıqda tülkü sürüləri yuva salıb. Qəbiristanlığa girib-çıxmaq olmur. Qəbirləri eşirlər, meyitləri çıxarırlar. Pay torpaqlarına gedən yolları zibilliklər ağuşuna alıb. Üfunətdən o yollardan keçmək olmur. Suvarma və şor su kanalları mal peyini ilə doludur. Buna görə də kənddə vərəm xəstəliyi yayılıb. Bu kənddə səsini çıxarıb, şikayət edənə «təxribatçı» damğası vurulur. Məktubuna da cavab gəlir ki, şikayət araşdırıldı, faktlar təsdiqini tapmadı».
Kərim Cəfərov sadə kəndlinin pay torpaqlarından məhrum olduğunu, belə torpaqlardan yalnız məmurların qohum-əqrəbasının yararlandığını iddia edir:
«Bizim kənddə 186 hektar bələdiyyə torpağı var. Toxumçuluq adı ilə 100 hektarı keçmiş kolxoz sədrinin oğlunda, qalan hissəsi keçmiş ferma müdirinin oğlu olan icra nümayəndəmizdədir. 2004-cü ildə Mingəçevirdə prezidentlə görüşəndən sonra onun tapşırığı ilə mənə 3 hektardan artıq xüsusi sənədlə bələdiyyə torpağı icarəyə verildi. 2011-ci ildə əlimdən alındı».
Təzəkənd sakinləri prezidentə və başqa qurumlara göndərdikləri şikayət məktublarında tələb edirlər:
- 2010-cu ildə qaz pulu adı ilə aldadaraq, bizdən aldıqları pulları qaytarsınlar;
- 186 hektar bələdiyyə torpağından uzun illər eyni adamların istifadəsinə son qoyulsun. Ehtiyacımız olduğu üçün bələdiyyə torpaqları bizə icarəyə verilsin;
- Kəndi xarabalığa çevirən kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri külli miqdarda vergiləri hara xərcləmələri barədə kəndlilərə hesabat versinlər.
Təzəkəndin sakinləri kənddəki durumun acınacaqlı olmasına şübhəylə yanaşanları kəndə dəvət də edirlər: «Gəlsinlər, həqiqətləri gözləri ilə görsünlər».
«HAMISI YALANDIR»
Kəndin icra nümayəndəsi Əbülfət Əsgərov isə həm özü, həm də bələdiyyə sədri barədə deyilənləri təkzib edir:
«Qaz çəkilişinə görə deyilənlər yalandır, Ağcabədi rayon prokurorluğuna da şikayət etmişdilər, araşdırıldı, yazılanlar təsdiqini tapmadı. Hökumət özü nə vaxt lazım bilsə, onda da kəndə qaz çəkəcək. Qaz çəkmək bizim işimiz deyil.
- Bələdiyyə torpaqlarının müəyyən adamlar arasında bölüşdürülməsi barədə nə deyə bilərsiniz?
- Kənddə 186 hektar yox, 160 hektar bələdiyyə torpağı var. 100 hektarı Kənd Təsərrüfatı nazirliyinin nəzdindədir və taxıl toxumçuluğu təsərrüfatı üçün istifadə olunur. 10-20 hektar sahə də ayrı-ayrı adamların istifadəsindədir.
- Şəxsən sizin istifadənizdə olan torpaq sahəsi nə qədərdir?
- Mənim adımda 10 hektar torpaq sahəsi var.
- Adamlar yığılan vergilərin hansı istiqamətdə xərclənməsi barədə hesabat tələb edirlər. Bu pullarla hansı işlər görülür?
- Hazırda kənd yollarına bir təşkilat daş tökür, yolları düzəldir. 58 min manatlıq layihədir. Abadlıq işləri aparılır».
Kərim Cəfərov isə şikayətlərdən sonra ailə üzvlərinə qarşı təzyiq göstərildiyini, bununla bağlı hüquq-mühafizə orqanlarına ərizə yazdığını deyir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər