BolgeXeber.Com » Bölgə » Beyləqanda bir qrup sakin etiraz aksiyası keçirib

Beyləqanda bir qrup sakin etiraz aksiyası keçirib

20-06-2013, 18:15
Oxunub: 4 905 Rayon sakinlərinin verdiyi məlumata görə, bu gün keçirilən aksiyanın başlanmasına səbəb rayon mərkəzindəki beşmərtəbəli binalardan birinin həyətinin su altında qalması olub.

Sakinlər İcra Hakimiyyətinə problemlə bağlı məlumat versələr də, heç bir qurum problemin həll olunmasına yardım etməyib. Demək olar ki, binanın həyətini tamamilə su basıb.

Bundan sonra həmin binanın sakinləri toplaşaraq aksiya keçiriblər. Aksiyaya digər binalarda yaşayan xeyli sayda da insan qoşulub. Vəziyyətin ciddiliyini görən rayon rəhbərliyi aksiyanın daha da böyüyəcəyini görüb polisə müdaxilə etməyi tapşırıb. Polisin müdaxiləsi nəticəsində aksiya dağıdılsa da, vətəndaşlar aksiyanı pərakəndə şəkildə davam etdirirlər və növbəti günlərdə də yenidən davam etdirəcəklərini deyirlər.

Məlumatda o da bildirilir ki, aksiyaya çıxan vətəndaşların əksəriyyəti qadınlar olub və hazırda şəhər icra nümayəndəsi Azil Aslanov aksiyaçılarla danışıq aparır. O, vətəndaşlara vədlər verərək aksiyanı dayandırmağı xahiş edir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov isə qaynar.info-ya açıqlamasında aksiya ilə bağlı xəbərləri təkzib etdi. O bildirdi ki, rayonda belə bir hadisə baş verməyib: "Belə bir şey olmayıb. Nə də bizdə bu barədə məlumat yoxdur. Olmayan şeyi necə yaymaq olar axı".

Qeyd edək ki, məsələ ilə bağlı şəhər icra nümayəndəsi Azil Aslanovla dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, o, zənglərimizi cavabsız buraxdı.

Bolgexeber.com