BolgeXeber.Com » Bölgə » Kür yenə dəli ola bilər –Foto

Kür yenə dəli ola bilər –Foto

12-05-2011, 16:10
Oxunub: 7 386
Kür ətrafı bəndlərdə su sızmaları başlayıb


“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri Saatlı, Sabirabad və Şirvanda yeni qurulmuş bəndlərin monitorinqini aparıblar. Qərargahın mətbuat xidmətindən Bolghexeber.com-a daxil olan məlumatda bildirilir ki, 2010-cu ilin yazında baş verən daşqınların nəticələrinin aradan qaldırılması və növbəti daşqınların təkrarlanmaması istiqamətində görülən işlərdən biri də Sarısu gölü, Kür və Araz çayları boyunca bəndlərin qurulması olub. Bu məqsədlə Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 saylı sərəncamı ilə Sarısu gölü ətrafında olan dağılmış torpaq bəndlərinin bərpası və yenidən qurulması üçün 17,7 milyon manat, sel sularından dağılmış digər bəndlərin bərpası və yenidən qurulması üçün 9,2 milyon manat vəsait ayrılıb (maddə 6).

Ötən bir il ərzində Kür və Araz çayları sahillərində aparılan bəndvurma və sahil bərkitmə işlərini monitorinq etmək üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri Saatlı, Sabirabad və Şirvan bölgəsində olublar. Aparılan monitorinqlər zamanı bəlli olub ki, Sabirabadın Dadaşbəyli kəndi yaxınlığında Kür çayının ətrafında qurulan bəndlərdə su sızmaları var. Su sızmaları əsasən yaxın ərazilərdən gətirilmiş yumşaq torpaqlar hesabına qurulmuş bəndlərdə müşahidə edilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri su sızmaları baş vermiş bəndlərin şəkillərini çəkib və bu barədə Fəlakətlə bağlı yaradılmış Hökumət Komissiyasına məlumat vermişdilər. Yaxın ərazilərdən gətirilmiş yumşaq torpaqlar hesabına qurulmuş, kifayət qədər bərkidilməmiş bəndlərin ilk gündən, çaylarda suyun səviyyəsi artmamış su buraxması və sızması bir daha göstərir ki, sahil bərkitmə işləri kifayət qədər etibarlı aparılmayıb. Bu bəndlərin yaxın gələcəkdə yağıntıların və çaylarda su sərfinin artacağı müqabilində təzyiqlərə davam gətirəcəyi şübhəli görünür. Halbuki, həm 2003- cü ildən 2010- cu ilə qədər, həm də ötən il Nazirlər Kabinetinin 09 iyul tarixli sərəncamı əsasında Kür və Araz çaylarında sahil bərkitmə və bəndvurma işləri üçün kifayət qədər vəsait ayrılıb. Bu vəsaitlər hesabına görülən işlərin keyfiyyəti göz qabağında olsa da vəsaitlərin həcmi və xərclənmə təyinatı barədə ictimai məlumatlandırma qeyri-kafi səviyyədədir.

Xatırladaq ki, son illər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları sahillərində bəndvurma işlərinin aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənmə təyinatı ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir müddət öncə Meliorasiya və Su Təsərrüfatı ASC- nə rəsmi informasiya sorğusu göndərib. Qərargahın koordinatoru Oqtay Gülalıyevin Meliorasiya və Su Təsərrüfatı ASC- nin sədri Əhməd Əhmədzadəyə ünvanladığı sorğuda aşağıdakı suallara cavab istənilib və hələ ki, sorğu cavablandırılmayıb;

- Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, o cümlədən Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bənd vurma işlərinin yerinə yetirilməsi, Ehtiyat Su Anbarlarının təmir edilməsi və s. istiqamətdə 2003- cü ildən bu günə qədər nə qədər vəsait ayrılıb? Bu vəsaitlərdən hansı hissəsi Meliorasiya və Su Təsərrüfatı ASC- nin xətti ilə xərclənib?

- Ayrılan vəsaitlərlə konkret hansi işlər görülüb və ayrı- ayrı istiqamətlərə hansı həcmdə vəsait xərclənib?

- 2010- cu ilin yazında Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 s saylı sərəncamının tələblərinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı ASC konkret olaraq hansi işlər görüb, bu işlər harda görülüb və bu məqsədlə nə qədər vəsait xərclənib?

- Kür və Araz çayları boyunca 1 km bəndin vurulması üçün nə qədər vəsait xərclənib?

- Bəndvurma və sahil bərkitmə işlərinə hansı şirkətlər cəlb edilib?

- Podratçı şirkətlərin işinə hansı qurum texniki nəzarət edir?

- 2010- cu ilin yazında baş verən daşqınlar zamanı keyfiyyətsiz bəndlərin dağılmasına görə indiyə qədər kimlərsə məsuliyyətə cəlb edilibmi?