Quba avtobazası necə tar-mar oldu
5-07-2013, 10:15
Oxunub: 6 067
Rəhbərliklə çəkişən səhmdarlar məhkəmə yollarında qalıb
Arif Əliyev: «Səhmdarların iclaslardakı iştiraklarını təsdiqləyən videogörüntülər var»
“Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ATSC) mülkiyyətçiləri onlara çatmalı olan səhmlərin Cəmiyyətin sədri Arif Əliyev tərəfindən mənimsənildiyini deyirlər. Quba səhmdarlarının sözlərinə görə, Milli İstiqlal Partiyasının üzvü olan Arif Əliyev səhmçiləri olduqları Quba avtobazasını hissə-hissə sataraq onlara çatası olan paylarını mənimsəyib. Səhmdarlar yazırlar:
“Arif Əliyevin Cəmiyyətin zəhmətkeş, qanuni üzvlərinin halal əmlakını, səhmlərini mənimsəyərək satması, bu yolla varlanması bir həqiqətdir. Onun cinayət əməllərindən 2010-cu ildə Zakir Qaralova yazdıq. Şikayətimiz əsasında prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onun barəsində Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi başladı. Quba rayon Məhkəməsində Arif Əliyev barəsində hökm çıxarıldı. Buna baxmayaraq o, öz əməllərini davam etdirərək ATSC-nin qalan əmlaklarını da biz səhmdarların xəbəri olmadan saxta sənədlər əsasında satdı. Belə ki, ATSC-də avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30 min manat dəyərində olan təmir sexini, 60 min manat dəyərində olan mağazaları, əlvan metaldan inşa edilmiş 20 min manat dəyəri olan anbarları, 20 min manat dəyərində ikimərtəbəli inzibati binanı, 70 min manat dəyərində olan 17 ədəd İkarus markalı sərnişin avtomaşınlarını və yük qarajında olan 80 min manat dəyərində tikililəri və daşınar əmlakları mənimsədi. ATSC-nin əsas səhm paketlərinin sahibləri olsaq da, Arif Əliyev və oğlu Kamran Əliyev razılığımızı almayaraq, məlumat verməyərək, saxta protokollar və saxta alqı-satqı müqavilələri tərtib edərək mağazalarımızı, qeyd etdiyimiz əmlakları satmaqla bizə bizə 280 min manat zərər vurub”. Bunu sayı 100-ü ötən səhmdarlar yazır.
“Gördüyünüz bu boş ərazi, hansı ki, o adam zibilliyə çevirib, bu günə salıb, Quba avtobazasının ərazisi olub. İndi də bu torpaqlara sotu 3 min manatdan müştəri axtarır. Biz də deyirik ki, buralar satılırsa, Səhmdar Cəmiyyətin üzvü kimi bizim də fikrimiz nəzərə alınmalıdır”.
Bunu isə Cəmiyyətin üzvü Sadıq Mehdiyev deyir. Əvvəllər Quba avtobazası kimi fəaliyyət göstərmiş müəssisə 1998-ci ildə özəlləşərək səhmdar cəmiyyətə çevrilib. Cəmiyyətin 140 üzvü olub. Sadıq Mehdiyevin sözlərinə görə, Quba avtobazasında işləyən səhmdarlar bir günün içərisində Cəmiyyətin sədri Arif Əliyev tərəfindən səhmindən məhrum olub və işdən çıxarılıb. Avtobazanın əmlakı dağıdılıb, ərazisinin bir hissəsi satılıb, bir hissəsi də hazırda satışa çıxarılıb.
Cəmiyyətin başqa üzvü Azər Ələkbərov Cəmiyyətin sədri Arif Əliyevin avtobazanın əmlakını taladığını deyir: “27 ildən çox Quba avtobazasında dispetçer, istismar şöbə rəisi və qaraj rəisi işləmişəm. 2010-cu ilin sentyabr ayında Arif Əliyev məni səbəbsiz işdən çıxartdı. Avtobaza 1939-cu ildə yaradılmışdı. Qubada böyük iqtisadi əhəmiyyəti olub. 5 hektar sahəsi var idi. Gördüyünüz kimi, 1 hektarında yanacaqdoldurma məntəqəsi tikilib. Elə həmin ərazidə də özünə ev tikib”.
Cəmiyyətin başqa üzvü: “Cəmiyyətin keçmiş sədri Tahir müəllim Arif Əliyevi bizə təqdim edəndə Arif Əliyev dedi ki, Heydər Əliyevin komandasında işləmişəm, çox yerlərə əlim çatır, burda işləri quracağam, camaata çörək verəcəyəm. Biz də rayon adamıyıq, çox yerə əlimiz çatmır. Düşündük ki, bu adam avtobazaya təzə avtobuslar alar, avtobus parkımız təzələnər. Sonra gördük ki, bizi aldadır, vaxt udur. Əksinə, olan-qalanımızı satdı, yerinə də heç nə gətirmədi”. Cəmiyyətin keçmiş sədri Tahir Məmmədov deyir ki, 1990-cı ildə Quba avtomobil dəstəsinin rəisi işləyib. Sonradan müəssisə genişləndirilib və avtobazaya çevrilib. 1998-ci ildə avtobaza özəlləşdirilib və ASC-yə çevrilib. O da Cəmiyyətin sədri olub. 2006-cı ildə xəstəliyi ilə əlaqədar sədrliyi Arif Əliyevə ötürüb. Onun sözlərinə görə, sonradan Arif Əliyev Cəmiyyətə məxsus olan səhmlərin böyük hissəsini saxta yolla ələ keçirib.
Tahir Məmmədov: “İndi də mənim əmlakımı satmağa başlayıb. bu gördüyünüz yer yük maşınları bazası olub. Burda 140-150 yük maşını dayanırdı. Buranı Kislovodsk aliminum modeli ilə tikdirmişdim. Yanında da yeməkxana tikdirmişdim. Bir də gəlib gördüm ki, hər şey yerlə yeksan olub, Arif Əliyev burda heç nə saxlamayıb, hamısını söküb dağıdıb. 3 hektar yerdə də ferma, yanacaqdoldurma filan tikdirib. Avtobazadan əsər-əlamət qalmayıb”.
“Quba-Nəqliyyat” Açıq Səhmdar Cəmiyyətin sədri Arif Əliyev isə Tahir Məmmədovun 5 il əvvəl öz ərizəsi ilə sədrlikdən istefa verdiyini deyib: “İşçilərin çoxunu sürücülər təşkil edib. Onların da yaşı 70-i ötdüyünə görə işdən çıxarılıblar. Cəmiyyətin isə fəaliyyəti ümumiyyətlə dayandırılıb. Cəmiyyətin fəaliyyəti Nəqliyyat Nazirliyi tərəfindən dayandırıldığı üçün 2 ildən artıqdır ki, nəqliyyat fəaliyyəti göstərmirik. Ona görə də bütün işçilər ixtisara salınaraq Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Uğurlu yol” şirkətinin sərəncamına göndərmişik. Biz ümumiyyətlə, hazırda heç bir xidmət göstərmirik. Avtomaşınlara gəlincə, Bakı-Quba nəqliyyatını təzələyiblər. Köhnə maşınları xətdən çıxarıb xəttə yeni avtomaşınlar buraxıblar”.
Səhmdar Cəmiyyətin sədri deyir ki, səhmdarlar bundan əvvəl də Əmək Müfəttişliyinə, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət ediblər, fəaliyyəti 15 aya yaxın araşdırılıb. Məhkəmə Səhmdar Cəmiyyəti 1500 manat cərimələyib, başqa iddialar isə təsdiqini tapmayıb. Onun sözlərinə görə, 5 ildə çoxsaylı iclaslar keçirib və səhmdarların iclaslardakı iştiraklarını təsdiqləyən videogörüntülər var. Səhmdarlarla Cəmiyyətin sədri arasında məhkəmə çəkişmələri davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər