BolgeXeber.Com » Bölgə » Qubanın İcra başçısı yerli əhalinin pay torpaqlarına da tamah salıb

Qubanın İcra başçısı yerli əhalinin pay torpaqlarına da tamah salıb

9-07-2013, 11:25
Oxunub: 5 442 Qubada qubalılar nadir eksponata çevrilir


Redaksiyamıza Qubadan daha bir şikayət məktubu ünvanlanıb. Xatırladaq ki, dünən Quba torpaqlarının Bakıdakı əmlakçılar tərəfindən satışa çıxarılması xəbərini vermişdik və bildirmişdik ki, paytaxtın alqı-satqı bürolarına Quba torpaqları birbaşa olaraq Qubanın icra başçısı Mübariz Ağayevin adamları tərəfindən təqdim olunub.

Daxil olan məktubda isə Quba sakinləri bildirir ki, onlara aid pay torpaqları, hansılar ki, səfalı təbiətə malikdir, həmin ərazilər də müxtəlif bəhanələrlə icra başçısının adamları tərəfindən ələ keçirilməkdədir.

Qubalılar yazır: «Həmin torpaq sahələri çox ucuz qiymətə yerli əhalidən satın alınır. Sakinlər müxtəlif üsullarla bu addımın atılmasına vadar edilir. Artıq bu hal kütləvi xarakter alıb. Belə gedərsə, Qubada qubalı qalmayacaq, nadir eksponata çevriləcək».

Onu da bildirək ki, artıq dia.az əməkdaşları Bakıdakı əmlakçı-dəllallarla Qubadan torpaq alma bəhanəsi ilə söhbətlər aparıblar. Bir neçə maklerlə aparılan danışıqlardan da aydın olub ki, Qubanın istənilən bir səfalı guşəsindən onlar torpaq təqdim edə bilirlər.

Mövzu ilə bağlı bütün əlaqədar şəxsləri dinləməyə hazırıq.