BolgeXeber.Com » Bölgə » LƏNKƏRANDA XOCALI SOYQIRIMI QURBANLARI YAD OLUNUB

LƏNKƏRANDA XOCALI SOYQIRIMI QURBANLARI YAD OLUNUB

27-02-2021, 10:00
Oxunub: 523 Çağdaş Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da şəhərin mərkəzində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı Ana heykəli qarşısında  anım mərasimi keçirilib.  Pandemiya ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə keçirilən mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri növbə ilə abidə-kompleksi önünə yaxınlaşaraq gül-çiçək dəstələri düzməklə faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.  
Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər təşkil olunub. Bu münasibətlə keçirilən onlayn sərgi-müsabiqəsində Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Boladi kəndindən olan Şəhid İsmayılov Taleh Səndəl oğlunun övladı, Boladi kənd 1 saylı məktəbin 3-cu sinif şagirdi Yusif İsmayılov səsləndirdiyi şeirə görə birinci yerə layiq görulub. Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında isə faciə qurbanlarına həsr olunmuş audio-video kompozisiyanın təqdimatı keçirılib. Audio-video kompozisiya teatrın rəsmi facebook səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə Lənkəran şəhərinin mərkəzi ərazilərində yayımlanıb. Xatirə günü ilə əlaqədar Lənkəran şəhərində, kənd və qəsəbələrdə dövlət bayraqları endirilib, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.