BolgeXeber.Com » Bölgə » Xızıda MƏMUR ÖZBAŞINALIĞI... - Vətəndaş şikayət etdiyinə görə...

Xızıda MƏMUR ÖZBAŞINALIĞI... - Vətəndaş şikayət etdiyinə görə...

9-04-2021, 14:34
Oxunub: 512 “İki uşağım serebral iflicin ən ağır formasını yaşayır, hökumətsə onların sosial müavinətini kəsib. İki aydır ki, dərmanlarını ala bilmirəm, böyük oğlum başını döşəməyə çırpır, çünki dərman qəbul etmir”.

Dia.az xəbər verir ki, bunu Xızı rayonunun Sitalçay kənd sakini Səidə Bağırova deyir. Səidə xanımın həyat yoldaşı həbsdədir, 4 uşağa təkbaşına baxır. İki övladı serebral iflicin ağır formasından əziyyət çəkir. Ana deyir, əvvəl 18 yaşlı oğlu Talehin sosial müavinəti kəsilib. Onun Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu göndərməsindən sonra 6 yaşlı Aminin də sosial müavinəti ləğv edilib.

“İkisi məktəblidir, digər ikisi serebral iflicdən əziyyət çəkir. Birinin 6, digərinin 19 yaşı var. Hər ikisinə görə sosial müavinət ödənilirdi. Böyük oğlumun 18 yaşı tamam olan kimi sosial müavinətini kəsdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə müraciət etdim. Bildirdilər ki, 18 yaşı tamam olduğuna görə ona sosial müavinət düşmür. Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Bundan xəbər tutub, acığa düşüb digər uşağın da sosial müavinətini kəsdilər”, - ana danışır.

Ailəyə əvvəllər ünvanlı sosial yardım da təyin olunubmuş. Ancaq bir müddət sonra o da kəsilib. Səbəb kimi ailənin istifadəsində pay torpağının olması göstərilib. Səidə Bağırova Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə qarşı iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib. Cavabdeh tərəfin nümayəndəsi məhkəmədə bildirib ki, iddiaçı ünvanlı sosial yardımın təyin olunması üçün müraciət edərkən məlumatları yarımçıq təqdim edib. Ailənin istifadəsində pay torpağı olduğu aşkar edilib, üstəlik, vətəndaş istifadə etdiyi mobil telefon nömrəsi üzrə son 1 ilin xərclərini bəyan etməyib. Buna görə də ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilib. Məhkəmə cavabdeh tərəfin izahatını əsas götürərək vətəndaşın iddiasını təmin etməyib. Ünvanlı sosial yardımın təyinatında imtina olunarkən ailənin əlil üzvləri də nəzərə alınmayıb.

“Çox şəraitsiz, imkansız bir vəziyyətdə, təkbaşına dörd uşaqla qalan bir ananın son nəfəsliyini də əlil uşaqlara görə verilən sosial müavinətləri kəsməklə dövlət qapatdı. Dediyim kimi, yoldaşım həbsxanada, özümsə əlil uşaqlara baxıram deyə, işləyə bilmirəm. Böyük uşağın gözləri görmür, dərman alıb verə bilmirəm deyə, başını döşəməyə çırpır, ağzı-burnu həmişə qan içində olur. Müraciət elədim, dedilər ki, hər ikisi təzədən komissiyadan keçməlidir. İnanın ki, 1 ildir Xızıyla Xırdalan arasında qalmışam. O, bunun üstünə göndərir, bu, onun üstünə... İki xəstə uşağı Xızıdan Xırdalana, Xırdalandan Xızıya daşıyıram. Qışqırırlar, başlarını yerə, göyə çırpırlar. Deyirəm, özünüz də görürsünüz ki, bu uşaqlar ağır formalı serebral iflicdilər. Necə insafınız yol verir ki, bu tifilləri 1 ildir süründürürsünüz? Azı 5-6 dəfə Xırdalana VTEK-ə aparmışam, 7-8 dəfə komissiyadan keçiblər, apar o xəstəxanaya, apar bu xəstəxanaya... Bir qovluq sənəd yığdırıblar mənə. Gözləri görmür, əllləri tutmur, ayaqları yerimir bu uşaqların. Özləri də görürlər ki, suyu zorla boğazlarına tökürəm. Altlarını batırırlar, hər gün sudurğaları tutur. Bununla belə, deyirlər ki, apar xəstəxanaları gəzdir”, şikayətçi danışır.

Səidə Bağırova deyir ki, iki ay əvvələdək anası öz pensiyasını uşaqların dərmanlarına xərcləyirmiş. İndi dərman da ala bilmirlər: “Anam da yaşlı insandır, astmadan əziyyət çəkir. Yazıq arvad öz dərmanlarını almır, pensiyasını bizə verir ki, uşaqlar dərmansız qalmasın. İndi özünün də vəziyyəti ağırlaşıb deyə, pensiyası öz müalicəsinə gedir. İki aydır ki, uşaqlar dərmansız qalıb. Halbuki, uşaqlar o dərmanları gündəlik qəbul etməlidir. Demək olar ki, bu uşaqlar elə ac-susuz yatıb-durur. Dörd uşağın qarnını necə doydurum? Bir tərəfdən dərman yox, bir tərəfdən də aclıq...”