BolgeXeber.Com » Bölgə » Şəhid Qənbərli Qənbər Tərtər rayonunun Kəngərli kəndində dəfn olundu

Şəhid Qənbərli Qənbər Tərtər rayonunun Kəngərli kəndində dəfn olundu

23-05-2021, 10:30
Oxunub: 3 384 Bu gün Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, 1993-cü il təvəllüdlü Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu Kəngərli kəndində torpağa tapşırıldı.
Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
Mərasimdə rayon rəhbəri bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik. Qənbər kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhramanlıq nümunəsi olacaq”.
Sonra icra başçısı Müstəqim Məmmədov Azərbaycanın Dövlət Bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Rayon rəhbəri həmçinin dəfn mərasimi keçirilən məzarlıqda dəfn olunan digər şəhidlərin də məzarlarını ziyarət edib.