BolgeXeber.Com » Bölgə » Balakən və Zaqatalada insanlar qışı küçələrdə keçirəcək

Balakən və Zaqatalada insanlar qışı küçələrdə keçirəcək

26-07-2013, 17:15
Oxunub: 5 309 Zəlzələdən zərər çəkənlərin əksəriyyətinə evlərin tikilməsi prosesi dayandırıldı, icra başçıları oyun oynayır

Hələ bir xeyli əvvəl Zaqatala, Balakən və Qax rayonlarında baş vermiş zəlzələ nəticəsində yüzlərlə ev dağılmış və bir o qədəri də yaşamaq üçün yararsız hala düşmüşdü. Bununla əlaqədar dövlət tərəfindən 20 milyon manat pul aylırmışdı ki, bu vəsait də qısa müddətdə yeni evlərin tikilməsi və bərpası üçün nəzərdə tutulmuşdu.

Bu məqsədlə daha 300 milyon manat da vəsait ayrılıb ki, bu da birbaşa bölgənin yenidən qurulması üçün nəzərdə tutulub. Lakin büdcədən ayrılmış bu pullar yerli icra başçılarının əsas gəlir mənbəyinə çevrilib. Xüsusən də Zaqatala və Baləkən rayon İcra Hakimiyyətlərinin başçıları əhali üçün nəzərdə tutulan evləri inşa etmək əvəzinə, onları kosmetik təmir etməklə kifayətləniblər. Üstəlik, iş o həddə çatıb ki, bu təmir işləri də düzgün aparılmayıb. Artıq əksər evlərdə çatlar və problemlər meydana gəlməyə başlayıb.

Jam.az-ın əldə etdiyi məlumata görə, Zaqatala və Balakən rayonunda bundan sonra zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yeni mənzillərin tikintisi dayandırılıb. Bu barədə məlumat verən rayon sakinləri bildiriblər ki, Bakıdan gəlmiş komissiyanın üzvləri son yoxlamalardan sonra yerli İcra Hakimiyyətlərində müşavirə keçiriblər. Bunun ardından isə İcra Hakimiyyətinin rəsmiləri əhaliyə məlumat verib ki, bundan sonra heç kim ev tikintisi ilə bağlı onlara müraciət etməsin. Çünki zəlzələ ilə bağlı zərərçəkənlər üçün yeni evlərin tikilməsi və təmiri dayandırılıb.

Lakin gələn xəbərlərdən belə məlum olur ki, adları çəkilən rayonlarda zəlzələdən zərər çəkmiş ailələrin sayı xeyli çoxdur. Və onlar üçün nəinki ev tikilib, hətta təmir işləri belə aparılmayıb. Bu isə qarşıdan gələn payız və qış aylarında onların evsiz qalması deməkdir. İddialara görə, tikintinin dayandırılması icra başçılarının oyunudur. Və bu oyununu başında isə daha çox pul qazanmaq marağı dayanır.
Bolgexeber.com