BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı səhvinə görə vəzifədən çıxarıla bilər

Tərtərin icra başçısı səhvinə görə vəzifədən çıxarıla bilər

30-07-2013, 12:00
Oxunub: 4 259 Ceyhun Cəfərovun buraxdığı bir səhv ona baha başa gələ bilər, rayonda Heydər Əliyevin heykəli tualetin yerində inşa olunduğu iddiası var

Bu yaxınlarda Qarabağətrafı rayonlara səfərləri gözlənilən prezident İlham Əliyev bir neçə rayonda olsa da, Tərtərə baş çəkmədi. Halbuki Tərtərdə yeni qurulmuş bir sıra obyektlər var idi ki, onların açılışları üçün ciddi hazırlıq görülmüşdü. Amma dövlət başçısının icra başçısı Ceyhun Cəfərovun başçılıq etdiyi rayondan geri dönməsi bir müddət sual olaraq qaldı.

Jam.az-ın araşdırmalarına görə, əslində, bu səfərin reallaşmamasının səbəbi heç də bəsit deyilmiş. Daha doğrusu, bu barədə yayılmış məlumatlara əsasən Tərtər rayonunda Heydər Əliyevin heykəlini qoydurmaq istəyən icra başçısı Ceyhun Cəfərov münasib yer tapa bilməyib. Nəticədə, heykəlin ucaldılacağı ərazidəki ayaqoylunun yeri münasib bilinib. Bu barədə təklifi icra başçısının keçmiş müavini Vidadi Bəylərov versə də, icra başçısı qərara etiraz etməyib. Və tikinti işləri başlayıb. Amma məsələ sonradan prezidentə çatdırılıb ki, o da vəziyyəti bildiyindən Tərtərə baş çəkməyib.

Bəzi bilgilərə görə, Ceyhun Cəfərovun bu hərəkətindən sonra onun işdən çıxarılmasından tutmuş, həbsinə qədər tədbirlərin görülə biləcəyi ehtimalları var. Sadəcə, bunun üçün əlverişli məqam gözlənilir. Seçki ərəfəsində hansısa icra başçısının həbsi hakimiyyətə sərf etmədiyindən gözləmə mövqeyindədir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.