Sumqayıtda hansı məmur,hansı məmurun qohumudur?
8-08-2013, 10:50
Oxunub: 13 397
“Yol verin qudam gəlir”
Ölkə mətbuatında tez-tez Azərbaycanda məmurların qohumluq əlaqələri ilə bağlı yazılar dərc olunur və bir qayda olaraq “məmur qohumlar” mövzusu oxucuda böyük maraq doğurur. Müşahidələr göstərir ki, məhz məmurların və imkanlı şəxslərin bir-biri ilə qohumluq əlaqələri onların yerlərdə “əl-qol açmasına” şərait yaradan amillərdən biridir. Azərbaycanda məmurların qohumlaşması, qohumların məmurlaşması prosesi genişlənir.
Son zamanlarda məmurların adları mətbuatın gündəmində müxtəlif xəbərlərdə hallanır. Ən maraqlısı isə tez-tez iki məmurun ya da deputatların quda və qohum olması xəbərləridir
Ölkənin ikinci şəhəri olan Sumqayıt da bu baxımdan istisna deyil.Belə ki, burada da qohumluq telləri ilə bağlı olan ,şəhər daxilində, həm də hakimiyyətin daha yüksək postlarında qərar tutan məmurlar kifayət qədərdir. Qeyd edək ki, Sumqayıtın icra başçısılarının həmişə şəhərdəki oliqarxlarla hesablaşmaq məcburiyyətində qalması da ölkə mətbuatında neçə illərdir səslənən fikirlərdəndir.
Qafqaznews.az həmişə gündəmdə olan “məmur qohumlar” mövzusu ilə bağlı apardığı araşdırmanın nəticələrini oxuculara təqdim edir.
“Yol verin qudam gəlir”
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt şəhər icra başçısının müavini vəzifəsində çalışıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Digər qardaşı İlyas Həsənov isə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər icra hakimiyyətində müavin vəzifəsində çalışır.
Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovun spiker Oqtay Əsədovla çox yaxın qohumluq əlaqəsinə malik olduğu bildirilir. O da söylənilir ki, Müşfiq Əsədov “Azərsu”nun vitse-prezidenti Mirkamil Seyidovun bacısı oğludur. Daha bir qohumluq əlaqəsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur. Sumqayıt Texnologiyalar Parkının qurulmasında yaxından iştirak edən “Azinko” tikinti şirkətinə başçılıq edən Malik Həsənovun isə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu olduğu söylənilir.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.
Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovla Sumqayıt şəhər icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Ərazi maliyyə müfəttişliyinin rəisi vəzifəsində çalışan Akif Zeynallı qudadırlar. Onun İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfir işləyən oğlu Əkrəm Zeynallı Abşeron rayon icra hakiminin böyük qızı ilə evlidir. Zakir Fərəcovu həm də Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevlə qohumluq telləri birləşdirir. Belə ki, Zakir Fərəcovun ortancıl qızı Cəmil Quliyevin oğlunun həyat yoldaşıdır. Cəmil Quliyevin Müşfiq adlı oğlu 3 saylı Mənzil İstismar Sahəsinin rəisidir.
Mərkəzi bazarın və “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəisi işləmiş, hazırda isə millət vəkli olan Nazim Fərəcovun qızını alıb. Deyilənlərə görə, Nazim Fərəcovun oğlu Sumqayıt şəhər Məhkəməsində hakim köməkçisidir. Akif Zeynallının digər oğlu Kənan “AtaBank”ın Sumqayıt filialının müdiridir.
Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Tariyel Hacıyev 1989-1991-ci illərdə Azərbaycanın baş nazirinin müavini işləmiş və Qarakənddə vurulan vertolyotda həlak olmuş Zülfü Hacıyevin qardaşıdır. Sumqayıt şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinini baş məsələhətçisi Seyfəddin Rəhimovun oğlu Samir Rəhimov “Bank of Baku”nun Sumqayıt filialının müdiridir.
Sumqayıt Univermağının sahibi Zaman İsgəndərovun əvvəllər təhsil nazirinin müavini işləmiş qardaşı İsgəndər İsgəndərovun qızı 44 saylı bağçanın müdiridir. Z.İsgəndərovun Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun dayısı olduğu bildirilir. Razim Məmmədov Sumqayıtda fəaliyyət göstərən “Real” klinikasının sahibidir. Z.İsgəndərovun qızı Sevda Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimidir. Qardaşı qızı isə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin (keçmiş “Dom Pioner”in) direktorudur.
Sumqayıt Çörək zavodunun sahibi Tofiq Hüseynovun oğlu isə Sumqayıt şəhər İcra Hakimiyyətində birinci müavin vəzifəsində işləmiş Nəbi Nəbiyevin qızı ilə evlidir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əbülfəz Hənifəyevi şəhər icra hakimiyyətinin Əsaslı İnşaat İdarəsinin rəisi Rafiq Hacıyevlə qohumluq telləri birləşdirir. Deyilənlərə görə, Əbülfəz Hənifəyevin oğlu Rafiq Hacıyevin qızını alıb.
Vergilər nazirinin 1-ci müavini sumqayıtlı Natiq Əmirov “Azərikimya” İstehsalat Birliyinin baş energetiki İslam İslamovun kürəkənidir.
Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt filialının, bacısı qızı isə Sumqayıt Dövlət Texniki Kollecinin direktorudur.
Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, “Sumqayıtistiliktəchizat” İdarəsinin rəisi Avtandil Nuriyev Sumqayıt Elektrik Şəbəkəsində mühüm vəzifələrdə çalışmış Tahir Məmmədovla qudadır. Avtandil Nuriyevin oğullarından biri T.Məmmədovun qızı ilə evlidir.
Sumqayıt Çörək zavodunun direktor müavini Fərəməz Bünyatovun qardaşı Əbülfəz Bünyatov Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusudur.
Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının sədri Asif İmaməliyevin iki qardaşı icra strukturlarında çalışır. Onun bir qardaşı Ayaz İmaməliyev Sumqayıt şəhər icra hakimiyyətində İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışır. Digər qardaşı Əşrəf İmaməliyev isə Sumqayıt şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətində satış üzrə rəis müavinidir.
Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğlu Ruslan Hüseynov Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsinin rəis müavinidir.
Sumqayıt Şəhər Bələdiyyəsinin sədr müavini Soltan Kərimovun qardaşı Fehruz Kərimov şəhər qəbiristanlığının müdiridir. Qeyd edək ki, bu vəzifədə əvvəllər Soltan Kərimov özü çalışıb.
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayevin qardaşı Təmreyxa Babayev isə bələdiyyədə hüquq şöbəsinin müdiridir.
Sumqayıt şəhər 41 saylı I seçki dairəsinin sədri Məzahir Süleymanov Abşeron rayon icra hakimiyyəti başçısının birinci müavini Sərviz Süleymanovun qardaşıdır. Sərviz Süleymanovun Abşeron rayonunun icra hakimiyyətinin başçısı Zakir Fərəcovla da qohumluq münasibətləri var. Həmin dairədən millət vəkili seçilmiş Sumqayıt şəhər 18 saylı orta məktəbin direktoru Leyla Abdullayevanın Sumqayıtın keçmiş icra başçısı, hazırda Mədəniyyət və Turizm nazirinin birinci müavini olan Vaqif Əliyevlə qohumluq münasibətlərinin olduğu vurğulanır.
“Dövlətqaçqınkom”un Sumqayıt şəhəri üzrə nümayəndəliyinin rəhbəri Sevindik Hüseynovun qızının 62 saylı bağçanın müdiri olduğu söylənilir. Sevindik Hüseynov MTN-nin Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədovun qohumudur. Sumqayıt şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əbülfəz Əbilovun da S.Hüseynovla qohumluq əlaqələrinin olduğu deyilir.
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsini rəisi Bayram Mazan oğlu Zeynalovun isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə qohumluq əlaqələrinin olduğu bildirilir. B.Zeynalov həmçinin DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş, bir müddət əvvəl təqaüdə göndərilən polkovnik Şərif Əsədullayevin kürəkənidir.
Deyilənlərə görə, təhsil naziri Misir Mərdanovun bir neçə qohumu Sumqayıt məktəblərində çalışır. Bunlardan 8 saylı məktəbin, 27 saylı məktəbin, 36 saylı məktəbin və “İstedad” liseyinin direktorlarını göstərmək olar. Təhsil nazirinin Sumqayıt məktəblərində direktor vəzifəsində çalışan qohumları bununla bitmir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər