BolgeXeber.Com » Bölgə » Misir Mərdanovun menyusuna

Misir Mərdanovun menyusuna

25-05-2011, 16:40
Oxunub: 5 053
Şamil Nurəliyev: “Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun haqqını vaxtında çatdırmasam, yoxlama, yoxlama dalınca gələr”

Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı görüntülü mübarizə başlayıb. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar rüşvətxorluqdan, korrupsiyadan əl çəkə bilmirlər. Maraq üçün qeyd edək ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələlik əyalətlərə gəlib çatmayıb.

Misal kimi, Saatlı rayonunu göstərmək olar. Adıçıkilən rayonda hətta körpə uşaqlara da rəhm edilmir. Uşaq bağçalarına verilən ərzağın 55 faizi mənimsənilir, qalan 45 faizin isə pulu verilir. Saytımıza məlumat verən qaynağın sözlərinə görə, ərzaq məhsulları Rayon İstehlak Cəmiyyəti tərəfindən verilir: “Rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev deyir ki, saxlanılan ərzaq məhsullarının pulu hər ayın sonunda rayon icra hakimiyyəti, maliyyə idarəsi, təhsil şöbəsi və istehlak cəmiyyəti (keçmiş raypo) rəhbərləri arasında bölüşdürülür. Şamil Nurəliyev açıq şəkildə bəyan edir ki, tez-tez Təhsil Nazirliyindən rayona qonaqlar gəlir. Payın-parçasın, pulun verməsəm mənə bir gün də olsun işləməyə imkan verməzlər”.

Qaynağın bildirdiyinə görə, bu gün Saatlıda demək olar ki, heç bir uşaq bağçasında mətbəx yoxdur. Çünki bişirməyə hansısa ərzaq verilmir. Uşaq bağçalarına gələn uşaqların sayı cəmi 6-8 nəfərdir. Rayonda təhsilin də səviyyəsi bu gündədir. Şamil müəllimin yaxın qohumunun direktor olduğu Uşaq Gənclər İdman Məktəbinin yalnız adı var. Məktəbin kəndlərdə filialları da fəaliyyət “göstərir”. Dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi Şamil müəllimə çatır. Rayon şahmat məktəbinda də vəziyyət belədir.

Ş.Nurəliyevin yaxın dostu olan şahmat məktəbinin direktoru şahmat oynaya bilimir. Rayon texniki yaradıcılıq mərkəzinində də vəziyyət acınacaqlıdır. Əslində Şamil müəllim üçün bu çox xoşdur. Çünki həmin yaradıcılıq mərkəzinin içilərinə adlarına yazılan əmək haqqının yalnız 30 faizi verilir. Ş.Nurəliyev deyir ki, qazandığımın hamısı mənə qalsaydı nə dərdim. “Hər ay Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun haqqını vaxtında çatdırmasam, yoxlama yoxlama dalınca gələr. Hələ o birilərini demirəm”.

Rayon şahmat məktəbinin və rayon uşaq gənclər idman məktəbinin yarandığı gündən bu vaxta qədər heç bir yetirməsinin olmamasının da əsas səbəbi bu məktəblərin yalnız kimlərinsə gəlir mənbəyi kimi istifadə obyektlərinə çevrilməsidir.

“Saatlıda təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə də məlumdur. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir. Ancaq rayonda adı olub fəaliyyəti olmayan təhsil müəssisələrindən hər ay əldə olunan müftə pullar hamının gözlərini bağlayıb,dillərini lal edib. Birdə ki, Şamil müəllimin qayınatasının yaxın qohumları son anda onun köməyinə çatır, nöqsanları ört-basdır etdirirlər. Əziyyət çəkən, savadsız böyüyən isə azərbaycanlı balaları olur” –deyə rayon sakinləri saytımıza bildirirlər.