BolgeXeber.Com » Bölgə » Hüsənli kəndində şəhidlərin xatirəsinə tikilmiş abidənin və xatirə bulağının açılışı olub

Hüsənli kəndində şəhidlərin xatirəsinə tikilmiş abidənin və xatirə bulağının açılışı olub

13-12-2021, 10:05
Oxunub: 3 464 Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bolgexeber.com xəbər verir ki, tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Bildirib ki, Vətən müharibəsində beynəlxalq hüquq normalarını pozaraq düşmən dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Sonra rayon rəhbəri abidənin inşaasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında xalqımızın sıx birləşdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanını yerdə qoymadığını bildirib, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb.

Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Sabunçu rayon 215 saylı tam orta məktəbin direktor müavini Taleh Cavadov, abidənin ərsəyə gəlməsinin təşkilatçısı Ramil Hüseynov çıxış edərək kəndin şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıblar. Şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Sonra şəhidlərin xatirəsinə tikilmiş xatirə bulağının da açılışı olub.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.