BolgeXeber.Com » Bölgə » Ucarlı məbus ölüm ayağında

Ucarlı məbus ölüm ayağında

30-05-2011, 16:15
Oxunub: 6 292 Süsanə Hüseynova: “Oğlum 40 gün olacaq ki, aclıq edir, hər an ölə bilər”

Ucar rayonu N.Nərimanov küç., ev 19-da yaşayan Hüseynova Süsanə Yusif qızı KIV nümayəndələrinə müraciət edib. Müraciətdə deyilir ki, oğlu, qanunsuz olaraq həbs olunmasına görə aclıq edən Fuad Hüseynov Penitensiar Xidmətinin Müalicə Müəssəsinin cərimə kamerasında saxlanılır. Vəziyyəti çox ağırdır.

16 kq çəki itirib,ürəyində, böyrəklərində, mədəsində şiddətli ağrılar var. “40 gün olacaq ki, aclıq edir. Hər an ölə bilər. Əgər ona bir şey olsa, mən də özümü öldürəcəyəm. Bunların da məsuliyyəti cinayətkar birlik yaratmış Ucar rayon Prokuroru M.Ağamirovun, Ucar RPŞ-nin rəsi Tahir Quliyevin və məhkəmə hakimi Çingiz İsgəndərovun üzərinə düşəcək.Artıq bu cinayət işi 7 ay 5 gündür ki, Ucar rayon Məhkəməsinin hakimi Ç.İsgəndərovun icratındadır. O, qəsdən süründürməçilik yaradıb. Burada böyük qanun pozuntusu və haqsızlıqlar var. Xahiş edirəm mənə kömək edin”.

Şərlənərək həbs edildiyini iddia edən Ucar rayon sakini, 38 yaşlı Fuad Hüseynov hələ 19 dekabr 2010-cu ildən aclıq elan edib və bu səbəbdən tezliklə Penitensiar Xidmətin xəstəxanasına düşüb. O, 14 oktyabr 2010-cu ildə xuliqanlıq (221.3-cü maddə) ittihamı ilə həbs edilib. Həbsin səbəbi həmin il iyulun 3-də guya onun Ucar rayon postunun qarşısında iki nəfəri bıçaqlaması olub.

Ananın sözlərinə görə, ittiham yalan, böhtan və şantaj əsasında qurulub, belə bir hadisə ümumiyyətlə olmayıb. Oğlunun təqibolunma səbəblərinə gəlincə, bu, 2006-cı ildə başlayıb. Həmin vaxt Fuad Hüseynovun avtomobili oğurlanmışdı. O, polisə müraciət etdi, amma həmin vaxt Ucar rayon polisinin rəisi olan Ənvər Quliyev oğruları axtarmaqdan imtina etdi. Fuadın onları tapmaq tələblərini rəis özünə qarşı hörmətsizlik kimi qəbul etdi və onlar arasında münaqişə başladı. Nəticədə 2007-ci ildə Fuad uydurma xuliqanlıq ittihamı ilə həbs edildi.

Cəza müddətinin üçdə birini çəkdikdən sonra Fuad Hüseynov azadlığa çıxıb. Lakin Ucar rayon polisinin yeni rəisi (əvvəlkinin yaxın qohumu) Tahir Quliyev təkrar ittiham uydurur.

Fuad Hüseynovun anası mətbuata, ölkə prezidentinə və onun həyat yoldaşına, ədliyyə nazirinə, DİN rəhbərinə və baş prokurorluğa oğluna kömək etmək və bu məsələni araşdırmaq xahişi ilə müraciət edib. "Oğlumu xilas etməyə kömək edin, onun aclıqdan və ədalətsizlikdən ölməsini istəmirəm".

Məsələylə bağlı vaxtı ilə məhkəmədə Fuadın əleyhinə şahidlik etmiş şəxslər də artıq növbəti prosesdə öz ifadələrini dəyişdirmək istəyirlər. məsələn, şahid Vidadi Mürsəlovun bildirdiyinə görə, Fuadın heç bir günahı yoxdur: “Mən təzyiq altında ifadə vermişəm. məhkəmədə ifadəmi geri götürəcəm. El-obanın tənəsi məni bezdirib. Ona görə də növbəti prosesdə əsl həqiqəti söyləyəcəm”.

3 saylı hüquq məsləhətxanasının hüquqşünası Fuad Hüseynovun vəkili Xədicə xanım isə bildirib ki, bu həbs olduqca ədalətsiz və hüquqi normalara ziddir. “Biz onun azadlığına nail olcaq və qanunsuz olaraq bu qədər həbsdə saxlandığı üçün Avropa Məhkəməsinə qədər gedib çıxacayıq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Fuadın həbsinin qeyri-qanuni olduğunu bildirib və onun durumunu nəzarətdə saxladıqlarını qeyd edib.