BolgeXeber.Com » Bölgə » Nazırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur

Nazırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur

1-04-2022, 11:30
Oxunub: 5 032 Qəbulda rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Nazırlı və Qaratəpə kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək ölkəmizdə gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, həmçinin Nazırlı kənd inzibati ərazisinin əhatə etdiyi kəndlərdə görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. 
Nazırlı kənd inzibati ərazi dairəsinin  əhatə etdiyi Nazırlı və Qaratəpə kəndləri qazlaşdırılıb, Nazırlı və Qaratəpə kəndlərini də əhatə edən 22 km uzunluqda Alpout-Mustafaağalı-Nazırlı yolu tikilib və asfaltlaşdırılıb, yol kənarları abadlaşdırılıb, mövcud xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, Nazırlı  kəndində 360 şagird yerlik və Qaratəpə kəndində 80 şagird yerlik modul tipli məktəblər  tikilib, hər iki kəndin 22 km uzunluqda daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənd qəbirstanlığına içməli su çəkilib, 1 ədəd içməli su üçün artezian quyusu bərpa olunub, Nazırlı kəndində 128 nömrə tutumlu elektron ATS quraşdırılaraq kəndə sürətli internet verilib. 
2021-ci ildə inzibati ərazi dairəsində 740 hektar sahədə pambıq əkilmiş, 2220 ton pambıq, 14 qutu barama bəslənərək 532 kq barama istehsal edilmişdir. Baramaçılığın inkişaf etdirilməsi üçün 2021-ci ildə ərazidə 1000 ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Cəfər Səfərov təsərrüfat yolunun hamarlanması, İradə Əzimova sakinlərin ekoloji təmiz su ilə təmin edilməsi, Fərman Nəcəfov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Hidayət Hüseynov kənddə bankomat aparatının quraşdırılması, Səməd Əbilov birdəfəlik maddi yardım göstərilməsi, Adil Rəsulov suvarma suyu verilişinin artırılması üçün kanala nasos stansiyası quraşdırılması, Güldanə Şiraslanova birdəfəlik maddi yardım göstərilməsi, Yelmar Ağalarov Qaratəpə kəndində elektron ATS quraşdırılması və kəndə sürətli internetin verilməsi barədə müraciət etmişlər.   
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.    
Kənd sakinləri torpaqlarımızın işğaldan azad edilməsinə, əhalinin sosial müdafiəsinə, kəndlərdə aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.