BolgeXeber.Com » Bölgə » Rayon rəhbərinin Mamırlı kəndində səyyar-qəbul görüşü olub

Rayon rəhbərinin Mamırlı kəndində səyyar-qəbul görüşü olub

30-04-2022, 17:06
Oxunub: 3 720 Aprelin 29-da Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Mamırlı kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı onları qarşıdan gələn müəqəddəs Ramazan bayramı  münasibəti ilə təbrik edib. Sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Mamırlı İnzibati Ərazi Dairəsi 2 kəndi əhatə edir: Mamırlı və Poladlı kəndləri.
İnzibati Ərazi dairəsinin 1168 hektar ərazisi, 494  təsərrüfatı, 2237 nəfər əhalisi, 700 hektar pay torpağı var. Ərazidə 2 məktəb, 1 tibb məntəqəsi, 2 kitabxana, 7 iaşə və 5 məişət xidməti obyekti, 1 poçt, 1 ATS, 18 ticarət obyekti  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 45 hektarda buğda, 170 hektarda arpa, 10 hektarda qarğıdalı, 20 hektarda yonca, 132 hektarda pambıq əkirlər.  Kənd sakinləri 1305 baş iribuynuzlu, 915 baş xırdabuynuzlu, 9356 baş ev quşları saxlayırlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.
Poladlı və Mamırlı kəndlərinin elektrik xətləri kabelləşdirilib. Kəndarası yolların 4200 metri təmir olunub, 3500 metr suvarma arxı təmizlənmiş, kəndlərin ərazisində 500 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakinləri Ələmdar Təhməzov, Ramiz Niftalıyev, Möhübbət İsbəndiyarov, Oruc Qocayev, Ədalət Kərimov, Kamil İsmayılov, İsa Quliyev, Cəfər Məhərrəmov və başqaları  yeni subartezian quyusunun qazılması, işlə təmin olunma, kəndarası arxların təmizlənməsi, Xan arxının təmizlənməsi, “Səlbi yeri” adlanan ərazidə yerləşən subartezian quyusunun balansa götürülüb təmir olunması, pay torpağın yolunun zəbt olunması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev sakinləri Ramazan bayramı münasibəti ilə təbrik edib, vətəndaşların müraciətlərinə öz münasibətini bildirib. O, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını, pay torpaqlarının birləşdirilərək kooperasiyalar yaradılmasını, suvarmada damcı suvarma sistemlərindən istifadə olunmasını təklif etmişdir.
Şəhid atası Asif Abbasov, kənd sakini Məhiyəddin Qəribov, Mamırlı kənd tam orta məktəbinin direktoru Məzahir Cəfərov sakinlərə, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.